Sumqayıt şəhəri ilə Novosibirsk şəhəri arasında Niyyət Protokolu imzalanıb

819

Əhalisinin sayına görə Rusiyanın üçüncü şəhəri hesab edilən Novosibirskin nümayəndə heyəti Sumqayıtda olmuşdur. Noyabrın 21-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin binasında Novosibirsk şəhəri ilə Niyyət Protokolu imzalanmışdır. Sənədi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Sadıqov və Novosibirsk şəhərinin meri Vladimir Qorodetski imzalamışlar.
AzərTAc xəbər verir ki, görüşdə iki şəhərin tarixi və inkişafı məsələlərinə toxunulmuşdur. Xüsusi vurğulanmışdır kİ, Azərbaycan və Rusiya prezidentlərinin sıx dostluğu iki ölkə arasında dostluq və mehriban qonşuluq münasibətlərinin uğurlu inkişafına kömək göstərmişdir. Qarşılıqlı əməkdaşlığın müxtəlif cəhətləri barədə fikir mübadiləsi olmuşdur. Qeyd edilmişdir ki, hər iki şəhərin tərəfdaşlıq münasibətləri sahəsində təcrübəsi vardır. Belə ki, dostlar siyahısında Sumqayıtın 14, Novosibirskin 12 dost şəhəri vardır. Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsü Osmanovun da iştirak etdiyi görüşdə iki şəhər arasında qardaşlıq münasibətlərinin yaradılmasına qarşılıqlı maraq ifadə edilmişdir. Yeri gəlmişkən, qeyd edək ki, fəal informasiya mübadiləsini stimullaşdıran yeni protokol hər iki regionun ticarət-iqtisadi, elmi-texniki, təhsil və mədəni əlaqələr yaratmaq və onları möhkəmləndirmək səyini nəzərdə tutur.
Görüşdə həmçinin protokolun həyata keçirilməsinə dair geniş məsələlər müzakirə olunmuşdur. Tərəflər sıx əməkdaşlığa hazır olduqlarını bildirmişlər.
Görüşün sonunda şəhərlərin rəhbərləri bir-birlərinə suvenirlər hədiyyə vermişlər.
Qeyd edək ki, noyabrın 19-dan Azərbaycanda olan Novosibirsk şəhərinin nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, paytaxtın görməli yerlərini gəzmiş, bir sıra müəssisələrin və Bakı Slavyan Universitetinin fəaliyyəti ilə tanış olmuşdur. Qonaqlar həmçinin Sumqayıtı gəzmiş, şəhərin yeni iri müəssisələrində – “Gilan tekstil” parkında və “Sağlam qida” kompleksində olmuşlar.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər