Sumqayıt teatrı repertuarını zənginləşdirir

1531

1959-cı ildə fəaliyyətə başlamış Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümünün həyatını yaşayır. Bu gün şəhərdəki yeniliklər sırasına daxil olanlardan biri də teatr binasına göstərilən qayğıdır. Bir zamanlar bu bina baxımsızlıq ucbatından arzuolunmaz vəziyyətə düşmüşdü. Sumqayıt Dövlət Dram Teatrının binası istifadəyə verildiyi 1959-cu ildən bəri bir dəfə də olsun əsaslı təmir edilməmişdi. İstilik sistemi köhnəlmiş binada normal qaydada tamaşaların məşqini belə aparmaq mümkün deyildi.

Ölkə rəhbərinin tapşırığı ilə burada təmir işləri genişləndirildi. Əsaslı təmir zamanı binanın bütün mühəndis-texniki qurğuları tamamilə yenidən quruldu. Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olundu. Teatrda tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika, işıqlandırma sistemləri və digər avadanlıqlar quraşdırıldı.

Teatrın interyerinin daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edilib. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunub, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib. Teatrın köhnə parket döşəməsi sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərlə üzlənib.

Bu gün teatr binası tam şəkildə təmir edilərək sumqayıtlıların sərəncamına verilib. Yenicə 50 illik yubileyini qeyd edən Sumqayıt Dövlət Dram Teatrı böyük əzmlə repertuarını zənginləşdirməkdədir. Teatr mövsümə rus xalq nağılı əsasında səhnələşdirilən “Kim güclü, kim ağıllı?” tamaşasının premyerası ilə başlayıb. Eyni zamanda yeni mövsümdə bir neçə maarifləndirici, tanıdıcı layihə də gerçəkləşdirilməkdədir. Layihələrin məqsədi tamaşaçılarla birbaşa ünsiyyətdə olmaq, dərsliklərdəki Azərbaycan və dünya dramaturgiyasından seçmə əsərlərin şagirdlərə səhnə yozumu ilə, əyani şəkildə nümayiş etdirmək, diskussiyaların təşkilindən və maarifləndirmədən ibarətdir.

Uğurlu layihələrdən biri də kiçik yaşlı kontingentə hesablanmışdır. Tamaşanın gedişində uşaqlara ünvanlanan suallar və onu tapanlara hədiyyələr verilməsi həmin tamaşaları daha canlı edir. Bu layihə çərçivəsində yaradıcı kollektiv “Kaspi” uşaq bağçasının kiçik üzvlərinin qonağı olub və rejissor Ayla Osmanovanın sözləri ilə desək, teatr uğurlu nəticələrlə geri qayıdıb. Belə ki, bağçada verilən tamaşada yaxınlıqda yerləşən binalardan yüzlərlə könüllü tamaşaçı da iştirak edib. Məhz buna görə aktyorlar əlavə olaraq üç dəfə əsəri səhnəyə qoyublar. Rolları Kamran Muradlı, Aynur Hümbətova, Ceyhun Məhərrəmov, Dağlar Rüstəmov, Sevda Hüseynova, Rövşən Əsgərov və Elmir Mehdiyev ifa ediblər.Tamaşa vasitəsilə öyrənmə çağında olan körpə fidanlara ağlın, cəsarətin qol gücündən üstün olmasının vacibliyi mesajı ötürülüb.

Yeni ildə teatrın repertuarı genişdir. Qrimm qardaşlarının “İtkin qız”, Con Patrikin “Qocanı öldürməliyik”, rus xalq nağılı əsasında “Kim güclü, kim ağıllı?” və “Çeburaşkanın yeni il sərgüzəştləri”, Elçinin “Qatil” əsərləri dekabrdan başlayaraq tamaşasevərlərin ixtiyarına verilib. Bu tamaşalar orta məktəb şagirdləri, yeniyetmələr üçün də aktualdır. Elə bunu nəzərə alan teatrın direktoru, əməkdar artist Mübariz Həmidovun təşəbbüsü ilə məlum kontingent teatrda səhnə əsərini izlədikdən sonra tamaşanın müzakirəsinə dəvət olunub. İlk təşəbbüs Sumqayıt şəhər 31 saylı məktəbin şagirdləri tərəfindən irəli sürülüb. Tamaşada şagirdlər nəzəriyyədə oxuduqlarını vizual seyr edə bilib və bir anlıq hadisələri aktyorlarla birgə yaşayıblar. Bu tipli tamaşalar milli dəyərlərimizin, mədənyyətimizin, tariximizin məktəblilərə aşılanmasında mükəmməl vasitədir. Tamaşadan sonra uşaqlarla aparılan diskussiyada fərqlənənlər mükafatlarını da alıblar.

Beləcə, cari ili uğurla başa vuran teatrın kollektivi il sonu və yeni ilin əvvəlində tamaşaçıları intizarda qoymayacaq. Çünki təmir edilmiş binanın gözəlliyini tamaşalarla zənginləşdirmək onların – aktyorların işidir.

Akif ƏLİYEV,

“Azərbaycan”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər