ƏMƏKDAR MÜƏLLİM SEVİ SEVDİMALIYEVİN 80 İLLİK YUBİLEYİ QEYD OLUNUB

766

1 iyul 2022-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin Qubadlı rayon Regional Birliyinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən Çaytumas kənd məktəb liseyində əməkdar müəllim, şair Sevi Sevdimalıyevin anadan olmasının 80 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Azərbaycan Yazıçılar Birliyinin Qubadlı rayon Regional Birliyinin sədri Namiq Əliyev, Ağsaqqallar Şurasının sədri Əvəz Həsənov, RİH-nin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Əvvəlcə Sevi Sevdimalıyevin Sumqayıt şəhərində yerləşən məzarına ziyarət olundu və gül dəstələri qoyuldu.
Tədbir zamanı Azərbaycan Respublikasının himni səsləndirildi və Vətən uğrunda canlarından keçmiş Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə Sevi Sevdimalıyevin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu.
Sonra tədbirdə çıxış edənlər Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Ağsaqqallar Şurasının sədri Əvəz Həsənov, əməkdar müəllim Ədalət Əsədov, seyid Mirsədizadə Mirsədi, şair Elbrus Qayalı və digərləri Sevi Sevdimalıyevin şeirlərində nəciblik, dosta sədaqət, Vətənə, torpağa bağlılıq hissinin ana xətt təşkil etdiyini diqqətə çatdırdılar. Qeyd olundu ki, Sevi Sevdimalıyevin müxtəlif illərdə yazdığı bir çox şeiri müəllifin yüksək intellektindən, şeirlərindəki zənginlik və rəngarənglik şair qələminin özünəməxsus poetikliyindən, könül dünyasını çox təbii, sadə dillə oxucusuna aça bilməsindən xəbər verir. Digər çıxış edənlər də Sevi Sevdimalıyev ilə bağlı öz xatirələrini bölüşdülər.
Tədbirdə sözləri Sevi Sevdimalıyevə məxsus olan mahnılar ifa olundu və şeirləri səsləndirildi.
Sonda Sevi Sevdimalıyevin övladları İsmayılov Ehtiram və İsmayılov Etibar tədbirin təşkilinə görə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.
Əməkdar müəllim, şair Sevi Sevdimaliyev 1 iyul 1942-ci ildə Qubadlı rayonunun ən dilbər guşələrindən biri olan Göyyal kəndində anadan olmuşdur. 1959-cu ildə Dondarlı kənd orta məktəbini, 1964-cü ildə o vaxtkı V.İ.Lenin adına APİ-nin filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə müəllimliklə başlamış, sonralar komsomol və mətbuat sahəsində çalışmışdır. 1990-cı ildən 2010-cu ilədək Baba Məmmədov adına Fərcan kənd tam orta məktəbində direktor işləmiş, 2010-cu ildə isə əmək təqaüdünə çıxmışdır. SSRİ maarif əlaçısı, Metodist müəllim, Ali kateqoriyalı müəllim, Respublikanın Əməkdar müəllimi adlarına layiq görülmüşdür. Orta məktəbdə oxuduğu müddətdə respublikanın əksər qəzet və jurnallarında ardıcıl olaraq çıxış etmişdir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. 9 şeir kitabı işıq üzü görmüşdür. O, 2019-cu il iyul ayının 29-da Sumqayıt şəhərində vəfat etmişdir. Sumqayıt şəhər qəbristanlığında dəfn edilmişdir.
Allah rəhmət eləsin !

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər