İnsanlar tıxacda qalanda, o, Sumqayıtdan Bakıya qaçaraq gedir- Fotolar+ Video

1856

Bakı-Sumqayıt yolunda tıxacda qaldığınızda 60 yaşlarında bir kişi yanınızdan qaçaraq ötüb keçsə, təəccüblənməyin. Bu, onun adi məşq günlərindən biridir. 

Azərbaycanın qocaman marafonçusunu daha yaxından tanımaq üçün “Qafqazinfo” olaraq, sürətinə görə “Külək” ləqəbi ilə tanınan Tapdıq Dadaşovun Sumqayıtda qonağı olduq. 

Bu ləqəb Tapdıq dayıya elə-belə verilməyib. Məşq prosesi çəkilişində kameranı qaldırana kimi müsahibimizin gözdən itdiyini gördük. Bir müddət geri dönməsini gözlədikdən sonra onunla birgə qaçmaqdan başqa yolumuzun olmadığını başa düşdük. 

Tapdıq dayı ölkədə keçirilən bütün yarım və ya tam marafon yarışlarının iştirakçısı, əksəriyyətinin isə qalibidir. Hətta müsahibəni yazan zaman belə bir xəbər eşidirəm: “Tapdıq dayımız 15-ci Beynəlxalq Antalya Marafonunda öz yaş kateqoriyası üzrə qızıl medal qazandı!”

Görünüşünə və səhərlər qaçdığına görə onu əksər hallarda əcnəbi zənn edirlər. Veteran marafonçumuz 33 ildir ki, qaçış idman növü ilə məşğul olur:

– “27 yaşımdan etibarən marafon yarışları üçün məşqlərə başladım. Hər zaman bu sahəyə marağım olub. 6 ay məşğul olduqdan sonra o vaxt Oktyabr inqilabı ərəfəsində Bakıdan Sumqayıta təşkil olunmuş marafonda iştirak etdim. Hava küləkli, yağışlı olsa da mən özümü orada göstərə bildim. Daha sonra müxtəlif ölkələrdə beynəlxalq marafonların iştirakçısı oldum. Çoxunda fərqlənmişəm, fəxri mükafatlara layiq görülmüşəm. Yaşımdan asılı olmayaraq, Azərbaycanda keçirilən yaz və payız kross qaçışlarını birinciliklə başa vururam. Yaşıma baxmayaraq yarışları gənclərlə eyni vaxtda sonlandıra bilirəm.

Ötən il İstanbul körpüsündə 140 minə yaxın iştirakçının qoşulduğu Avrasiya marafonu baş tutdu və mən tam marafon qaçdım. Yaş kateqoriyama görə, 6-cı yerlə nəticələndim və onluğa düşən qaliblərdən oldum.

– Sizi daha çox səhər tezdən və ya axşamlar qaçan görürük. Qaçış planınız hər gün eynidir?

– Hazırda qaz idarəsində çilingər kimi fəaliyyət göstərirəm, buna görə gün ərzində imkanım olmur. Ancaq saat 6 olan kimi elə bil mənim ayaqlarımda şərti refleks yaranır, qaçmağa tələsirəm. Orqanizm bildirir ki, artıq qaçmağın vaxtıdır. Paltarımı dəyişib, özümü tez bulvara çatdırıb, dairəsi 5-6 km qaçıram.

– Ən uzun qaçış məsafəniz nə qədər olub?

– İndiyə kimi ən uzaq qaçdığım məsafə birdəfəyə 70 km olub. Həmin vaxt 38 yaşım var idi. Ancaq indi 60 yaşım olmasına baxmayaraq, heç bir fərq yoxdur. Ötən bazar günü 30 km qaçdım, ancaq o rəqəm mənə çox az gəlir. Elə bil heç qaçmamışam, yorulmadım belə. Həftədə 100 km-dən az qaçmırıq. Elə həftələr olur ki, 150-160 km-dən çox qaçırıq.

– Belə başa düşdüm ki, hər gün hamının tıxacdan gileyləndiyi bir zamanda siz Sumqayıtdan Bakıya qaçaraq gedib-gələ bilərsiz.

– Buradan Bakıya 29-30 km-dir. Çox rahat formada Sumqayıtdan Bakıya qaçıb, yenə eyni qaydada geri qayıda bilərəm. Bu, mənim üçün çətin bir şey deyil, 5 saata qaçış yekunlaşar. Başqalarına nisbətən mən çox az su içən idmançıyam. 30 km qaçanda bir alma yesəm bəs edir. Sürətim km-ə 4-5 dəqiqədir. Mənim yaşımda olan idmançılar əsasən 6-7 dəqiqəyə qaçır. Marafon qaçışında ağıl, beyin işlətmək çox vacibdir. Baxırsan ki, sürətli başlayır, ancaq bir yerdən sonra nəfəsi çatmır, geriləyir.

– İdmançı kimi sizin də diqqət etməli olduğunuz hansı məqamlar var?

– Bizim çəkimiz çox az olmalıdır. Mənim çəkim 49-50 kq arasında olur. Bu çəki sürət üçün vacibdir. Özüm çalışıram bu çəkidə qalım. Yeməyim də bir az fərqlidir. Çörəyi çox az yeyirəm, bol meyvəylə qidalanıram. Ancaq şirin şey də çox yeyirəm. Çox kalori xərclədiyimdən bu, məndə artıq çəkiyə səbəb olmur.

Bizim bədənimiz bir qədər fərqlidir. “Quru” oluruq deyə elə bilirlər ki, xaricdən gəlmişəm. Qaçan zaman bu marağı həmişə üzərimdə hiss edirəm.

Bir az qəribə adamam. Məsələn, Ceki Çan kimi paltarımı həmişə özüm əlimdə yuyuram. Uşaq vaxtından belə öyrənmişəm deyə həvəsliyəm. Evdə baxırlar, icazə vermirlər. Ancaq idmandan gələndən sonra öz paltarımı özüm yumağı xoşlayıram.

Həyat yoldaşım yarışlarda həmişə yanımda olur, şəkillərimi çəkir. Mən bir az sakit adamam, həmişə qınayır ki, uğurlarımı düzgün təqdim edə bilmirəm. 2 oğlum, 2 nəvəm var. Onların qaçışa elə də marağı yoxdur.

– Gümrah görünürsüz, bunu məşğul olduğunuz idman növünə borclusuz?

– Qaçış bütün xəstəliklərə güc gəlir, onları insanın bədənindən çıxarır. Onu biz özümüzdə də isbati olaraq görmüşük. Özümü qaçmadan təsəvvür edə bilmirəm. 3-4 gün qaçmayanda özümdə qeyri-adi vəziyyət hiss edirəm. 30 il bundan qabaq keçdiyim müayinələrdən bu yaxınlarda da keçdim. Hündürlüyüm, çəkim, ürək döyüntülərim-hər bir şey eyni qalıb. Həkimlər mənə deyir ki, bu göstəricilər qeyri-adidir. Səbəbini soruşurlar, deyirəm ki, hər gün idmanla məşğul oluram.

– Marafon qaçışları zamanı yaşanmış, unuda bilməyəcəyiniz xatirəniz var? 

– 2017-ci ildə Gəncə marafonu elan olundu və biz də ora qoşulduq. Bir neçə gün qabaq yuxu görmüşdüm ki, Gəncə marafonunda nəsə tarix qoyacam. 12 minə yaxın iştirakçı var idi. Qaçışı uğurla başa vurub finiş xəttinə çatanda birdən ayağım yerdən üzüldü, elə bil kiminsə çiynində göydə üzməyə başladım. Səsləndirildi ki, “Tapdıq dayı Gəncədə tarix qoydu”. Elə bil yuxumun təkrarı idi. O vaxt bildim ki, dəfələrlə dünya çempionu olan Zabit Səmədovun çiyinlərindəyəm. Mənim haqda “bu kişini yerə qoymaq ayıbdır, çiyinlər üstündə gəzdirilməlidir”, – dedi.

– Azərbaycanda marafon yarışlarına maraq necədir?

– İlk dəfə 2016-cı ildə ölkəmizdə marafon qaçışlarına başlanılıb. Buna baxmayaraq, biz 2015-ci ildə Bakı Marafon Klubunu yaratmışıq. Bölgələrimizdən də klubumuza qoşulanlar var.

Günel Hacı

Fotolar-Video: Pərvin Zeynal






www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər