Repetitor yanına getmədən 700 bal topladı – REPORTAJ

507
Şəkili abituriyent Nərmin İsmayılova balını 690-dan 700-ə çatdırıb

Şəki şəhər sakini Nərmin İsmayılova Dövlət İmtahan Mərkəzinin iyulun 26-da III ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanında maksimum nəticə göstərərək, 700 bal toplayıb.

APA TV-nin məlumatına görə, Nərmin Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyi fərqlənmə attestatı ilə bitirib.

 Mayın 13-də keçirilən qəbul imtahanında 690 bal toplayan Nərmin İsmayılova 700 bal toplamağı qarşısına məqsəd qoyaraq, imtahanlara daha da mükəmməl hazırlaşıb və iyulun 26-da keçirilən qəbul imtahanlarından 700 bal toplamağa nail olub. O, gələcəkdə ixtisaslı hüquqşünası olmaq və insan hüquqlarının qorunması istiqamətində çalışmaq istəyir. Nərmin İsmayılova ixtisas seçimi olaraq Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisasına yiyələnmək istəyir: “2017-2018-ci tədris ilində Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin məzunu olmuşam. Bu müddət ərzində hədəfim 700 bala çatmaq idi. Çünki düşünürəm ki, əgər bir hədəf qoyulursa və onun üzərində çalışırsansa, bu hədəfə mütləq çatmaq olar. Hazırlıq vaxtlarıma gəldikdə isə əsasən məktəb müəllimlərimlə və evdə özüm hazırlaşmışam. Məktəb müəllimlərimə ayrıca təşəkkürümü bildirirəm. Həqiqətən çox kömək olublar mənə”.

700 bal toplayan Nərmin İsmayılovanın təhsil aldığı fizika-riyaziyyat və humanitar təmayüllü liseyin 32 məzunundan 30-u keçid balını toplayıb. Onlardan 5 nəfər 600-dən, 5 nəfər isə 500-dən yuxarı nəticə göstərib.

Nərminin ibtidai sinif müəllimi Ünzilə Mustafayeva bu nəticənin onlar üçün təəccüblü olmadığını deyib: “1-ci sinifdən 4-cü sinfə qədər Nərmin öz tərbiyəsi ilə, savadı ilə, çalışqanlığı ilə həmişə diqqəti cəlb edib. Nəhayət, bu gün o, öz nəticəsini göstərdi”.

Bu il Şəki rayonunda 11-ci sinfi bitirənlərdən 1200 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak edib. İlkin məlumatlara görə, onlardan 700 nəfərdən çoxu keçid balını toplayıb. 70 nəfərə yaxını 600 baldan, 183 nəfəri isə 500 baldan yuxarı nəticə göstərib.

Cari il fənn olimpiadalarında iştirak edən şagirdlərdən 1 nəfər qızıl, 2 nəfər gümüş, 3 nəfər isə bürünc medal qazanıb ki, bu da respublikanın kənd rayonları arasında ən yüksək nəticə hesab olunur.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər