26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü hər bir azərbaycanlı üçün qürur, şərəf və iftixar günüdür

150

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü təkcə peşə bayramı deyil, həm də dövlətimizin müstəqilliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün əsas təminatçısı olan Azərbaycan Ordusunun keçdiyi şərəfli yolun təntənəsidir. Bu gün Silahlı Qüvvələrimizin qazandığı uğurlar, əldə etdiyi tarixi qələbələr və gələcək inkişaf perspektivləri haqqında danışarkən, ilk növbədə müasir Azərbaycan Ordusunun banisi olan Ümummilli Lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır.
Azərbaycan Ordusunun bugünkü qüdrətinin təməli məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində qoyulmuşdur. Hələ sovet dövründə Azərbaycanda milli hərbi kadrların hazırlanmasına böyük önəm verən Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Sonrakı illərdə minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu hərbi təhsil müəssisələrində oxumasına şərait yaradıldı. Bu siyasət sonradan müstəqil Azərbaycanın peşəkar zabit korpusunun formalaşmasında mühüm rol oynadı. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər ölkədə sabitliyi təmin etməklə yanaşı, nizami ordu quruculuğuna başladı, pərakəndə silahlı dəstələri vahid komandanlıq altında birləşdirdi və müasir Milli Ordunun əsaslarını yaratdı.
1994-cü ildə atəşkəs əldə olunduqdan sonra Silahlı Qüvvələrin inkişafı daha sistemli xarakter aldı. Ordunun maddi-texniki bazası möhkəmləndirildi, döyüş hazırlığı gücləndirildi, hərbi təhsil sistemi təkmilləşdirildi və beynəlxalq əməkdaşlıq genişləndirildi. Məhz həmin dövrdə qoyulan möhkəm təməl sonrakı illərdə Azərbaycan Ordusunun regionun ən güclü hərbi qüvvəsinə çevrilməsini təmin etdi. Ulu Öndərin “Güclü dövlətin güclü ordusu olmalıdır” fikri bu gün də ölkəmizin təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.
Ümummilli Liderin müəyyən etdiyi strateji kurs Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə yüksəldilmişdir. Son iyirmi ildən artıq müddətdə Azərbaycan Ordusu ən müasir silah və texnika ilə təchiz edilmiş, hərbi sənaye kompleksi yaradılmış, hərbçilərin sosial müdafiəsi gücləndirilmiş, döyüş hazırlığı ən yüksək səviyyəyə çatdırılmışdır. Ordumuzun arsenalına daxil edilən müasir pilotsuz uçuş aparatları, raket sistemləri, radioelektron mübarizə vasitələri və digər yüksək texnologiyalar onun döyüş imkanlarını əhəmiyyətli dərəcədə artırmışdır. Bütün bunlar Prezident İlham Əliyevin ordu quruculuğunu dövlət siyasətinin prioritet istiqaməti elan etməsinin məntiqi nəticəsidir.
Azərbaycan Ordusunun gücü ilk növbədə 2016-cı ilin Aprel döyüşlərində özünü göstərdi. Dörd gün ərzində düşmənə sarsıdıcı zərbələr endirən ordumuz strateji yüksəklikləri və mühüm əraziləri azad etdi. 2018-ci ildə Günnüt əməliyyatı zamanı isə Naxçıvan istiqamətində əlverişli mövqelər nəzarətə götürüldü. Bu uğurlar həm Azərbaycan cəmiyyətində qələbə əzmini daha da gücləndirdi, həm də ordumuzun qarşısında duran ən böyük vəzifənin – torpaqlarımızın işğaldan azad edilməsinin mümkün olduğunu nümayiş etdirdi.
2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin ən parlaq səhifəsinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu misilsiz şücaət göstərərək Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri də daxil olmaqla yüzlərlə yaşayış məntəqəsini işğaldan azad etdi. Xüsusilə Şuşa əməliyyatı dünya hərb tarixində özünəməxsus yer tutdu. Dağları, qayaları aşaraq düşmən mövqelərinə daxil olan Azərbaycan əsgəri Vətən sevgisinin, qəhrəmanlığın və peşəkarlığın ən ali nümunəsini nümayiş etdirdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Ermənistanın kapitulyasiyasını rəsmiləşdirdi və Azərbaycan xalqı tarixi Zəfərə qovuşdu.
2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə dövlət suverenliyimizin tam bərpası ilə nəticələndi. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi və Azərbaycan Respublikasının Konstitusiya quruluşu bütün ərazilərimizdə təmin edildi. Bununla da uzun illər davam edən işğal və separatizm dövrünə son qoyuldu. Azərbaycan Ordusu bir daha sübut etdi ki, qarşıya qoyulan istənilən vəzifəni yüksək peşəkarlıqla yerinə yetirməyə qadirdir.
Bu gün Azərbaycan Ordusu artıq qalib ordudur. Qarabağ və Şərqi Zəngəzurda yeni hərbi hissələr yaradılır, komando briqadaları formalaşdırılır, hərbi təhsil sistemi təkmilləşdirilir və Türkiyə Silahlı Qüvvələrinin qabaqcıl təcrübəsi əsasında yeni islahatlar həyata keçirilir. Güclü iqtisadiyyat, müasir silahlanma, peşəkar hərbi heyət və xalqla ordunun sarsılmaz birliyi Azərbaycan Silahlı Qüvvələrinin gələcək uğurlarının əsas təminatçısıdır. 26 İyun – Silahlı Qüvvələr Günündə hər bir Azərbaycan hərbçisi böyük qürur hissi ilə deyə bilər ki, bu gün xidmət etdiyimiz ordu Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanmış, ərazi bütövlüyümüzü və dövlət suverenliyimizi tam bərpa etmiş qüdrətli Azərbaycan Ordusudur. Qarabağ ordenli, qazi Polkovnik-leytenant Ehtiram Məmmədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər