Moskvada Sumqayıt hadisələri haqda kitab təqdim ediləcək

890
Martın 31-də M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında jurnalist Səadət Qədirovanın “Sumqayıt hadisələri barədə ilk mənbədən” kitabının təqdimat mərasimi keçiriləcək.

Femida.az-ın verdiyi xəbərə görə, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) nəşr etdiyi kitabın təqdimat mərasiminin təşkilatçısı “Ümumrusiya Azərbaycan Konqresi” ictimai təşkilatıdır.
Kitab 1980-1992-ci illərdə SSRİ Baş Prokurorluğu yanında xüsusilə mühüm işlər üzrə baş müstəntiqi olan Vladimir Kaliniçenko ilə müsahibə formatında qələmə alınıb. V.Kaliniçenko 1988-ci ildə Sumqayıtda baş vermiş hadisələrin təhqiqatını aparıb.

Nəşrin müəllifi Səadət Qədirova Beynəlxalq Jurnalistlər İttifaqının və Rusiya Jurnalistlər İttifaqının üzvü, TASS agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin rəhbəri, xarici siyasət sahəsində ekspert, politoloqdur. O, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Denverdəki Amerika Universitetinin məzunudur. Beynəlxalq konfrans və forumların iştirakçısı olan S.Qədirova dəfələrlə aparıcı Rusiya ekspertləri, politoloqları və mədəniyyət xadimlərindən müsahibələr alıb. Onun müsahibləri arasında Müslim Maqomayev, Qalina Vişnevskaya, Vladimir Pozner, Ramazan Abdulatipov, Vladimir Jirinovski, Nikas Safronov, Heydər Camal, İrina Xakamada, habelə Avropa Parlamenti üzvləri və başqa tanınmış şəxslər var.
Tədbirdə kitabın müəllifi Səadət Qədirova, Vladimir Kaliniçenko, ictimai xadimlər, tarixçilər, Azərbaycan diasporu üzvləri iştirak edəcək. Təqdimatdan sonda iştirakçılar kitabın müəllifi S.Qədirova ilə ünsiyyətdə ola və V.Kaliniçenkoya suallar ünvanlaya biləcəklər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər