Sumqayıt hadisələrinə həsr olunmuş dəyirmi masa keçirilib

674

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 1988-ci il fevralın 28-də Sumqayıtda baş verən hadisələrlə bağlı dəyirmi masa keçirilib.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov bildirib ki, Sumqayıt hadisələri Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilmiş təxribat idi. Bu təxribata əl atmaqla sübut etməyə çalışdılar ki, ermənilərlə azərbaycanlıların birgə yaşaması mümkün deyil. Tarixin müxtəlif dövrlərində Ermənistanın terrorçu təşkilatları Azərbaycan əhalisinə qarşı daim təxribat törədib, dinc əhaliyə qarşı zorakılıq tətbiq edib. Bu təxribatların növbəti məkanı Sumqayıt oldu.

Vurğulanıb ki, cinayətin təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması, qaranlıq qalan məqamları araşdırmaq üçün Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bu cinayət işi təkrar icraata götürülüb və bu xüsusda istintaq hərəkətləri davam etdirilir.

Əməkdar jurnalist, bu hadisələrin tədqiqatçısı Eyruz Məmmədov qeyd edib ki,1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində baş vermiş məlum hadisələrin fəal iştirakçılarından biri dəfələrlə məhkum edilmiş, milliyətcə erməni Qriqoryan Eduard Robertoviç adlı Sumqayıt şəhər sakini olub. Eduard Qriqoryan öz ətrafında adamları cəmləşdirib onlara rəhbərlik edərək, “ermənilərə ölüm”, “ardımca” və sair çağırışlarla özündə olan və əvvəlcədən hazırlanmış siyahıya əsasən erməni millətindən olan şəhər sakinlərinin evlərinə hücumlar həyata keçirib. Natıq bildirdi ki, bu hadisələrin mahiyyətini dünya ölkələrinə çatdırmaq üçün müxtəlif dillərdə kitab və broşürlər nəş edilib.

Sumqayıt Dövlət Universitetinin prorektoru,professor,bu hadisələr barədə bir neçə kitabın müəllifi Ramazan Məmmədov vurğuladı ki ,Sumqayıt şəhərində zərərçəkən ermənilərin əksəriyyəti “Krunk” cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub. Şahidlərin ifadələri ilə müəyyən edilib ki, “Krunk” cəmiyyətinə pul köçürən ermənilərin evləri hücuma məruz qalmayıb.

Digər çıxışçılar qeyd edib ki, hadisələrin icracılarından ən fəalının erməni olması, hadisədən 10 gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib bütün dünyanı dolaşdırılması və bu kimi faktlar sübut edir ki, Sumqayıt hadisələri Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilmiş təxribat idi.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər