Abituriyentləri ölümə sürükləyən nədir? - Psixoloq XƏBƏRDARLIĞI

736

Ötən gün Sumqayıtda iki abituriyentin intihar etməsi ölkə gündəmini alt-üst etdi. İntiharın səbəbi isə intiharın özü qədər dəhşətli və ağrılıdır. Həkim olmaq arzusu ilə qəbul imtahanlarında iştirak edən Faiq Rüstəmov az bal topladığı üçün özünü hündürmərtəbəli  binadan ölümün qucağına atdı, içində dərslikləri olan çantası ilə birgə…

Bu, nə birinci, nə də sonuncu hadisədir. Özünü müstəqil həyata hazırlayan, adı ali məktəblərə qəbul olan tələbələrin siyahısı əvəzinə dəhşətli intiharın qurbanı kimi manşetləri bəzəyən bu gənclərin faciəsi həm də hər bir valideynin, hər bir məktəbin məsuliyyətini yada salır.

Hər il 100 mindən artıq yeniyetmə ali məktəblərə qəbul prosesinə qoşulur. İmtahanları həyatının dönüş nöqtəsi, gələcəyi kimi düşünərək əlavə stressə qapılırlar. Valideynlər də öz növbəsində uzun müddətli hazırlıq periodundan sonra imtahan günü həyəcanlarını yatırmaq üçün sözün əsl mənasında nə edəcəklərini bilmirlər. Stress keçirən, həyəcanlanan, valerian axtaran xeyli sayda valideyn olur…

Amma bu psixoloji sarsıntılar, həyəcanlanmalar nə yazıq ki, bəzən hələ xarakteri tam formalaşmamış yeniyetmələrin həyatları bahasına başa gəlir. Bəs uşaqları intihara sürükləyən dəhşətli imtahan stressinin yaranmasında valideynlərin payı nə qədərdir? Bəlkə biz elə özümüz əvvəlcədən intihar ipini öz övladlarımızın başına keçiririk və onlara da sadəcə stulu ayaqlarının altından itələmək qalır?

Lent.az yeniyetmələri bu dəhşətli sona götürən psixoloji məqamlara aydınlıq gətirməyə çalışır.

Filankəsin uşağı universitetə qəbul olacaq, mənimki yox…

Məsələ ilə bağlı psixoloq Səbinə Bayramova Lent.az-a deyir ki, abituriyentlərin yaş dövrünə nəzər salmaq lazımdır: “Yeniyetməlik yaş dövrü psixologiyada böhran, krizis dövrü kimi dəyərləndirilir. Bu, insanın yaş dövrləri arasında ən ağır dövrdür. O, uşaq deyil və eyni zamanda böyük də deyil. Ona görə də hər deyilən ifadə uşaq üçün təsirli, yaddaqalan, unudulmaz olur. Bu, istənilən bir söz ola bilər. Məsələn, elə valideynin onu başqa uşaqla müqayisə etməyini götürək. Tutaq ki, filankəsin uşağına bax, o necədir, sən necə? Yəni bu kimi müqayisələr artıq uşaqda özünü qiymətləndirməni aşağı salır, özünə güvənini sarsıdır. Bəzən valideynlər “Sən bunu bacarmazsan, edə bilməzsən, sənlik deyil” kimi cümlələrdən istifadə edirlər. Bu kimi cümlələr artıq yeniyetmənin beyninə oturur”.

S. Bayramova bildirir ki, abituriyent yeniyetməlik böhranı dövründə olduğu üçün imtahan dövrü onda ikiqat həyəcana, stressə çevrilir: “Həmçinin ailənin ondan gözləntisi və sair də var. Bu zaman ailə özünü qoyur onun yerinə. Düşünür ki, filankəsin uşağı universitetə qəbul olacaq, mənimki yox. Yəni, mən, mən… Valideynlər öz eqolarını qabardaraq özlərini düşünür və bunları sanki uşağın üzərinə köçürürlər”.

Uşaq bu yükün altında əzilir

“Valideyn bu məsuliyyəti uşağın üzərinə yükləyir və uşaq bu yükün altında əzilir. Və o yükün altından necə qalxmaq artıq fərdi inkişafa baxır. Hər bir uşaq başqa cür reaksiya göstərə bilər. Elə uşaq var ki, mənfi, elə uşaq var ki, müsbət motivasiyalıdır. Bəzi uşaqlar neqativ bir şey desən, həvəsdən düşür, geri qalır, oxumaq istəmir, ancaq əksini etmək istəyir. Elə uşaq da var ki, əksinə, daha yaxşı nəticə göstərir. Yəni, bu motivasiya fərqlidir. Amma məktəb dövründə, yeniyetməlik dövründə olanlar üçün ən məsləhətlisi müsbət motivasiyanın verilməyidir”.

İmtahan stressinin azaldılması üçün psixoloji dəstək lazımdır

Psixoloq məsləhət görür ki, imtahana ən azı iki ay qalmış, valideynlər imtahan stressinin azaldılması üçün psixoloji dəstək alsınlar: “Bizə müraciət edənlər var. Əgər onlar zamanında müraciət edibsə, onunla vaxtlı-vaxtında işlənilibsə, artıq imtahana gedəndə uşaq özünü rahat hiss edir. Amma əksərən ümumi psixoloji hazırlıq olmur. Valideyn uşağı yükləyir, yəni psixoloji rahatlatmaq əvəzinə əksini edir”.

İntihar xəbərləri də yeniyetmələrə pis təsir edir

S. Bayramova qeyd edir ki, intiharlara təşəbbüs göstərən abituriyentlər çoxdur: “Təbii ki, yaşantılar və belə xəbərlərin paylaşılması da intihar təşəbbüslərinə təsir edir. Nəzərə alınmalıdır ki, yeniyetmələr də belə xəbərləri oxuyur və “hə, mən də intihar edə bilərəm, valideynimi belə cəzalandıra bilərəm” deyə düşünür. Məsələn, o düşünür ki, mən bu ay qəbul ola bilmədim, evdə məni öldürəcəklər. Bu psixologiya ilə intihar edir. Bununla yeniyetmə iki cür cəza forması verir: həm valideynini cəzalandırır, həm də valideyninin gözünə görünmədən özü özünün cəzasını verir. Düşünür ki, mən düzgün etməmişəm, evə getsəm, cəzalandırılacam. Bəzən valideynlər “Bal aşağı olsa, evə gəlmə, gözümə görünmə, öldün sən, bitdin sən” kimi ifadələr işlədirlər. Bu cür ifadələr, kəlmələr uşağın beyninə çox pis həkk olunur. Və o, öz yoxluğu ilə valideynlərini cəzalandırmaq istəyir”.

“İmtahandan keçsən də, keçməsən də, bizim övladımızsan”

Psixoloq deyir ki, valideynlər ilk növbədə övladına onu qeyd-şərtsiz sevdiyini hiss etdirməlidir: “Yalnız imtahandan keçsən, mən səni çox istəyəcəm” kimi sətiraltı cümlələri uşağa ötürməməlidir. “Sən imtahandan keçsən də, keçməsən də bizim övladımızsan. Sən bizim üçün həmişə əziz və dəyərlisən. Sadəcə biz də sənin qədər həyəcanlıyıq. Sən imtahandan keçsən, biz də bundan qürur duyarıq. Amma pis nəticə göstərsən belə, inanırıq ki, növbəti imtahanda daha yaxşı nəticə göstərəcəksən”. Valideyn öz övladını belə motivasiya etməlidir”.

“Hər kəs elmlə məşğul olmalıdır” kimi bir qanun yoxdur və dünyada özünə yer tapmaq, özünü sübut etmək, hansısa peşənin sahibi olmaq üçün mütləq ali məktəbə qəbul olmaq vacib deyil. Sanki ali məktəbə qəbul olmaq bir marafon yarışına çevrilib. Bu yarışda qalib gəlməyənləri isə ailələrində çox böyük basqı, tənə gözləyir. Kimisi bu basqılara qarşı sinə gərə, müqavimət göstərə bilir, kimisi isə, nə yazıq ki, son çarəni hündür binalarda, talvarlarda, yaxud ağaclarda yellənən uşaq yelləncəklərinin ipində görür…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər