“ 28 may Respublika Günü”nə həsr olunmuş III mini-futbol yarışının açılışı olub

1006

23 may 2013-cü il tarixində Heydər Əliyevin abidəsinin önündə Sumqayıt şəhər İcra hakimiyyətinin təşəbbüsü və Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən məhəllə və mikrorayonlar arasında “ 28 may Respublika Günü”nə həsr olunmuş III mini-futbol yarışının açılış mərasimi olmuşdur.

 Tədbirdə qeyd edilmişdir ki, böyüməkdə olan nəslin fiziki və mənəvi inkişafında idmanın rolu danılmazdır. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin reallığını ilk gündən düzgün qiymətləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. O, istəyir ki, Azərbaycan balaları sağlam böyüsün, ölkəmizin layiqli vətəndaşları kimi formalaşsınlar. Bu baxımdan ölkəmizdə və şəhərimizdə bədən tərbiyəsi və idmana böyük diqqət yetirilir. Çünki idman təkcə yüksək nəticələr qazanmaq deyıl, o həm də hər millət üçün ilk növbədə sağlamlıqdır. Ona görə də qısa müddət ərzində ölkəmizdə 35 Olimpiya Kompleksi  tikilmişdir. Sevindirici haldır ki, təkcə son iki ildə cənab Prezidentimizin iştirakı ilə şəhərimizdə böyük bir idman məktəbi və Olimpiya Kompleksi istifadəyə verilmişdir.

Aparılan ardıcıl və məqsədyönlü işlər nəticəsində ölkəmizdə, o cümlədən şəhərimizdə böyük nailiyyətlər qazanmış idmançılar ordusu yetişmişdir. Son illər şəhərin tarixində ilk dəfə olaraq 6 nəfər Olimpiya və Paralimpiya Oyunlarının mükafatçısı olmuş, 75 nəfər Dünya, Avropa çempionatı, birincilikləri və Kubok yarışlarının qalibi adına layiq görülmüşdür. Şübhəsiz ki, böyük idmana gedən yol kütləvi bədən tərbiyəsi və məhəllələrdə idman hərəkatı və yarışlarından başlanır. Böyük inam hissi ilə bildirilmişdir ki, buraya toplaşan  yarış iştirakçılarının arasından gələcəyin məşhur futbolçuları, idmançıları çıxacaq.

Sonra Dövlət Himni səslənmişdir. Dövlət himnindən sonra bədii proqram nümayiş etdirilmişdir.

Yarışların açılış mərasimində şəhərin 68 məhəllə və mikrorayonlarından 100-dən artıq komandada 1000–dən çox yeniyetmə iştirak etmişdir. Startı may ayında verilən yarışlara iyul ayının 3-də yekun vurulacaqdır.

Yarışlar son illər ərzində yenidən qurulan nümunəvi məhəllələrdə inşa edilmiş meydançalarda keçiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər