Dövlət İmtahan Mərkəzi beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu ilə bağlı şərtləri açıqlayıb.
APA -nın xəbərinə görə, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq hüququna malikdirlər.
Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur:
– Beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər;
– IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər;
– Beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər.
Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var.
“Müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar”, “Beynəlxalq fənn olimpiadalarının siyahısı”, “Respublika fənn olimpiadalarının siyahısı” və “Beynəlxalq müsabiqələrin və yarışların siyahısı” Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarında əks olunub.
Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri 3-14 iyun tarixlərində aşağıda göstərilən sənədləri Dövlət İmtahan Mərkəzinə və ya onun regional bölmələrinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə, Şəmkir) təqdim etmişlər: – Ümumi qaydada təsdiq olunmuş “Abituriyentin elektron ərizəsi” formasının surəti; – Beynəlxalq fənn olimpiadasının, yaxud respublika fənn olimpiadasının, beynəlxalq müsabiqənin və ya yarışın qalibi olduğunu təsdiq edən sənədin əsli; – Beynəlxalq fənn olimpiadasının, beynəlxalq müsabiqə və yarışın qalibi olan Azərbaycan Respublikasının vətəndaşı yuxarıda qeyd olunan sənədlərin əsli ilə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini.
Sənədlər təqdim olunduqdan sonra onların həqiqiliyi və təqdim edən şəxslərə məxsus olması DİM tərəfindən araşdırılır və araşdırmaların nəticələri barədə abituriyentlərə məlumat verilir. Sənədlərinin həqiqiliyi və onlara məxsus olması təsdiqlənən şəxslər 15-30 iyul tarixlərində DİM-ə və ya onun regional bölmələrinə müraciət edərək qəbul olmaq istədikləri ixtisasın kodunu yazılı şəkildə bildirməlidirlər.
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmaq istəyənlər sənədlərlə yanaşı, həmin təhsil müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış, tərcümeyi-hal və həmin təhsil müəssisəsinin Nizamnaməsində nəzərdə tutulmuş digər məlumatları təqdim etməlidirlər.
Ali məktəblərə müsabiqədənkənar kimlər qəbul olunacaq? - ŞƏRTLƏR AÇIQLANDI
•
1461