15 aprel – Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, akademik Zərifə xanım Əliyevanın anım günü kimi dərin ehtiramla yad edilir. 1923-cü il aprelin 28-də Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açan Zərifə xanım, ömrünü insan sağlamlığına, xüsusilə də oftalmologiya sahəsinin inkişafına həsr etmiş nadir şəxsiyyətlərdən biri olmuşdur. O, zəngin ziyalı mühitində formalaşaraq, həm elmə, həm də cəmiyyətə xidmətin ən yüksək nümunəsini ortaya qoymuşdur.
Gənc yaşlarından elmə böyük maraq göstərən Zərifə Əliyeva 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə həmin təhsil ocağını əla qiymətlərlə başa vurmuşdur. Onun peşəkar həyatının ilk illərindən etibarən seçdiyi istiqamət – göz xəstəlikləri sahəsi – sonradan Azərbaycan səhiyyəsinin mühüm istiqamətlərindən birinə çevrilmişdir.
1949-cu ildən etibarən Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan Zərifə xanım, elmi axtarışlarını praktik həkim fəaliyyəti ilə paralel şəkildə davam etdirmişdir. 1960–1967-ci illərdə böyük elmi işçi vəzifəsində çalışaraq oftalmologiya sahəsində mühüm nailiyyətlər əldə etmiş, 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verilmişdir. Bu dövr onun elmi fəaliyyətinin formalaşmasında həlledici mərhələ olmuşdur.
Zərifə Əliyevanın elmi fəaliyyətində xüsusi yer tutan istiqamətlərdən biri traxoma xəstəliyinə qarşı mübarizə olmuşdur. XX əsrin ortalarında Azərbaycanda geniş yayılmış bu infeksion xəstəlik minlərlə insanın görmə qabiliyyətinə ciddi zərər vururdu. Belə bir şəraitdə Zərifə xanımın təşəbbüsü ilə həyata keçirilən müalicəvi və profilaktik tədbirlər, regionlara edilən səfərlər, həkimlər üçün təşkil olunan maarifləndirici çıxışlar xəstəliyin aradan qaldırılmasında mühüm rol oynamışdır. Onun 1960-cı ildə müdafiə etdiyi dissertasiya məhz bu sahədə əldə olunmuş uğurların elmi əsasını təşkil etmiş, təklif etdiyi müalicə üsulu respublika üzrə geniş tətbiq edilərək traxomanın sosial xəstəlik kimi ləğvinə gətirib çıxarmışdır.
Alim yalnız traxoma ilə məhdudlaşmamış, qlaukoma, virus mənşəli göz xəstəlikləri və görmə orqanının peşə patologiyası kimi mühüm problemlərin araşdırılması istiqamətində də fundamental tədqiqatlar aparmışdır. Xüsusilə kimya və sənaye müəssisələrində çalışan işçilərin görmə orqanına təsir edən amilləri araşdıraraq, bu sahədə mühüm elmi nəticələr əldə etmişdir. Onun doktorluq dissertasiyası dünyanın nüfuzlu elmi mərkəzlərindən birində müdafiə olunaraq yüksək qiymətləndirilmiş, 1977-ci ildə ona tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
1967-ci ildən etibarən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərən Zərifə Əliyeva burada həm pedaqoji, həm də elmi istiqamətdə geniş iş aparmış, çoxsaylı cərrahiyyə əməliyyatları həyata keçirmiş, gənc həkimlərin yetişməsində mühüm rol oynamışdır. 1983-cü ildə həmin institutun Oftalmologiya kafedrasına rəhbərlik etməyə başlaması onun təşkilatçılıq bacarığını bir daha sübut etmişdir. O, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın müəllifi olmaqla yanaşı, “Terapevtik oftalmologiya” kimi fundamental əsərin yaradıcılarından biri olmuşdur.
Elmi fəaliyyətinə görə yüksək mükafatlara layiq görülən Zərifə Əliyeva 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk azərbaycanlı qadın kimi tarixə düşmüşdür. 1983-cü ildə isə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilərək ölkə elminə yeni nəfəs gətirmişdir. O, eyni zamanda geniş ictimai fəaliyyət göstərmiş, müxtəlif beynəlxalq və respublika təşkilatlarında fəal iştirak etmişdir.
Zərifə Əliyeva yalnız böyük alim deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik ziyalı idi. O, kimsəsiz uşaqlara qayğı göstərir, regionlarda xəstəliklərin qarşısının alınması üçün yorulmadan çalışır, həkim peşəsinin etik dəyərlərini daim ön planda saxlayırdı. Onun “Həkim insanın ən doğma adamıdır” fikri bu gün də tibb işçiləri üçün mənəvi istiqamət kimi səslənir. Zəngin mədəni mühitdə formalaşan alim Üzeyir Hacıbəyov, Bülbül, Səməd Vurğun kimi görkəmli şəxsiyyətlərlə eyni mühitdə yetişmişdir.
1985-ci il aprelin 15-də Moskvada vəfat edən Zərifə Əliyevanın xatirəsi bu gün də ehtiramla yad edilir. 1994-cü ildə nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Onun adını daşıyan Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ölkəmizdə oftalmologiya sahəsinin aparıcı elmi-tibbi müəssisəsi kimi fəaliyyət göstərir. 2023-cü ildə isə onun anadan olmasının 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuş, bu böyük alimin Azərbaycan elminə verdiyi töhfələr bir daha yüksək qiymətləndirilmişdir.
Leyla Qəhrəmanova, Göz mərkəzinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru, cərrah-oftalmoloq



Müzakirə qapadılmışdır.