Nuranə ABBASOVA
Birləşmiş Millətlər təşkilatı Azərbaycan üçün nə deməkdir?
Hər bir azərbaycanlının BMT dedikdə ilk olaraq ağlına nə gəlir?
Təbii ki, qətnamələr. 822, 853, 874 və 884-cü qətnamələr həm Azərbaycanın, həm də BMT-nin tarixində xüsusi səhifələrdir. Azərbaycan üçün bu qətnamələrin önəmi ondan ibarətdir ki, ölkəmizin Qarabağ əhalisi bu dörd qətnamədən öz torpaqlarına, yurdlarına geri dönmək ümidi gözləyirdi. BMT-nin tarixində isə bu qətnamələr altı əsas orqandan biri olan Təhlükəsizlik Şurasının qəbul etdiyi və hələ 1993-cü ildən həyata keçirə bilmədiyi, reallaşmayan, qüvvəyə minməmiş qərarlardır.
Azərbaycanın hər bir sadə vətəndaşı insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış BMT-nin bu qətnamələrinin icrasının gecikməsi səbəblərini bilmək istəyir. Bu səbəblərdən bəziləri hər nə qədər bəsit şəkildə olsa da xalq təfəkkürünə əsasən aydındırsa, qərarlar icra olunmayacaqsa onları kağız üzərinə yazmağın səbəbləri bəlli deyil. Yazılmayan qanunlar, yoxsa, pozulan qanunlar? Tapdanmış hüquqlar, yoxsa, olmayan hüquqlar? Məhv olmuş insan həyatı, yoxsa, xəstə bədənlər?
Qarabağ və Qarabağ əhalisi Azərbaycanın psixoloji, maddi, ekoloji böhran içərisində olan yaralı yeridir. Qarabağ əhalisinə dünyanın ən böyük haqsızlıqları edildi. Torpağından didərgin salınmaq, vəhşi işgəncələr görmək, mənəvi cəhətdən təhqir olunmaq onların nə arzuları idi, nə də günahları. Ermənilər tərəfindən onlara qarşı edilmiş vandalizmə dözən ikinci bir millət, ikinci bir xalq yoxdur hər bir azərbaycanlının gözündə. Belə vəziyyətdə Azərbaycana və Qarabağ əhalisinə səbir diləmək, onlara vədlər vermək, torpaqlarına qayıdacaqları vədlərinə inandırmaq nə qədər davam edə bilər və bəlkə hələ 50 il sonra da davam edəcək? BMT-nin 822, 853, 874 və 884-cü qətnamələri Qarabağ kimi köklü ağacı yerindən qoparıb, əvəzinə qanqal əkən ermənilərə “DUR!” və “QAYTAR!” deyə bilmədi.
Bu gün Qarabağda külli miqdarda narkotik vasitələr yetişdirilir, meşələr qırılır, yanğınlar törədilir, Atom Elektrik Stansiyaları tikilir, maddi-mədəniyyət nümunələri məhv edilir, saxtalaşdırılır, bir sözlə, Qafqazın ən qədim xalqı təhqir olunur. Lakin heç bir Beynəlxalq Təşkilat ətraf mühit və təbiətin mühafizəsi naminə, maddi-mədəniyyət nümunələrini qorunması üçün Ermənistana təzyiqlər etmir.
Nə BMT-nin 30 aprel 1993-cü ildə qəbul etdiyi 822-ci qətnaməsinin birinci maddəsinə əsasən Kəlbəcər rayonu, nə 853-cü qətnamənin birinci maddəsinə əsasən Ağdam rayonu, nə Zəngilan rayonu və Horadiz şəhəri, nə də digər işğal edilmiş torpaqlar geri qaytarılmadı. Əksinə, ermənilər Kəlbəcərdə Azərbaycana məxsus qızıl və kömür yataqlarını istismar etməkdə, ətraf mühiti korlamaqda, Araz çayını, su anbarlarını çirkləndirməkdə, AES tullantılarını Azərbaycan çaylarına axıtmaqla ekoloji böhran yaratmaqda davam edirlər.
Bu gün Azərbaycan insanı ekologiyası pozulmuş təbiətə bənzəyir. Bu insan Qarabağda ona edilmiş haqsızlıqlardan sonra sağlam düşünə bilmir. Qəlblərə, beyinlərə qəribə bir hikkə hakim kəsilib. Azərbaycan insanı gələcək nəsillərinə bu hikkəni miras qoyur. Müxtəlif orqanlarını itirmiş insanla ağacları kəsilmiş, daşqınlarla boğuşan bir təbiət arasında hansı fərq var? Azərbaycan insanını nəyəsə inandırmaq, erməni işğalı ilə bağlı hər hansı vədlər vermək özündə əvvəlki inamı oyatmır, artıq. Azərbaycan insanı üçün Vətənin başlanğıcı Qarabağdır. BMT-nin dörd qətnaməsinə görə qeyd-şərtsiz boşaldılmalı olan Qarabağ. Amma hələ də bizim ölkəmiz qarşısında şərtlər irəli sürülür.
BMT Qarabağla bağlı bütün qətnamələrində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən narahatlğını, bu işğalı pislədiyini, dərin təəssüf hissi keçirdiyini, Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiq etdiyini bildirir. Azərbaycan xalqı olaraq biz də təəssüflənir, narahat olur, bu işğalı pisləyir və Qarabağın qədim Azərbaycan torpağı olduğunu təsdiq edirik. Amma bunlar hələ ki, nə erməniləri Azərbaycan torpaqlarından çıxarır, nə də Qarabağı bizə geri verir.
YAZARIN ÖNCƏKİ YAZILARI