Zakir Fərəcov “Göyərçin” abidəsinin müəllifini qiymətləndirdi – FOTOLAR

1281
Bu gün Sumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt şəhər İcra Hakimiyyəti, şəhər Mədəniyyət və Turizm idarəsi, Sumqayıt Dövlət Rəsm Qalereyası ilə birgə monimentalist rəssam Vaqif Nəzirovun 75 illik yubileyinə həsr olunmuş “Sumqayıta bağlanmış sənət ömrü- 45 il” adlı fərdi sərgisi keçirilib.
Sərgidə ümumilikdə 27-yə yaxın rənkgarlıq işləri, 4 ədəd gips işləri, 2 ədəd mis oyma işləri nümayiş olunub.
Sumqayıt şəhər İcra Hakimiyyəıtinin başçısı Zakir Fərəcov tədbirə qatılaraq rəssamın əl işləri ilə yaxından tanış olub.
Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov yubilyarı təbrik edib, ona xoş arzularını çatdırıb və 75 illik yubileyi, o cümlədən incəsənət sahəsində uzun muddətli səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif edib. Mehman Şükürov çıxışında şəhər İcra Hakimiyyəıtinin başçısı Zakir Fərəcova tədbirdə iştirakına və mədəniyyət işçilərinə hər zaman dəstək olduğuna görə təşəkkür edib.
Yubilyarı təbrikə gələn Əməkdar memar Hafiz Əmirxanov, şair Vahid Əziz çıxış edərək ürək sözlərini bildirib, xatirələrini bölüşüblər.
Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tədbirdə çıxış edib. O, bildirib ki, Vaqif Nəzirov hələ sağ ikən özünə abidə qoymuş bir insandır. İllər keçəcək adı Sumqayıtın rəmzi olan Sülh Göyərçini abidəsi ilə bərabər çəkiləcək, nəsillərdən nəsillərə ötürüləcək. İcra başçısı onu da bildirib ki, artıq Sumqayıt beynəlxalq aləmdə də Sülh göyərçini abidəsi ilə tanınacaq. Belə ki, Göyərçin abidəsinin əksi olan xalçalar və metal lövhələr hazırlanır və hədiyyə olaraq şəhərimizə gələn qonaqlara təqdim olunacaq. Yubilyarı təbrik edərək xoş arzularını çatdıran İcra başçısı, ona hədiyyələr təqdim edib və yaxın zamanlarda Sumqayıtda rahat işləyib və fəaliyyət göstərməsi üçün 2 otaqlı mənzillə təmin edəcəyini bildirib, xatirə kitabına ürək sözlərini yazıb.
Tədbirdə Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbinin fortepiano sinfinin şagirdləri Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər