Cəlilabad rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü, 3-cü qrup əlil Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Əli Əliyev həmkəndlisi, Cəlilabad rayonu Sərhədabad kənd sakini Nemət Astanovun onun kəndlərində ailəsi ilə yaşayan bacısı Aynurə ilə intim münasibətdə olmaq niyyətində olmasını hiss edib.
İntim münasibətdə olmasından şübhələndi
Əli Əliyev 4 aprel 2017-ci il tarixdə Aynurənin ərinin gecə növbəsində işdə olduğu zaman onlara gedib. Bir neçə saat onlarda olduqdan sonra, gecə yarısı – saat 02-də bacısının evindən çıxıb.
Bu zaman Əli Əliyev Nemət Astanovun öz yaşadığı evin həyətində olduğunu və onu görərək gizləndiyini müşahidə edib. Onun həmin gecə bacısıgilə gedəcəyini, ərinin evdə olmamasından istifadə edərək bacısı ilə intim münasibətdə olmaq istədiyini düşünüb.
Pəncərəyə işıq salırdı
Əli Əliyev Nemət Astanovu öldürmək qərarına gəlib. Bu məqsədlə yaşadığı evə gedərək həyətdəki yarımtikilidən məişət təyinatlı bıçağı götürüb və birbaşa bacısı Aynurənin yaşadığı evin həyətinə qayıdıb.
Evin həyətində olduğu zaman tövlənin qarşısından səs eşidərək həmin yerə gedib. Nemət Astanovun tövlənin qarşısındakı asma tavanın altında dayandığını və əlindəki alışqanın işığını evin pəncərəsinə tərəf yandırıb-söndürdüyünü görüb.
Təhqiredici ifadə və bıçaq zərbəsi
Əli Əliyev Nemət Astanova yaxınlaşaraq yaxasından tutub və gecə vaxtı bacısının evinin həyətinə gəlməsinin səbəbini soruşub. Nemət Astanov isə ona cavab verməyib.
Bu zaman Əli Əliyev ona nalayiq ifadələrlə söyərək, tövlənin sol kənarına çəkib. Orada gödəkçəsinin cibindən bıçağı çıxararaq əvvəlcə Nemət Astanovun qarın nahiyəsinə bir zərbə vurub.
29 bıçaq zərbəsi və qətl
Bu vaxt ona müqavimət göstərən Nemət Astanovu arxası üstə yerə yıxıb. O, Nemətin üzərində oturaraq bıçaqla onun döş qəfəsinə, kürək nahiyəsinə xəsarətlər yetirib.
Əli Əliyev Nemət Astanova ümumilikdə 29 ədəd bıçaq xəsarəti yetirib. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Cinayəti törədən gənc polisə gedərək təslim olub və törətdiyi cinayəti etiraf edib.
17 il 6 ay cəza
İstintaq orqanı tərəfindən Əli Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Əliyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Qəsdən adam öldürmə
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, şikayətində əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da yüngül cəza təyin edilməsini xahiş edib.
Cinayətin digər iştirakçısı və əsas şahid
Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi Elman Astanov da apelyasiya şikayəti verib. O, qeyd edib ki, qardaşı Nemət Astanov həmkəndlisi Əli Əliyev tərəfindən çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib: “Cinayət işinin istintaqını Cəlilabad rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor Nurlan Rahmanov aparıb. İstintaqın gedişində bir çox kobud hüquq pozuntularına yol verilməklə qətldə iştirak edən digər bir qatil üzə çıxarılmayıb. Müstəntiq əsas şahid Toğrul Qasımovun ifadəsini dəyişdirib. Toğrul Qasımov ifadəsində qətl zamanı Əli Əliyevin bacısı Aynurəni taxta parçası ilə döyərək evinə saldığını, meyitin yanından ikinci bir şəxsin qaçdığını, meyitin yanında taxta parçasının olduğunu, meyitin su ilə islanmış vəziyyətdə olduğunu bildirib. Məhkəmə prosesi zamanı da bu hal aydınlaşdırılmayıb”.
Yekun qərar
Tərəflərin şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyilə baş tutan prosesdə tərəflərin şikayətləri araşdırılıb.
Araşdırmanı aparan hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş tərəfin şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Hacı Zeynalov
Müzakirə qapadılmışdır.