Almaniya Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür

404

Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi əlaqələrini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Əlverişli coğrafi mövqeyinə, zəngin təbii sərvətlərinə və inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsinə Almaniya ciddi maraq göstərir.
Prezident İlham Əliyevin martın 13-14-də Almaniyaya işgüzar səfəri iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi, əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Prezident İlham Əliyev Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb, bir sıra mühüm məqamlara toxunub, önəmli açıqlamalar verib.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın inkişafı bizə öz resurlarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi. Biz əslində beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrəyik.
Azərbaycan beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrədir və yeni kreditlər götürməyi planlaşdırır. Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür, lakin biz hələ də əsasən neft və qazı ixrac edirik.
“Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb”.
Bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub
Texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracağıq. Qəbul edilmiş 2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda hər beş ildən bir Regional İnkişaf Proqramları qəbul olunur. Birinci belə proqram 2004-cü ildə qəbul edilib. Hazırda biz 4-cü proqramın yekunlaşdırılması prosesindəyik. Bütün bu proqramlar məlumdur və mətbuatda dərc edilib. Bu proqramlar konkretdir və beş il ərzində Azərbaycanda həyata keçiriləcək layihələri əks etdirir.
2030-cu ilə qədər 42-50 milyard ABŞ dolları investisiya həcmində milli inkişaf strategiyası təsdiqlənib. Bu investisiyaların əksəriyyəti dövlət tərəfindən maliyyələşəcək. Lakin, eyni zamanda, özəl-dövlət tərəfdaşlığı layihələri də olacaq.
Dövlət başçısının Almaniyaya səfəri çərçivəsində Cənubi Qafqaz regionundakı mövcud vəziyyət də geniş müzakirə olunub. Prezident İlham Əliyev dövlətimizin Ermənistanla sülh sazişi imzalamaq barədə təşəbbüslə çıxış etdiyini vurğulayıb.
Azərbaycan – Ermənistan münasibətlərinə toxunan cənab Prezident bildirib ki, Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qalıb. Bu işğal və etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizə yaxını işğal altına düşdü və bir milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulmuşdur və qaçqın-köçkün vəziyyətinə düşmüşdür. İndi sülhün zamanı çatıbdır. Azərbaycan Ermənistana 5 prinsip əsasında sülh müqaviləsini təklif edib. Ermənistan bu şansı qaçırmamalıdır. Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlamalıdır.
Beləliklə, Prezident İlham Əliyevin səfəri zamanı keçirilən görüşlər, aparılan müzakirələr Azərbaycan ilə Almaniya arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğundan, qarşılıqlı münasibətlərin bundan sonra da inkişaf edəcəyindən xəbər verir.

Sübhan QULİYEV, “Sumqayıt” qəzetinin redaktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər