Almaniyalı qonaqlar «Azərikimya»-da oldular

625

«Azərikimya» İstehsalat Birliyin mətbuat xidmətindən “sumqayitxeber.com” saytına verilən məlumata görə sentyabrın 18-də Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhərinin qardaşlıq əlaqələrinin 35 illiyi ilə əlaqədar Sumqayıta gələn nümayəndələr – Sumqayıt-Lüdviqshafen Dostluq Cəmiyyətinin sədri Peter Lyubenau və Lüdviqshafenin şəhər merinin müavini Klaus Dillinger «Azərikimya» İstehsalat Birliyində olmuşlar.
Görüş zamanı Birliyin Müşahidə Şurasının sədri Muxtar Babayev qonaqlara ARDNŞ-in tərkibində fəaliyyət göstərən «Azərikimya» İstehsalat Birliyinin müəssisələrində istehsal edilən kimyəvi məhsullar, onların ixrac coğrafiyası, son illərdə aparılan yeniləşmə və müasirləşmə prosesləri, yaxın və uzaq perspektivlər haqqında geniş məlumat vermişdir. Bildirilmişdir ki, istehsalata müasir, yüksək səmərəli avadanlığın, innovasiya texnologiyalarının tətbiqini prioritet istiqamət kimi götürən «Azərikimya» kollektivi neft-kimya sənayesində yüksək alman texnologiyasından istifadəyə də xüsusi diqqət yetirir.
Nəzərə çatdırılmışdır ki, Azərbaycan kimyaçıları son dövrlərdə məhsul istehsalı, onun həcminin və keyfiyyətinin yaxşılaşdırılması ilə yanaşı ətraf mühitin mühafizəsinə, ekologiyanın qorunmasına da diqqəti xeyli artırmışdır. Bu sahədə Almaniyanın, o cümlədən Lüdviqshafenin ekoloq-mütəxəssisləri də «Azərikimya»nın mütəxəssisləri ilə birgə xeyli faydalı işlər görmüşlər.
Görüşdə Almaniyalı qonaqlara «Azərikimya»nın perspektiv layihələri barədə slaydlar və videosüjetlərlə ətraflı məlumat verilmiş, Sumqayıtın sənaye zonasında ekologiyanın yaxşılaşdırılması və sutəmizləyici qurğular sisteminin daha effektli şəkildə yenidən qurulması sahəsində gələcəkdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi və s. məsələlər barədə müzakirələr aparılmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər