Kənd təsərrüfatında yeni mərhələ: Dövlət Proqramı iqtisadi inkişafın əsas dayaqlarından birinə çevrilir

249
Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən fikirlər və “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkə iqtisadiyyatında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu proqram təkcə aqrar sahənin inkişafını deyil, regionların iqtisadi fəallığının artmasını, yeni investisiya axınının formalaşmasını və qeyri-neft sektorunun daha da güclənməsini təmin edəcək strateji sənəddir.
Son 20 ildə həyata keçirilən regional inkişaf proqramları artıq öz nəticəsini verib. Bu gün Azərbaycanın regionlarında qazlaşdırmanın 96 faizə çatması, yeni yolların, su anbarlarının, elektrik və meliorasiya sistemlərinin qurulması kənd təsərrüfatının inkişafı üçün mühüm baza yaradıb. Vaxtilə məhsul istehsalına mane olan əsas problemlər – su çatışmazlığı, logistika çətinlikləri və enerji təminatı artıq böyük ölçüdə həll olunub. Bu infrastruktur olmadan kənd təsərrüfatında bugünkü göstəricilərə nail olmaq mümkün olmazdı.
Prezidentin müşavirədə xüsusi vurğuladığı məsələlərdən biri ərzaq təhlükəsizliyi idi. Dünyada davam edən müharibələr, logistika zəncirlərinin qırılması və iqlim dəyişiklikləri göstərir ki, hər bir ölkə daxili istehsal imkanlarını artırmalıdır. Azərbaycanın buğda üzrə özünü təminetmə səviyyəsinin 55 faiz olması ciddi siqnaldır. Dövlət Proqramının əsas məqsədlərindən biri məhz idxaldan asılılığı azaltmaq, yerli istehsalı genişləndirmək və strateji məhsullar üzrə daxili tələbatı təmin etməkdir.
Bu baxımdan aqroparkların yaradılması xüsusi əhəmiyyət daşıyır. Son illərdə aqropark modeli kənd təsərrüfatında müasir idarəetmə, innovativ texnologiyalar və məhsuldarlığın artması baxımından mühüm rol oynayıb. Lakin yeni mərhələdə aqroparkların yalnız xammal istehsalçısı kimi deyil, həm də emal və ixracyönümlü sənaye mərkəzləri kimi fəaliyyət göstərməsi vacibdir. Prezidentin pambıqçılıqla bağlı səsləndirdiyi fikir – mahlıc deyil, hazır məhsul ixrac etmək – məhz əlavə dəyər yaradan iqtisadi modelə keçidin göstəricisidir.
Müşavirədə diqqət çəkən mühüm istiqamətlərdən biri də gübrə istehsalı ilə bağlı idi. Azərbaycanda fəaliyyət göstərən artıq ölkənin azot gübrəsinə olan tələbatının böyük hissəsini ödəməklə yanaşı, ixrac potensialı da formalaşdırıb. Lakin Prezidentin də qeyd etdiyi kimi, aqrar sektor üçün yalnız karbamid kifayət deyil. Fosforlu və qarışıq gübrələrin istehsalı istiqamətində yeni investisiyalar vacibdir. Bu sahədə yeni zavodların yaradılması həm idxaldan asılılığı azaldacaq, həm də kənd təsərrüfatı məhsuldarlığını artıracaq. Xüsusilə Sumqayıt Kimya Sənaye Parkının bu istiqamətdə yeni layihələr üçün böyük potensiala malik olduğu görünür.
Dövlət Proqramında rəqəmsal texnologiyaların və süni intellektin tətbiqinə xüsusi önəm verilməsi də mühüm iqtisadi yanaşmadır. Torpaq sahələrinin “elektron pasportlaşdırılması”, peyk nəzarəti və məhsuldarlığın rəqəmsal analiz sistemi fermerlərə daha düzgün qərar verməyə imkan yaradacaq. Bu, həm subsidiya siyasətinin daha çevik qurulmasına, həm də torpaqdan səmərəli istifadəyə səbəb olacaq. Əslində aqrar sahənin gələcəyi artıq yalnız ənənəvi əkinçiliklə deyil, texnologiya əsaslı idarəetmə ilə müəyyən olunur.
Prezident İlham Əliyevin “şəhərlərdən kəndlərə qayıdış” tezisi də iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır. Əgər kənddə yüksək gəlir, müasir infrastruktur, keyfiyyətli təhsil və səhiyyə xidmətləri təmin edilərsə, urbanizasiya təzyiqi azalacaq. Bu isə həm regionların balanslı inkişafına, həm də böyük şəhərlərdə sosial yükün azalmasına səbəb olacaq. Kənd təsərrüfatının inkişafı təkcə aqrar məsələ deyil, həm də sosial sabitlik, məşğulluq və demoqrafik balans məsələsidir.
2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı üçün dövlət tərəfindən 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan artıq investisiya nəzərdə tutulur. Bu, Azərbaycanın aqrar sektor tarixində ən böyük investisiya proqramlarından biridir. Əgər proqram çevik idarəetmə, düzgün subsidiya siyasəti və güclü özəl sektor əməkdaşlığı ilə icra olunarsa, yaxın illərdə Azərbaycan yalnız özünü təmin edən ölkəyə deyil, həm də regionun əsas aqrar və ərzaq ixracatçılarından birinə çevrilə bilər.
Hümbət Quliyev, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında ictimai şuranın sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər