Səhiyyənin əsas sahələrindən olan fizeoterapiya  (Portret cizgiləri)

819

Aybəniz İbrahimova: “Fizeoterapiya səhiyyənin şah əsərlərindən biri

olmaqla, təbii üsulla müalicə tarix boyu böyük sınaqlardan çıxmış klassik müalicə metodudur”.

 

Sumqayıt səhiyyəsini  Azərbaycan tibb sahəsinin ən aparıcı qollarından biri hesab etmək olar. Belə ki, hələ 40-cı illərdən şəhər səhiyyəsinin əsasını təşkil edən həkimlər həqiqətən  işlərinin bilicisi, cəfakeş olublar.Təclili Tibbi Yardım Xəstəxanası və 1 nömrəli şəhər Xəstəxanası isə lokomativ rolunu oynayıblar desək, yəqin ki, yanılmarıq.  Burada  İzzət Sadıxov,  Məlik Əliyev və  peşəsini dərindən bilən digər yüksək səviyyəli həkimlər çalışıblar. Məlik Əliyev vaxtilə Sumqayıt səhiyyəsinə rəhbərlik edərək  tibb işçilərinin daha peşəkar olmasında böyük səy göstərib və çoxlu davamçı yetişdirib. Məhz onun təşəbbüsü və təşkilatçılığı ilə 1 nömrəli şəhər  Xəstəxanasında fizeoterapiya kabineti yaradılıb. Hazırda isə şöbə olaraq daha da genişləndirilib.  Müalicə almaq istəyilə buraya müraciət eləyən xəstələrin sayı  artıb. Şöbəyə uzun illərdir ki, Aybəniz İbrahimova rəhbərlik edir.Onun mehriban münasibəti, diqqət və qayğısı, tibbi sənədləri dəqiq oxuyandan sonra burada çalışan yüksək ixtisaslı mütəxəssislərə lazımi göstərişlər verməsi müalicə alanlar tərəfindən  çox razılıqla qarşılanır.  Məhz mən də xeyli vaxtdır ki, Aybəniz İbrahimovanın düzgün təyinatı ilə ildə iki dəfə kurs müalicəsi  alıram. Ona görə də bu şöbənin uğurlu işlərindən yazmamışdan əvvəl istəyirəm ki, Aybəniz həkimlə oxucuları daha yaxından tanış eləyim:

Qısa arayış: Aybəniz Həsən qızı İbrahimova 1961-ci ildə Bakı şəhərində anadan olub. O, 1968-ci ildə Bakı şəhəri Nizami rayonundakı 238 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olub. Sonra təhsilini elə bu rayonun  62 nömrəli tam orta məktəbində davam etdirərək,  buranı əla qiymətlərlə bitirib, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub  (indiki Dövlət Tibb Akademiyası). 1985-ci ildə institutun müalicə işi fakültəsini böyük müvəffəqiyyətlə  bitirib. 1986-87-ci illərdə 24 saylı Birləşmiş şəhər Xəstəxanasında internatura keçib və gənc mütəxəssis kimi təyinatla Sumqayıt şəhərinə göndərilib. Bu  həmin vaxtlar idi ki, şəhərdə böyük quruculuq işləri gedirdi. O,  3  nömrəli Poliklinikada sahə terapevti kimi iş fəaliyyətinə başlayıb. 1996-cı ildən 1 nömrəli  Xəstəxananın fizeoterapiya şöbəsində həkim-fizeoterapevt kimi işini davam etdirib. Burada tanınmş həkim Məlik Əliyevdən fiseoterapiyanın sirrlərini mükəmməl öyrənib. Həm də  özünü  bacarıqlı həkim kimi göstərdiyinə görə 1997-ci ildə Məlik həkimin  təklif  və  tövsiyəsi ilə Aybəniz xanımı fizeoterapiya şöbəsinin müdiri təyin ediblər. Məlik həkim səhhətilə əlaqədar bu şöbədə həkim kimi işləməklə, fizeoterapiya işinin incələiklərini və təşkilatçılığı  yetirməsinə hərtərəfli, mükəmməl başa salıb. Bu günə qədər də, yəni 25 ildir ki, Aybəniz həkim  bu sahəyə böyük uğurla rəhbərlik eləyir. O, dəfələrlə Bakı şəhərindəki  Həkimləri Təkmilləşdirmə İnstitutunda fizeoterapiya kurslarında təhsilini davam etdirib.  2014 və 2019-cu  illərdə fizeoterapiya üzrə iki dəfə  beynəlxalq  səviyyəli sertifikat alıb. Aybəniz xanıma  çiyin-çiyinə işlədiyi həmkarlarının, tibb bacılarının və eləcə də xəstələrin  böyük hörməti var. Hətta başqa şöbələrdə çalışanlar da çox vaxt ondan dəyərli məsləhətlər alırlar. Axı Aybəniz həkim  adı Azərbaycan tibb tarixinə düşən Məlik Əliyevin yetirməsidir?! Hazırda onun  metodu ilə yaradılan sahədə bütün işləri bacarıqlı mütəxəssis kimi böyük uğurla davam etdirir. Yaxın günlərdə  Aybəniz həkimlə görüşüb söhbət edtik. İşinin çox olmasına və  şöbəyə xeyli xəstə gəlməsinə baxmayaraq, ondan müsahibə götürməyimə razılaşdı. İlk sualım sözsüz ki, Məlik həkimlə bağlı oldu.

-Azərbaycan tibb sahəsinin tanınmış simalarından olan Məlik Əliyev sizin yaddaşınızda necə qalıb?

– Fəxr eləyirəm ki, Məlik həkimin yetirməsiyəm. Burada çalışdığım ilk gündən istəmişəm ki, fizeoterapiya işini ondan mükəmməl səviyyədə öyrənim. Onun isanlarla münasibətinə valeh olmuşdum. O, həkimlərlə, xəstələrlə həmişə  çox gözəl ünsiyyətdə  idi. Savadı, səbri, təcrübəsi o vaxt biz gənc mütəxəssislər üçün bir örnək, məktəbidi. Məhz onun təklifilə məni 1997-ci ildə bu şöbənin müdiri təyin etdilər. Məlik həkim eyni zamanda işlərimə nəzarət edir və fizeoterapiya sahəsini mənə daha dərindən öyrədirdi. Onunla 10 ildən çox bir yerdə işləmişik. 2009-cu ildə xəstəliyilə əlaqədar Məlik həkim işdən azad olundu. Biz tez-tez evlərinə gedib ona baş çəkirdik. 2011-ci ildə dünyasını dəyişdi. Allah ona qəni-qəni rəhmət eləsin. Mən çox istəyirəm ki, onun Sumqayıt səhiyyəsi üçün gördüyü böyük işlər haqqında  daha ətraflı yazılsın. Yaşadığı binaya “Xatirə lövhəsi” vurulsun. Əmək təcrübəsi geniş təbliğ olunsun. Əlbəttə, böyük mənbə olaraq bundan Azərbaycan səhiyyəsində çalışanlar  yaxşı faydalana bilərlər.

-Deyirsiniz ki, Məlik həkimlə 10 ildən çox bir yerdə işləmisiniz.  Onun haqqında deyəcəkləriniz  gənc mütəxəssislərə çox gərəkli ola bilər…

– Məlik həkim həm yüksək ixtisaslı rentgenoloq, pediatr, həm də peşəkar fizeoterapevt  idi. Eyni zamanda, yaxşı manual terapevt idi. Bütün bu sahələrin yüksək bilicisi olduğuna görə yanına çoxlu xəstə gəlirdi və onun şəfalı əllərinin sayəsində tam sağalırdılar. O, Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri olmaqla  yaxşı səhiyyə əlaçısı, təşkilatçısı idi. Xəstəxanalarda, poliklinikalarda təcrübəsini geniş tətbiq edirdi. Bu gün Sumqayıt şəhərindəki bütün səhiyyə ocaqlarında çalışan təcrübəli fiseoterapiya həkimlərinin, tibb bacılarının əksəriyyti Məlik həkimin yetirmələridir. O,  həmişə bizə tövsiyə eləyirdi ki, böyük uğur qazanmaq üçün öz işimizi mükəmməl bilməklə yanaşı, tibbin digər sahələrini də yaxşı mənimsəməyə çalışaq. Bizə iş təcrübəsindən  tez-tez danışırdı. Böyük Vətən Müharibəsi iştirakçısı olmuşdu. Müharibədə həm feldşer, həm də həkim kimi çox insanı ölümün pəncəsindən almışdı. Hətta  xəstələri qanlı döyüş meydanından çıxaran vaxt özü də ağır yaralanmışdı. Məlik həkimin sinəsini xeyli orden və medal bəzəyirdi. Müharibədən sonra Sumqayıt şəhərinə gəlib, burada səhiyyə işini təşkil eləyib. Sumqayıt səhiyyə şöbəsinin ilk müdiri  və təşkilatçısı olub. Uzun illər bu şöbəyə rəhbərlik eləyib. Mən Allahımdan  razıyam ki, tale qismət eləyib, onunla  birgə işləmişəm. Hazırda burada çalşanların çoxu onun yetirməsi olduğuna görə bir-birimizi yarı sözdən başa düşürük. Hamımız onu tez-tez  xatırlayır, rəhmətlə anırıq. Xüsusilə qeyd edim ki, şöbəmizin bütün işçiləri çox fədakardırlar. COVİD19 pandemiyası vaxtı bu  fədakarlıq özünü daha yüksək səviyyədə göstərdi. Bizim xəstəxananın cərrahiyyə  şöbəsinin cərrahı, Qarabağ müharibəsi  əlili, gözəl təbib  Şaiq  Baxış oğlu  Əliyev  pandemiyadan yüzlərlə xəstələri sağaltsada, amma özü bu xəstəlikdən dünyasını dəyişdi.  Bizim şöbədə işləyən onun həyat yoldaşı Yaqut Əliyeva,  baş tibb bacısı   Zəmilə İsmayılova, Şəlalə Qəribova, Raminə  Rüstəmova, Hicran Cəlilova da COVİD-19 pandemiyası dövründə çox böyük fədakarlıqlar göstərdilər. Pandemiya da elə müharibə deməkdir. Rus-alman müharibəsini görmüş, şəhər səhiyyəsinin yaranmasında və inkişafında fəal rolu olmuş  Məlik Əliyevdən bəhrələnən  həkimlərimiz  həqiqətən qəhrəman sayılırlar. Adları  tarixə  düşməlidir. Həmçinin 44 günlük Vətən müharibəsində şücaət göstərən tibb işçilərimizə hər zaman borcluyuq.

– Aybəniz həkim, sizinlə tam razıyam. Azərbaycan səhiyyəsində çalışanlar həmin vaxtlarda doğrudan da çox böyük işlər gördülər. Mən  neçə illərdir ki, bura müalicəyə gəlirəm və hər dəfə siz çox dəqiq və düzgün təyinatlar verirsiniz. Sizin yaxşı işinizdən,  insanlara xoş münasibətinizdən, sadəliyinizdən bütün xəstələr razılıq eləyirlər…

-Bütün xəstələrə öz doğmamız kimi baxırıq. Çalışırıq ki, onlara  bacardığımız qədər müasir üsullarla xidmət eləyək. İstəyirik ki, şöbəmizə müraciət edənlər görsünlər və başa düşsünlər ki, bizim üsulla daha tez və yaxşı sağalırlar,  nəinki kimyəvi dərmanlarla. Kimyəvi dərmanların əksəriyyəti insan orqanının birini sağaldırsa, digərini sıradan çıxarır.  Amma xəstələrimiz burada  sağalandan sonra, öz yaxınlarına da burada müalicə olunmağı tövsiyə edirlər.  Deməli, onlar həm də bizim ən böyük təbliğatçılarımızdırlar.

-Bəli, haqlısınız. Kimyəvi dərmanların insan orqanizminə  mənfi təsirləri də vardır. Bəs təbii üsullarla müalicənin insan orqanizminə hansı xeyirləri var?

-Təbii üsulla müalicə orqanizmi möhkəmləndirir, immuniteti artırır. Onun insan orqanizminə müsbət təsirləri çoxdur. Ümumiyyətlə,  kimyəvi dərman pereparatları ilə insanları çox yükləmək olmaz. Mənim məsləhətim budur ki, hər bir həkim dərmanlardan az istifadə etməklə fizeoterapiya üsuluna üstünlük versə,  müalicənin effekti daha yaxşı olar  və xəstələr tez bir zamanda sağalar. Belə həkimlərə xəstələrin inamı xeyli artar. Dünya şöhrətli təbib İbn Sinanın belə bir maraqlı deyimi var: “Cahil bir həkim ölüm düşərgəsinin köməkçisidir”.  Deməli, həkim öz işini mükəmməl bilməlidir. Təbii üsulla müalicə tarixlər boyu böyük sınaqlardan çıxmışdır.  İbn Sina da təbabətdə bu üsulu  həmişə  önə çəkib. Azərbaycanda son vaxtlar bu istiqamətdə fəaliyyət göstərən xəstəxanalar artıb.  Eyni zamanda, Naxçıvanda Duz dağı, Naftalanda  natfalanla müalicə sanatoriyası, Bakıda, Masallıda, Lənkəranda, Şabranda, Xaçmazda mineral istu su şəfa ocağı olan mənbələr, sanatoriyalar, Şabranda böyrək müalicəsi üçün mineral sular və sairə bu kimi  gözəl, müalicəvi yerlər çoxdur. Hətta xarici ölklərdən insanlar müalicə olunmaq üçün məmləkətimizə gəlirlər. Amma öz vətəndaşlarımız  təbii sərvətlərimizdən çox az istifadə  eləyirlər.  Bu,  təəssüf doğuran haldır ki, həmvətənlərimizn  süni üsulla müalicə metodlarına daha çox  üstünlük verirlər. Əgər həkimlərimizin əksəriyyəti fizeoterapiya sahəsini dəyərləndirsə, o zaman xəstələrə müalicə olunmaq üçün ünvanı düzgün  müəyyənləşdirərlər.

-Bəzən  görürük ki, həkim xəstəyə tez sağalması üçün birdən-birə 5-10 kimyəvi  dərman  yazır. Bu dərmanlar isə xəstəni sağaltmaqdansa, əksinə ağır vəziyyətə salır. Sizin buna münasibətiniz necədir?

-Bir daha vurğulayıram ki, ümumiyyətlə,  xəstəni kimyəvi dərmanlarla çox yükləmək qəti olmaz. Çünki həmin dərmanlar bəzi hallarda əks  təsir də göstərir, böyrəkləri, mədə-bağırsağı və digər orqanları zədələyir.  Əgər əksər həkimlər fizeoterapiya sahəsində çalışanlarla müştərək işləsələr  uğur əldə edər, onlara yaxşı məsləhətlər verilər, çox dərman yazmaqdan çəkinərlər.  Nəticədə xəstənin orqanizmində fəsadlar yaranmaz.  Onların belə həkimlərə inamları artar.  Sözsüz ki,  xəstə həkimə pənah gətirərək ona ümid bəsləməsə sağalmaz.

-Sizin işlədiyiniz Sumqayıt şəhər 1 nömrəli  Xəstəxanada  təmir işləri aparılıb və görürük ki,  indi şəraitiniz əvvəlkindən daha yaxşıdır.

– Əlbəttə, ölkə başçımız cənab İlham Əliyevin  səhiyyə sahəsinə böyük diqqət və qayğısı hamımızı sevindirir.  Onun sərəncamı ilə  bir neçə il əvvəl xəstəxanamızda əsaslı təmir işləri aparılmışdır. Artıq xəstələr mövcud şəraitdən razılıq  edirlər. Çünki onların sağalması üçün burada bütün imkanlar  və yüksək keyfiyyətli tibbi avadanlıqlar vardır.  Sumqayıt şəhər  İcra  Hakimiyyəti  başçısı cənab Zakir Fərəcovun şəhərimizdə bütün sahələrin, eyni zamanda səhiyyənin inkişafına nəzarəti də danılmazdır. Ümumiyyətlə, Sumqayıt dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Yaşıllıq, təmiz hava, sosial mühit  yaxşı yaranan yerdə yaşayan insanlarn isə sağlamlığı daha yüksək səviyyədə  olur. Xəstəxanamızın  sabiq baş həkimi, dəyərli insan  Həsən Hüseynov Sumqayıt şəhər Səhiyyə şöbəsinə müdir müavini təyin olunduğuna görə, uzun illər burada urologiya şöbəsində işləyən Mətləb Musayev  yeni  baş həkim  təyin olunub. O da  həm peşəkar həkim və həm də yaxşı təşkilatçıdır. İnanırıq ki,  işlərimiz  indən belə də öz axarı ilə gedəcək, xəstəxanamız şəhərdə  əvvəlki birinciliyini qoruyub  saxlayacaq.

– Sumayıtın artıq 73 yaşı  var.  Ömrürün böyük bir hissəsini bu şəhərdə yaşayan həkim kimi sizin tövsiyələrinizi, arzu və istəklərinizi bilmək istərdik…

-İlk öncə müzəffər  Prezidentimiz cənab İlham Əliyev, birinci vitse-Prezidentimiz  Mehriban xanım Əliyeva başda olmaqla xalqımıza can sağlığı, gözəl, firavan həyat arzu edirəm. Ən böyük istəyim işğal altında olmuş torpaqlarımızın düşməndən azad edilməsini görmək idi. Bu arzuma Ali Baş komandanımızın və Ordumuzun şücaəti sayəsində çatdım. 44 günlük Vətən müharibəsi Zəfərlə yekunlaşdı. Bir həkim kimi vurğulayım ki, torpaqlarımız nə qədər ki, düşmən tapdağı altında idi, sttersslər, depressiyalar  və  xəsətəliklər də çox idi. Çünki insanlarımız torpaq dərdi, qəmi çəkməklə böyük əsəb gərginlikləri keçirirdilər. Bu isə onların sağlamlıqlarına mənfi təsir göstərirdi. Artıq xəstəliklər azalmağa başlayır. Biz qalib xalqıq. Bütün xəstəliklərə sinə gərməliyik. Qarabağımızı cənnətməkan etməli, müqəddəs ziyarətgaha çevirməliyik. Çünki bura başdan-başa şəfa ocağıdır. İbn Sina deyib ki: “Sağalmaz  xəstəlik yoxdur. Ona görə gərək insanın iradəsi möhkəm olsun. Bitkiləri yaxşı  tanıyandan sonra onların  insan orqanizminə necə təsir etdiyini də bilirsən və özün öz həkimin olursan”. Təsdiq edilib ki, tibb sahəsində təbii üsulla müalicə kimyəvi dərmanlarla müalicədən qat-qat yaxşıdır. Tövsiyə və arzu edirəm ki,  insanlarımız müasir fizioterapiya sahəsinə daha çox üstünlük versinlər, vaxtaşırı fizioterapiya ilə müalicəyə  müraciət etsinlər. Onun effektini daha çox görə bilərlər.

 Ağalar İDRİSOĞLU, Əməkdar incəsənət xadimi

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər