28 may – Xalqımız üçün əziz gün

390

28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrilib. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir-çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Həmçinin Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Bu parlaq tarixi yazanlar isə müstəqil Azərbaycan amalı uğrunda mübarizə aparan xalqımızın mütərəqqi fikirli ziyalıları – Məmməd Əmin Rəsulzadə, Fətəli Xal Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov kimi bir çox dövlət xadimləri olmuşdur.

Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülmüşdür. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçmüşdür. Ölkənin qanunvericilik orqanı ana dilimizi Azərbaycan dövlət dili elan etmiş, dövlət rəmzlərini – respublikanın himnini, bayrağını təsdiq etmiş, dövlət gerbinin yaradılması işinə başlamışdır. Dövlət quruculuğu ilə bağlı parlament  “Azərbaycan vətəndaşlığı haqqında”, “Milli bankın yaradılması haqqında”, “Bakı Dövlət Universiteti haqqında”, İngiltərə, Fransa, İtaliya, İsveçrə, Polşa və ABŞ-da diplomatik nümayəndələrin təsis edilməsi, ölkədə yeddi müəllim və bir qadın seminariyasının, qəza mərkəzlərində orta məktəblərin açılması, uşaq bağçaları sisteminin yaradılması, yüz nəfər azərbaycanlı gəncin təhsil almaq üçün dövlət hesabına xaricə göndərilməsi və s. qanun və qərarlar qəbul etmişdir. Beləliklə, hökümət tərəfindən 24 iyun 1918-ci ildə əvvəlcə, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi. Daha sonra 9 noyabr 1918-ci ildə isə həmin bayraq üç rəngli – mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan bayraqla əvəz olundu. Hökümətin aldığı qərar ilə Azərbaycan qadını dövlət idarəçiliyinə cəlb edildi. 27 iyun 1918-ci ildə Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qanun imzalandı. Birinci Dünya müharibəsində böyük dövlətin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən  Azərbaycan hökuməti öz fəaliyyətinin mühüm hissəsinin dövlət müstəqilliyinin qorunub saxlanmasına və ordu quruculuğu məsələlərinə yönəltdi. 26 iyun 1918-ci ildə Azərbaycan ordusunun yaradılması haqqında qanun qəbul edildi.

Azərbaycan Demokratik Respublikasını 4 iyun 1918-ci ildə rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti oldu.  Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi.

Qısa müddət ərzində dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrində həyata keçirilmiş mütərəqqi siyasət Azərbaycanda müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynadı. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq, müvəqqəti olaraq devrildi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil edldi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

1991-ci ildən 28 May tarixi Respublika Günü dövlət bayramı kimi qeyd edildi. Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldıldıAzərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edildi və həmin gün Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 28 May – Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edildi.

Cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırdı. Bununla da müstəqilliyə gedən yolun əsası qoyuldu. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.

Ulu Öndərimiz dəfələrlə bildirirdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, bunu Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Xalqımız Vətəni, azadlığı, suverenliyi uğrunda fədakar xalqdır. Bunu hər zaman sübut edib. Hər kəs başa düşməlidir ki, biz sülh istəyirik deyəndə tam müstəqilliyi nəzərdə tuturuq.

Fərəhli haldır ki, hazırda müstəqil dövlətimiz bir çox mötəbər, beynəlxalq tədbirlərə məharətlə ev sahibliyi edir. Bu isə ölkəmizin dünyada artan nüfuzundan və ona olan dərin inamdan xəbər verir.  Azərbaycan təkcə  regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji əməkdaş kimi qəbul edilir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümünü xalqımız artıq qürur və sevinc hissi ilə qarşılayır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun düşmənə qarşı 27 sentyabr 2020-ci il tarixdən başlayaraq cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistan ordusu üzərində  Möhtəşəm  Qələbəsi ilə dövlətimizin ərazi bütövlüyü bərpa edilmişdir. Bu isə dövlət müstəqilliyimizin ildən-ilə möhkəmləndiyini qüdrətinin daha da artdığını göstərir.  Bu sevinci, qüruru, tarixi qələbəni yaşadıqları üçün Ali Baş Komandan İlham Əliyevə və Milli Ordumuza minnətdarıq. Şəhidlərimizin ruhları qarşısında baş əyir, qazilərimizə, hərbçilərimizə, Vətənin keşiyində duran igid oğullarımıza sağlamlıq, güc-qüvvət arzulayırıq.

Bir daha əminliklə söyləyə bilərik ki,  müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır.

Müstəqillik günümüz mübarək!

Elşad Eyvazov, əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər