2025-ci il dövlət büdcəsi layihəsinə TAHİR MİRKİŞİLİNİN RƏYİ - VİDEO

463

Deputat Tahir Mirkişili Milli Məclisdəki büdcə müzakirələrində çıxış edib.


Tahir Mirkişili ilk növbədə ətraflı təqdimata görə hökumət üzvlərinə, Mərkəzi Banka və Hesablama Palatasına öz minnətdarlığını bildirib:

“Keçən həftə ərzində komitələrdə keçirilən peşəkar müzakirələr, hökumət üzvlərinin geniş cəlb olunması dövlət büdcəsinin bütün parametrlərinin geniş müzakirəsinə imkan yaratdı. Təqdim olunmuş dövlət büdcəsinin layihəsi həcm etibarilə son illərin ən böyük büdcəsidir. 2025-ci il ÜDM-nin 29.7%-ni təşkil edən 38.3 mlrd manatlıq gəlir, ÜDM-in 32%-ni təşkil edən 41.3 mlrd manatlıq xərc ilə dövlət büdcəsi layihəsi kifayət qədər mühüm bir sənəddir”.

Tahir Mirkişilinin fikrincə, təqdim olunmuş layihəyə konseptual münasibət bildirmək üçün layihəni əsasən 5 aspektdən qiymətləndirmək lazımdır:

“Bunlar növbəti il və sonrakı 3 il üçün proqnozlaşdırılan makro çərçivə, gəlirlərin bu çərçivəyə uyğunluğu, xərclərin dövlət və cəmiyyət qarşısında duran çağırışlarla uzlaşması, kəsirin riski və büdcə qaydasına əməl olunmasıdır. Birincisi, cari iln sonunda ölkədə ÜDM-in 4.2%, qeyri-neft sektorunun isə 6.4% böyüməsi, orta illik inflyasiyanın 2.7% olması, əhalinin real gəlirlərinin 4.5% artması fikrimcə, yaxşı göstəricidir.

Nəzərə alsaq ki, cari ildə qlobal iqtisadi artım təxminən 3% olub, inflyasiya 5.8% olub – o zaman bizim göstəricilərin nisbətən yüksək olması dərhal nəzərə çarpır. Həm də xatırlatmaq yerinə düşər ki, biz bu göstəricilərə bəzi ölkələr kimi süni şəkildə idxalı və ixracı, yenidən ixracı artıraraq, sanksiyalarla alver edərək deyil, təbii şəkildə, heç bir beynəlxalq qanun pozuntuları etmədən nail olmuşuq. Növbəti ildə ÜDM artım tempinin 3.5%, qeyri-neft sektorunun 4.9% proqnozlaşdırılması da fikrimcə, məqbuldur. Cari ildə iqtisadi artıma, məcmu tələbin artımına təkan verən sahələrin və amillərin təhlili bu qənatə gəlməyə əsas yaradır. Baza ssenari üzrə neftin qiymətinin 70 dollardan götürülməsi reallığa çox yaxındır. Beynəlxalq təşkilatlar da 2025-ci ildə neft qiymətləri üzrə proqnozu 70-80 dollar arasında veriblər.

Maliyyə Nazirliyinin təqdimatına görə, qiymətin 60 dollara qədər düşdüyü halda dövlət büdcəsinin neft-qaz gəlirlərinin 340 mln manat azalacağı göstərilir. Hesab edirəm ki, bu halda belə hökumətin bu riski idarə etmək imkanları mövcud olacaq. Qaz qiymətləri hesab edirəm ki, baza ssenaridə göstərilən 242 dollardan çox olacaq. Bu fərq həm də neft qiymətlərinin volatilliyini kompensasiya edə biləcək. Avropa Birliyi və Çin iqtisadiyyatında baş verən hadisələr qaza olan tələbatın artacağını deməyə imkan verir. Həm də nəzərə alsaq ki, dünyanın yaşıl enerji gündəliyində qaz “keçid yanacaq” kimi qəbul edilir, o zaman yaşıl gündəlikdə belə qaza olan tələbat artacaq. Növbəti ildə orta illik inflyasiyanın 4.6%-dək yüksələcəyi yaxşı xəbər olmasa da, qlobal inflyasiyanın növbəti ildə 4.3% olacağı ilə bağlı proqnozlar bu rəqəmi məqbul edir. Fikrimcə, eyni zamanda iqtisadi aktivliyi artırmaq üçün əlavə maliyyə imkanları cəlb olunmalıdır. Mərkəzi Bankın məlumatına görə, kredit portfelinin hər üç elementi üzrə (biznes, istehlak, ippoteka) 19.5% artmın baş verməsi növbəti ildə iqtisadi artıma dəstək verəcək”.

T. Mirkişili ikinci mühüm məqama diqqət çəkib:

“Göründüyü kimi, dövlət büdcəsinin gəlirləri 1.928 mlrd manat artırılaraq 38.316 mlrd manata çatdırılıb. Bunun da 19.5 mlrd manatı qeyri-neft qaz sektorundan formalaşır (qeyri-neft qaz ÜDM-in 21% i).

Qeyd edim ki, DNF fondundan transfert artımını nəzərdə tutmasaq, o zaman dövlət büdcə gəlirlərinin artımı 228 mln manat təşkil edəcək.

129.2 mlrd manatlıq ÜDM üçün 38.3 mlrd manatlıq dövlət büdcəsi gəlirləri məncə, məqbul hesab edilə bilər. Qeyri-neft qaz (QNQ) sektorunun gəlirlərinin 924 mln manat artırılması (5%) QNQ sektorunun artım proqnozlarına uyğundur, hətta deyərdim ki, proqnozu da üstələyir. Dövlət Vergi Xidməti tərəfindən proqnozlaşdırılan qeyri-neft sektoru üzrə daxilolmaların 9% və ya 1 mlrd manat artırılması sektor üzrə ÜDM-in artım tempini üstələyir. Əminəm ki, ölkədə vergi mədəniyyətinin formalaşmasına və effektiv icra mexanizmlərinin yaradılmasına nail olan DVX bu öhdəliyi icra edə biləcək. Dövlət Neft Fondundan transfertin artırılması hesab edirəm ki, indiki geosiyasi vəziyyətdə çağırışların tələbi ilə reallaşdırılacaq. Dövlət Gömrük Komitəsi tərəfindən də nail olunan bu ilin icra göstəriciləri növbəti ildə 165 mln manat artırılmış öhdəliyin icra edilməsinə əminlik yaradır”.

Millət Vəkili Tahir Mirkişili qeyd edib ki, dövlət büdcəsinin xərcləri 1625.3 mln manat artırılaraq 41367.6 mln manata çatdırılıb:

“Xərclərin ÜDM-də çəkisinin 32% olması məqbuldur. Möhtərəm Prezident cənab İlham Əliyevin VII çağırış Milli Məclisin açılışında etdiyi çıxış zamanı ölkə qarşısında duran əsas vəzifələri elan edib. Eyni zamanda, dövlət başçısının sosial-iqtisadi siyasətinin istiqamətləri də müəyyən olunub. Təhlillər göstərir ki, dövlət büdcəsi xərclərində bu istiqamətlər nəzərə alınıb. Hərbi xərclərin artırılmasını dəstəkləyirəm, indiki zamanda bu bizim üçün çox vacibdir. Sosial yönümlü xərclərin ilk dəfə olaraq 1.370 mlrd man artırılalaraq ümumi xərclərin 41%-nə çatdırılmasını əhalinin sosial rifahının yaxşılaşması baxımından müsbət hal hesab edirəm”.

Tahir Mirkişili bildirib ki, 2025-ci il dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin cari ilə nisbətən azalaraq 2.4% olması məqbul göstərici sayıla bilər:

“Kəsirin maliyyələşməsində daxili borclanmaya üstünlük verilməsi əvvəlki illərdə tətbiq olunan metodlardan biridir. Kəsirin maliyyələşməsində ciddi risklər görünmür”.

Nəhayət, beşinci mühüm məqama diqqət çəkən millət vəkili qeyd edib ki, 2025-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə dair izahata əsasən, “Büdcə sistemi haqqında” Qanuna, o cümlədən büdcə qaydasına dəyişiklik edilməsi və icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin yuxarı həddinin yalnız ortamüddətli dövrün sonuna müəyyənləşdirilməsi nəzərdə tutulub:

“2028-ci il üzrə müvafiq göstəricinin 15,5% səviyyəsində müəyyən edilməsi təklif olunur. Hesab edirəm ki, bu yanaşma büdcə siyasətində çevik idarəetməyə şərait yaradacaq. Beləliklə, bütün bu aspektlərdən təhlil etdikdə 2025-ci il dövlət büdcəsi layihəsinin növbəti ildə dövlət və cəmiyyət qarşısında duran məsələlərin həllinə lazımi maliyyə təminatının yaradacağı əminliyi yaradır. Bunları nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilmiş 2025-ci il dövlət büdcəsi haqqında qanun layihəsini dəstəkləyirəm və həmkarlarımı da layihəni dəstəkləməyə çağırıram!”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər