Şəki şəhər sakini Nərmin İsmayılova Dövlət İmtahan Mərkəzinin iyulun 26-da III ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanında maksimum nəticə göstərərək, 700 bal toplayıb.
APA TV-nin məlumatına görə, Nərmin Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyi fərqlənmə attestatı ilə bitirib.
700 bal toplayan Nərmin İsmayılovanın təhsil aldığı fizika-riyaziyyat və humanitar təmayüllü liseyin 32 məzunundan 30-u keçid balını toplayıb. Onlardan 5 nəfər 600-dən, 5 nəfər isə 500-dən yuxarı nəticə göstərib.
Nərminin ibtidai sinif müəllimi Ünzilə Mustafayeva bu nəticənin onlar üçün təəccüblü olmadığını deyib: “1-ci sinifdən 4-cü sinfə qədər Nərmin öz tərbiyəsi ilə, savadı ilə, çalışqanlığı ilə həmişə diqqəti cəlb edib. Nəhayət, bu gün o, öz nəticəsini göstərdi”.
Bu il Şəki rayonunda 11-ci sinfi bitirənlərdən 1200 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak edib. İlkin məlumatlara görə, onlardan 700 nəfərdən çoxu keçid balını toplayıb. 70 nəfərə yaxını 600 baldan, 183 nəfəri isə 500 baldan yuxarı nəticə göstərib.
Cari il fənn olimpiadalarında iştirak edən şagirdlərdən 1 nəfər qızıl, 2 nəfər gümüş, 3 nəfər isə bürünc medal qazanıb ki, bu da respublikanın kənd rayonları arasında ən yüksək nəticə hesab olunur.