Anar Qasımlı: “Məhkəmələrin iş yükünün azaldılması məqsədilə rüsumların artırılması yolverilməzdir”

714

“Təklif olunan layihələr onu göstərir ki, bütövlükdə cəmiyyətin, peşə fəaliyyətlərinin maraqları tənzimlənmir”.

Bunu e-huquq.az-a açıqlamasında vəkil Anar Qasımlı Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklərlə bağlı yeni qanun layihələrinə münasibət bildirərkən deyib. O, məhkəmə ilə bağlı sənədlərə görə dövlət rüsumunun tutulduğu hallar və dövlət rüsumlarının dərəcələrinin dəyişməsindən danışarkən bildirib ki, rüsumların artırılmasına ehtiyac olub-olmadığı, bu dəyişikliyin mahiyyəti araşdırılmalıdır.

“Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən gün keçirilən iclasında çıxışım zamanı rüsumların artırılması ilə bağlı məsələyə toxundum və Avropa Məhkəməsinin təcrübəsindən nümunə gətirdim. Avropa Məhkəməsinin konteksindən yanaşsaq, məhkəməyə müraciət etmək hüququna hansısa məhdudiyyətlər, o cümlədən maliyyə məhdudiyyəti qoyula, rüsumlar müəyyən oluna bilər, bu mübahisəsizdir. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil, dövlət tərəfindən tənzimlənən hüquqdur. Lakin Avropa Məhkəməsinin yanaşması baxımdan burada müəyyən olunan rüsumlar məhkəməyə müraciət etmək hüququ ilə mütənasib olmalıdır. Avropa Məhkəməsi bir neçə işdə həddindən artıq yüksək rüsumların tətbiq olunmasını 6-cı maddənin 1-ci hissəsinin pozuntusu kimi qiymətləndirib. Komitə iclasında bu məsələni vurğuladım”, – deyə A.Qasımlı bildirib.

Vəkil hesab edir ki, 1000 manatlıq iddia üçün 30 manat rüsum çoxdur, heç olmasa, 10000 manatadək iddiaya bu məbləğ müəyyən edilə bilər: “Hüquq əhəmiyyətli faktların müəyyən olunması kimi qiymətləndirilməyən iddialar var ki, onlara 100 manat rüsum nəzərdə tutulub. Təklif etdik ki, həmin iddialarda da rüsum məbləği 30 manat müəyyən olunsun. Qeyd edim ki, hazırda onların rüsum məbləği 10 manatdır. Eyni zamanda onu da təklif etdik ki, ümumiyyətlə rüsumların hesablanmasında iddianın qiymətindən asılı olaraq faiz müəyyən edilməsin. Rüsum konkret olmalıdır. Bu ona xidmət edir ki, vətəndaş nə qədər rüsum ödəyəcəyini, məhkəmə də nə qədər rüsum ödənilməli olduğunu biləcək. Riyazi hesablamalarda da anlaşılmazlıq və haqlı-haqsız narazılıqlar aradan qaldırıla bilər. Eyni zamanda mülki işlərlə kommersiya işlərinə eyni rüsumlar əsasında baxılmamasını təklif etdik. Bunu daha çox onunla əsaslandırdıq ki, kommersiya qurumları, hüquqi şəxslər öz aralarında mübahisələri həll etməzdən öncə mediasiya prosesindən keçə biləcəklər. Eyni zamanda kommersiya qurumlarının əksəriyyətinin hüquqşünası var ki, onları hansı risklər gözlədiyi, yekunda hansı rüsumları ödəyə biləcəklərini və hansı maliyyə itkisi ilə üzləşə biləcəklərini müzakirə edə bilərlər. Bunun qarşısını almaq üçün məhkəməyə müraciət etməyə və ya məhkəməyə müraciət olunduğu halda problemi sülh yolu ilə həll edə bilərlər”.

Məhkəmələrə əsassız vəsatət və şikayət verən vəkili 500 manatadək cərimələmək hüququnun verilməsi məsələsinə gəldikdə isə, A.Qasımlı bu təklifin Milli Məclis tərəfindən qəbul edilməyəcəyi qənaətindədir: “Bu biləvasitə vəkillik fəaliyyətinə müdaxilədir və cənab Prezident İlham Əliyevin bu gün Azərbaycan vəkillərinin şüarına çevrilmiş “Güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır” kəlamına açıq-aşkar ziddir. Hesab edirəm ki, Milli Məclis bu məsələyə diqqətli yanaşacaq və vəsatət verməyə görə cərimələrin tətbiqini nəzərdə tutan təklifi qəbul etməyəcək”.

A.Qasımlının fikrincə, dəyişikliklərin əsl məqsədi məhkəmələrin iş yükünün azaldılmasıdır: “Layihənin əsas müəllifləri sırasında Ali Məhkəmənin hakimləri dayanır və görünür ki, bu daha çox hakimlərin maraqları və onların iş yükünün azaldılmasına yönəlib. Lakin məhkəmələrin iş yükünün azaldılması üçün rüsumların artırılması yolverilməzdir. Hər kəsin məhkəməyə müraciət etmək hüququna təminat verilməlidir. Hər bir işi araşdırmaq, vəsatətlərə baxmaq, digər iş materialları üzrə müvafiq qərarları qəbul etmək məhkəmələrin vəzifəsidir. Heç kim bu işin ona həvalə olunmasından istifadə edərək öz təmsil etdiyi qurumun kooporativ maraqları üçün qanun layihəsi tərtib etməməlidir. Qanun layihəsi cəmiyyətin və hansı peşələri əhatə edirsə, onların ümumi maraqlarına xidmət etməlidir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər