Sumqayıt Regional Vəkil Bürosunun müdiri, vəkil Anar Qasımlı rəsmi facebook səhifəsində bu barədə yazıb.
sumqayitxeber.com vəkil Anar Qasəmlının paylaşımını təqdim edir:
“Bu gün mənim Vəkillər Kollegiyasına üzv qəbul olunmağımdan 10 il ötür. 7 iyul 2009-cu il tarixdə şifahi müsahibədən keçərək VK-ya üzv qəbul olunmuşam. 24 may 2009-cu ildə isə, test imtahanı vermişdim.
10 il nə tez gəlib keçdi? İnana bilmirəm. Sanki dünən idi. Hələ də o imtahanın həyəcanı canımdan getməyib.
Yeganə qazanc yerim olsa da, heç vaxt vəkilliyə “dolanışıq mənbəyi”, “qazanc yeri” kimi baxmamışam. Ötən 10 il ərzində (hətta staj müddətimin tamamlanmasını və imtahan keçirilməsini gözlədiyim əvvəlki 5 il ərzində də) hər zaman Azərbaycan vəkilliyinin güclü və nüfuzlu təsisata çevrilməsi üçün öz bilik və bacarıqlarımdan istifadə etmişəm. O dövrün mətbuatında mütəmadi olaraq təkliflərlə, tənqidi fikirlərlə çıxışlar edirdim.
Vaxtilə Vəkillər Kollegiyasının ən böyük tənqidçilərindən (heç vaxt təhqir etməmişəm) biri olsam da, bu gün Vəkillər Kollegiyasını tənqid etmirəm, əksinə, cəsarətlə təqdir edirəm.
Mənim düşüncəmə görə, sağlam tənqid nə qədər cəsarət tələb edirsə, təqdir etmək də bir o qədər cəsarət tələb edir. Çünki, bir anın içində tənqid etdikcə “qəhrəman”ına çevrildiyin insanlar səni “cəmiyyətdəki bütün bəlaların baiskarı”, “vətən xaini” elan edəcəklər. Heç kim unutmasın ki, insanlar üçün deyil, prinsiplər üçün yaşayanlara atılan çamurlar yapışmaz.
Bu gün Vəkillər Kollegiyası dinamik inkişaf yolundadır. İllər öncə arzuladığımız, həsrətində olduğumuz yeniliklərə imza atılır. Bizim vəzifəmiz tənqid adı altında bu yola daş yuvarlamaq yox, yoldakı daşları təmizləmək, inkişafa dəstək olmaqdır.
Güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır.”