Bakı Dövlət Universitetinin (BDU) 18 yaşlı dördüncü kurs tələbələri Nigar Veysəlova və Turanə Tağıyeva magistratura pilləsinə yüksəliblər.
Kimya fakültəsinin məzunu Nigar Veysəlova təhsilini dövlət sifarişi əsasında 131 balla qəbul olduğu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft Kimya Prosesləri İnstitutunda Nanomateriallar kimyası ixtisası üzrə, Beynəlxalq münasibətlər fakültəsinin məzunu Turana Tağıyeva isə 114 balla qəbul olduğu BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə davam etdirəcək.
Oxu.Az-a danışan N.Veysəlova bildirib ki, valideynləri kimyanı çox seviblər və bu ixtisasa sevgini əvvəlcədən ona aşılayıblar:
“2000-ci ildə Sumqayıt şəhərində ziyalı ailəsində doğulmuşam. Atam Rövşən Veysəlov Sumqayıtda Karate Federasiyasının sədri olub. Bir müddət əvvəl rəhmətə gedib. Respublikanın Əməkdar məşqçisi, karate üzrə V dan qara kəmər ustası idi. Təhsilimdə mənə ən böyük dəstək verən insan olub. Anam isə energetika mühəndisliyi ixtisasını bitirib, hazırda evdar xanımdır.
2004-cü ildə Sumqayıt şəhəri 26 saylı orta məktəbə daxil olmuşam və 2015-ci ildə həmin məktəbi bitirmişəm. Həmin il qəbul imtahanında 523 balla Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşam. Müəllimlərimin də bu yerə çatmağımda əməyi çox olub”.
N.Veysəlovanın fikrincə, Azərbaycanda nanokimya sahəsinin inkişafına ehtiyac var:
“Nanokimya sahəsi Azərbaycanda yeni sahə olsa da, xaricdə çox yaxşı inkişaf edib. Bu ixtisası seçməkdə məqsədim xaricdə təcrübə qazanıb, bu sahəni ölkəmizdə inkişaf etdirməkdir”.