9 futbolçu, 95 oyun, 9 qol

1584

Ölkə hüdudlarından kənarda top qovan legionerlərimiz üçün cari “futbol ili”nin başa çatan mövsümü digər mövsümlərdən o qədər də fərqlənmədi. Nə həmyerlilərimizin çıxış etdiyi klubların səviyyəsi, nə də sözügedən futbolçularımızın performansı ürəkaçan olmadı.Təəssüf  ki, futbolçularımız hələ də Avropa ölkələrinə dəhliz açmaqda çətinlik çəkir. Ayrı-ayrı vaxtlarda İspaniya, Portuqaliya, Türkiyə, Rusiya, Finlandiya, İsrail, İslandiya kimi futbol ölkələrinin çempionatlarının güclülər dəstəsində forma geymiş futbolçularımız olsa da, indi belə hal müşahidə olunmur. Başqa sözlə, indiki halda futbolçularımız keçmiş SSRİ  və Türkiyə sərhədlərini aşıb qitəyə yol tapa bilmir. Almaniya klublarında  top qovan bəzi milliləşdirilmiş və ya məhz bu ölkədə yetişmiş az saylı legionerlərimizi nəzərə almasaq, cari mövsümdə ölkə xaricində top qovan dəri top ustalarımız yalnız qonşu ölkələrdə forma geyməkdədir. Ölkə xaricindəki legionerlərimizn sayı barmaqla sayılacaq qədər az olsa da, onların çıxışı azərbaycanlı azarkeşlər üçün daim maraq doğurur. Odur ki, karyerasını Azərbaycandan kənarda  sürdürən və əsas milli komandamızda forma geyən futbolçularımızın “cari futbol ili” necə keçirdiyinə nəzər salmağa qərar verdik.

Legionerlərimizin ən uğurlu məskəni – Rusiya

Müstəqilliyin ilk illərində Rusiyaya üz tutan futbolçularımız özünü yaxşı tərəfdən göstərə bilmişdi. Hər halda, Vəli Qasımovun bombardirlik keyfiyyətlərini göstərərək postsovet məkanından İspaniyaya yollanması, eləcə də Nazim Süleymanovun uzun illər çıxış etdiyi “Alaniya”nın rəmzinə çevrilməsi dediklərimizin təsdiqi sayıla bilər. Bundan başqa, ayrı-ayrı vaxtlarda birinci dəstədə top qovan Qurban Qurbanov, Vyaçeslav Lıçkin, Emin Ağayev, Rasim Abışov kimi həmyerlilərimiz də komandalarında əsas söz sahiblərindən sayılırdı. Lakin bütün bunlar yalnız xoş xatirələrdir. Son dövrlərdə şimal qonşumuza üz tutan bir çox futbolçularımız qısa zamanda geri dönməli oldu. Yeni mövsüm də isə Rusiyanın yüksək dəstəsində bir həmyerlimiz göründü ki, bu da yanvarda “Xəzər Lənkəran”ı  “Rubin”ə dəyişən milli komandamızın üzvü Ruslan Abışovdur. Cari “futbol ili”nin mövsümlərarası dövrdə transfer olduğu Kazan təmsilçisində artıq başa çatan çempionatda bir oyun keçirən Abışov “Amkar”la matçda 90 dəqiqə meydanda olub. Milli komandamızın müdafiəçisi iki oyunda isə  komandanın əvəzedici heyətində forma geyib.

Yeni ünvan Ruminiya

Ötən yay Moldovaya yollanan və Ramin Nəsibov, Elmar Xeyirov və Daniel Axtyamovdan sonra Moldovada top qovan 4-cü futbolçumuz olan  Elhad Nəziri   mövsümə Moldova “Milsami”sində başladı. Lakin Elhad yarım ilin böyük hissəsini ehtiyatda keçirdi. 20 turda 6 qarşılaşmaya çıxıb, 464 dəqiqə oynadı və 2 sarı vərəqə ilə cəzalandı. Bundan sonra isə rumıniyalı baş məşqçi Ştefan Stoykanın da məsləhətindən yararlanıb “Petrolul”a baxışa getdi. Tanınmış Kosmin Kontra onu “Zeta” (Çernoqoriya) və “Liteks”lə (Bolqarıstan) matçlarda ümumilikdə 89 dəqiqə sınayıb, 3,5 illik müqavilə imzalanmasını istədi. Bununla da, millimizin üzvünün  Ruminiya karyerası başladı. Milli komandamızın müdafiəçisinin yeni klubundakı debütü isə Ruminiya çempionatının  26-cı turuna təsadüf etdi. “Qloria Bistrita” qarşısında son 18 dəqiqədə forma şansı qazanan  21 yaşlı arxa xətt oyunçusu bu mövsüm ümumilikdə 482 dəqiqə forma geyindi. Onu da qeyd edək ki, millimizin üzvünün komandası bu mövsüm Ruminiya kubokunu qazansa da, həmyerlimiz kubok yarışlarında oynamaq imkanı qazanmamışdı.

Raillə Arif eyni komandada

İndiyə qədər Türkiyə çempionatında bir çox legionerlərimiz forma geyib. Onların arasında az –çox Rəşad Sadıqovun qardaş ölkədəki çıxışını qənaətbəxş saymaq olar. Müxtəlif  vaxtlarda Türkiyəyə üz tutmuş  Vyaçeslav Lıçkin, Nadir Şükürov, Vidadi Rzayev, Rafael Əmirbayov, Vitali Kavalyov,Mahir Şükürov,  Romal Hüseynov,  Amit Quluzadə və Cavid Hüseynov kimi futbolçularımız isə uğursuzluğa düçar olaraq geri qayıtmalı olub.Yenicə yekunlaşan  mövsümdə qardaş ölkədə Azərbaycan futbolunu təmsil edən həmyerlilərimiz isə cari “futbol ili”nin əvvəlində “Neftçi”dən “Dənizlispor”a gedən Rail Məlikovla qışda onun komanda yoldaşına çevrilən sabiq AZAL-lı  Arif  İsayevdir. May ayının ikinci həftəsində sona çatan Türkiyə birinci liqasınında ümumilikdə 25 matça start heyətində çıxan Rail Məlikov bu qarşılaşmalarda üst-üstə 2245 dəqiqə forma geyib. Passivinə iki sarı və bir qırmızı vərəqə yazdıran müdafiəçi üç görüşdə isə ilk “onsəkkizlik”də olsa da, məşqçinin etimadını qazana bilməyib.

“Dənizlispor”un digər azərbaycanlı üzvü Arif  İsayev isə yuxarıda da qeyd etdiyimiz kimi cari mövsümün qış fasiləsindən etibarən legioner həyatı yaşamağa başlaıdı. Geridə qalan turlarda  Dənizli təmsilçisinin heyətində beşi start heyətində olmaqla  ümumilikdə 12 qarşılaşmaya çıxan İsayev 454 dəqiqə meydanda olub və son altı matçda üç qola imza atıb.

Rusiyada doğulub, Almaniyada oynayan azərbaycanlı

Azərbaycan futbol ictimaiyyətinin ilk dəfə milli komandamızın ötən ilin dekabr ayındakı təlim məşq toplanışında tanıdığı Rüfət Dadaşov Almaniyada top qovur.   Almaniya Regionalliqasının Cənub-Qərb zonasında  mübarizə apparan “Kayzerslautern”in ikinci komandasının şərəfini qoruyan  22 yaşlı forvard  Rusiyada doğulsa da, karyerasına hazırkı komandasında başlayıb. Son vaxtlar milli komandamıza da cəlb olunan hücumçunun  klubundakı karyerası isə uğurlu alınmır. Belə ki, cari mövsümdə  “Kayzerslautern”in ikinci komandasında geridə qalan turlarda dördü start heyətində olmaqla 18 matça çıxan həmyerlimiz  ümumilikdə 546 dəqiqə forma geysə də, qol hesabını aça bilməyib.

Baltika sahillərində azərbaycanlı izi

Zaur Tağızadə, Ruslan Musayev və Elçin Rəhmanovun Estoniyada, Elman Sultanovun isə Litva çempionatında çıxış etdiyi illər çoxdan tarixə çevrilib. Baltika sahillərində futbolumuzun hazırkı təmsilçisi isə Sumqayıtda doğulan, amma bütün ömürünü Latviyada keçirən milli komandamızın üzvü Vüqar Əsgərovdur.  2011-ci ilin yayından bu ölkənin “Metallurq” klubunun şərəfini qoruyan 27 yaşlı hücumçu hazırda  komandasının əsas simalarından hesab olunur.  Mövsümün yeni start götürdüyü Latviya çempionatında hələlik 9 tur geridə qalıb. Son iki matçı zədə səbəbindən buraxan, qalan bütün oyunlarda isə  ilk “onbirlik”də meydana çıxan Əsgərov ümumilikdə 438 dəqiqə meydanda olmağa imkan tapıb. Bu matçlarda iki qol vuran və iki dəfə məhsuldar ötürmə edən və passivinə bir sarı vərəqə yazdıran həmyerlimiz bundan əlavə, Latviya kubokunda da bir dəfə fərqənib.

 Milliləşdirilən yığma üzvləri nə ilə yadda qalır?

Azərbaycan  milli komandasının milliləşdirilən üzvlərindən legioner həyatı yaşayanlarının da cari mövsümdəki göstəriciləri maraq doğurur. Ötən əsrin əvvəllərində Azərbaycandan Türkiyəyə, daha sonra isə Almaniyaya köçən türklərdən olan Əli Gökdəmir hazırda  Almaniyanın “Hannover 96” klubunun  futbolçusudur. Mövsümə komandanın əvəzedici heyətində başlayan və bu yaxınlarda əsas komandaya qoşulan Gökdəmir əsas kamandanın tərkibində meydana çıxa bilməsə də, geridə qalan mövsümdə ikinci komanda ilə 16 oyunun iştirakçısı olub. Bu qarşılaşmalarda ümumilikdə 1373 dəqiqə forma geyən müdafiəçi iki dəfə qol sevinci yaşayıb. Passivində beş sarı vərəqə olan 22 yaşlı oyunçu bir dəfə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Yığmamızın digər türk əsilli futbolçusu Cihan Özkara isə karyerasını Türkiyədə davam etdirməkdədir. Mövsümün əvvəlində icarə əsasında oynadığı “Kayseri- Ərciyesspor”da beş oyunda forma geyən və meydanda olduğu 111 dəqiqə ərzində qol hesabını açmadan “Sivasspor”a qayıdan Özkara bu komandada isə cəmi üç oyuna çıxsa da, meydanda olduğu 37 dəqiqə ərzində rəqib qapısına yol tapa bilib ki, bu da Türkiyə çempionatının qalibi “Qalatasaray”la oyunda reallaşıb.  Onu da qeyd edək ki, hücumçu Türkiyə kubokunda dörd matça çıxsa da, onun kubok xatirəsi sadəcə bir sarı vərəqədən ibarət olub.

Əsas milli komandamızın milliləşdirilən digər futbolçusu “Eskişehirspor”lu Ufuk Budak isə hələ ki, komandasında debüt edə bilməyib. Uzun zamandır zədədən əziyyət çəkən sol cinah müdafiəçisinin adı mövsüm ərzində yalnız iki dəfə iştirak ərizəsinə salınıb ki, onda da məşqçinin etimadını qazanmaq mümkün olmayıb.

Göründüyü kimi, legionerlərimizlə bağlı hazırkı durum heç də ürəkaçan deyil. Nə xaricdə top qovan futbolçularımızın sayı, nə də göstərdikləri oyun istənilən kimi deyil. Odur ki, Azərbaycan legioner hərakatının ən yaxşı ənənələrini yaşatmağa və yeniləməyə dəyər.

P.S. Cari mövsümün qış fasiləsinə qədər olan hissəsini Türkiyənin “Adana Dəmirspor” klubunda keçirən Cavid Hüseynov Türkiyənin aşağı dəstəsində beşi ilk “onbirlik”də olmaqla 11 oyun keçirib. Ümumilikdə,  493 dəqiqə meydanda olan yarımmüdafiəçi bir məhsuldar ötürmə və iki sarı vərəqə ilə yadda qalıb.

Tural Məmmədov

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər