Əlləri olmayan sürücü

810

“Əvvəllər protezlərlə sürməyə başladım. Amma protezlər gücə düşdüyündən tez-tez qırılırdı”

“İnanc görünməyənə inanmaqdır. Görünməyənə inansan başqalarının görmədiklərini görərsən”
Bu Xəzər Mirzəyevin sosial şəbəkədə paylaşdığı statuslardan biridir. Görmədiyinə bağlanan bu gənc adam öz müsbət enerjisi ilə ətrafdakıları cəlb etməyi bacarır, hətta insanda gələcəyə ümid yaradır. Bəli, bir parça çörəyini daşdan çıxaran, yaşamaq üçün mübarizə aparan Xəzər fiziki baxımdan sağlam insanlardan daha mübariz, həyat doludur…

Xəzər Mirzəyev hərbi xidmətdə olarkən yaralanıb. Müsahibim deyir ki, 2005-ci ilin isti iyun ayı həyatını alt-üst edib: “ İyunun 12-də Tərtərdə minaya düşdüm. Ayılanda artıq hər iki əlim kəsilmişdi. Mina partlaması nəticəsində başımdan da zədə almışdım, bədənimdə qəlpə yaraları var. Uzun müddət müalicə alsam da, bədənimdəki qəlpələri cıxarmaq mümkün olmadı”.
Birinci qrup əlil olan Xəzər ailəsini taksi sürməklə dolandırır: “Əvvəllər protezlərlə sürməyə başladım. Amma protezlər gücə düşdüyündən tez-tez qırılırdı. Buna görə də indi onların köməyi olmadan maşın sürürəm”. Xəzərin müştərisi də az deyil. Deyir ki, bəzən gündəlik gəliri 10-15 manatdan cox olur: “Çox sağ olsunlar, sərnişinlərim mənə etibar edirlər. Mən də maşını çox ehtiyatlı sürməyə calışıram”.

Xəzərin yeganə gəlir yeri taksi fəaliyyəti deyil. Daim hərəkətdə olan qəhrəmanım ticarətlə də məşğuldur: “Hərdən internetdən mal sifariş edirəm, yəni onlayn alış-verişlə məşğul oluram. Axı, balaca qızımı heç nədən korluq çəkmədən böyütmək məcburiyyətindəyəm”.

Doğrudur, Xəzər kimsənin köməyi olmadan ailəsini dolandıra bilir. Amma sıxıntıları da az deyil. Ən böyük problemi isə mənzillə bağlıdır: “Əsgərliyə getməzdən əvvəl kirayədə yaşayırdıq. Rəngsaz işləyirdim, qazancım pis deyildi. Yəni, kirayə haqqını ödəyə bilirdim. İndi yataqxanada bir otaqda məskunlaşmışıq. Otaq balaca və nəmiş olduğundan yaşamaq mümkün deyil”. Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisindəki yataqxanada istilik olmadığından qışda yalnız elektrik qızdırıcısından istifadə etmək məcburiyyətində qalırlar. Buna görə də aylıq gəlirin yarıdan çoxu işıq puluna sərf olunur. Üstəlik bayıra paltar asmağın qadağan edilməsi otağı daha da nəmiş edir. Xəzər deyir ki, birinci qrup əlil kimi onu mənzil növbəsinə alıblar. Lakin əsgərlikdə əlil olanlara ev verilmədiyindən ev istəyi arzu olaraq qalır: “Deyirlər ki, hərbi əlillərə mənzil verilmir. Otaq nəmiş olduğundan tez-tez ağrılarım olur. Buna görə də heç olmasa torpaq sahəsi ilə təmin olunmağım üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə, bələdiyyəyə müraciət etmişəm. Lakin boş torpaq sahəsinin olmadığını deyirlər. Mən uğrunda əlil olduğum torpaqdan 5-10 metr pay istəyirəm ki, uşağımı xəstəliklərdən uzaq, öz evimdə böyüdüm”.

Xəzər onu da deyir ki, evinin layihəsini də hazırlayıb, torpağı olarsa, gecə-gündüz çalışıb öz halal zəhmətilə ev tikə bilər: “Torpaq üçün etdiyim müraciətlərin sayını unutmuşam. Mən torpaq almaqda, bələdiyyə isə verməməkdə israrlıdır. Amma inanıram ki, əlaqədar orqanlar bələdiyyənin bu “inadından” bixəbərdir”.

Xəzər 1 yaşlı qızına Azərbaycanla bağlı nağıllar danışır, deyir ki, qızım indidən Vətənini sevməyi öyrənməli, bu sevgi ilə böyüməlidir. Vətən üçün əllərini itirən atasına bir parça torpağı qıymayan azərbaycanlılardan fərqli olaraq, o, Azərbaycanı sevməlidir.

P.S. Yazı “Vətəndaş Maarifləndirilməsi” İB-nin “Cəmiyyət arasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədilə təbliğat-təşviqat kampaniyasının təşkili” layihəsinin dəstəyi ilə hazırlanıb.

Ulviyyə Xuduzadə, qafqazinfo.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər