Zəngilanda yaradılacaq turizm potensialı ora qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq

650

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda prezidentin xüsusi nümayəndəsinin təyin olunması ilə əlaqədar videoformatda keçirilən qəbulda Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyev çıxışında vacib məqamlara toxundu. Zəngilan rayonunun da azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qaldığını, Ermənistan işğalçı qüvvələrinin Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etdiyini, şəhərdə ancaq hərbçilərin istifadə etdikləri 1-2 salamat binanın qaldığını qeyd edən Prezident şəhər və kəndlərimizdə edilən bu dağıntıların erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərdiyini bildirdi.

Həmişə Azərbaycan xalqının, sadə ölkə vətəndaşlarının qayğısını çəkməyi özünün əsas vəzifəsi hesab edən möhtərəm Prezidentimiz yenə də azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verildiyini, azad edilmiş bütün torpaqlar kimi, Zəngilan rayonunun da bərpa olunacağını, həm də bu sahədə birinci rayon olduğunu və artıq keçmiş məcburi köçkünlərin yaxın gələcəkdə oraya qayıda biləcəklərini bildirdi.

Möhtərəm Prezidentimizin görüləcək işlərin planlı və sistemli şəkildə aparılacağını, təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf üçün bütün amillərin nəzərə alınacağını qeyd etməsi, Vətən müharibəsinin bitməsindən ötən müddət ərzində işğaldan azad edilmiş torpaqlarımızda yalnız bərpa və yeni innovativ texnologiyalara əsaslanan yenidənqurma işlərinin aparılması, dövlət başçısının təşəbbüsü ilə ərazilərdə müasir, planlı şəhərsalmanın həyata keçirilməsi dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da möhkəmləndirir, həmin ərazilərin çox tezliklə nəinki Qarabağın, eləcə də bütün regionunun ən müasir rayon və şəhərlərinə çevriləcəyinə təminat verir.

Lakin Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurmuş, əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilmiş, xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələr kütləvi surətdə qırılmış, Avropa ərazisinda ikinci ən böyük çinar meşəsi olan Bəsitçay təbiət qoruğunun böyük hissəsi məhv edilmiş, təbiətə çox böyük ziyan vurulmuşdur. Həmçinin Zəngilanın ərazisindən keçən Oxçuçay çayı da Ermənistanın ekoloji terroruna məruz qalmış, istismar edilən mis kombinatının bütün axıntıları Oxçuçaya təmizlənmədən ötürülmüşdür. Əlbəttə ki, rəsmi İrəvan törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalıdır.

Təbiətin qorunmasını ön planda görən Prezident İlham Əliyev Bəsitçay təbiət qoruğunun bərpasına da start vermiş, tarixi Zəfərdən sonra ilk dəfə Zəngilanda olanda orada ağaclar əkmişdir.

Zəngilan rayonunun çox gözəl, füsunkar təbiətinin – gözəl meşələrin, dağların, bulaqların, çayların olması ilə yanaşı tikiləcək beynəlxalq hava limanı, çəkiləcək dəmir yolu, avtomobil yolları rayonda böyük turizm potensialı yaradacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılacaq. İndi Zəngilan, Qubadlı, Laçın yolu ilə Şuşa şəhərinə də məsafə çox qısa və turizm baxımından çox rahat olacaq. Zəngilanda tikiləcək yeni otellər, yaradılacaq istirahət zonaları, inkişaf etdiriləcək kənd turizmi doğma torpaqlarımıza qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq. Möhtərəm prezidentimizin göstərişi ilə burada dünyada və xüsusilə Avropada mövcud olan ən mütərəqqi prinsiplər, ən şəffaf mexanizmlər tətbiq ediləcək və insanların rahatlığı təmin olunacaq ki, keçmiş məcburi köçkünlər tezliklə öz dədə-baba torpaqlarına qayıtsın, orada rahat yaşasınlar.

Ramiz Hüseynov, YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər