Ankara Səfəri: Türkiyə-Azərbaycan münasibətlərində yeni mərhələ

500

Prezident İlham Əliyev 19 fevral tarixində Türkiyənin paytaxtı Ankaraya etdiyi rəsmi səfər Türkiyə-Azərbaycan münasibətləri yeni bir mərhələyə qaldırdı və iki qardaş ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşməsinə zəmin yaratdı. Bu səfər həm iqtisadi, həm də siyasi sahələrdə mövcud olan bağların gücləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi üçün mühüm bir addım oldu.

Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanan sənədlər, iki qardaş ölkə arasındakı əlaqələrin yalnız iki dövlət arasında deyil, eyni zamanda Avrasiya kontekstində də strateji əhəmiyyət kəsb etdiyini bir daha təsdiqlədi.

Türkiyə və Azərbaycan arasındakı birlik, təkcə iki qardaş xalqın ortaq dəyərlərinə və tarixi əlaqələrinə əsaslanmır, həm də bölgədə və Avrasiyada sabitlik və tərəqqi üçün mühüm bir amildir. Bu birlik enerji təhlükəsizliyi, nəqliyyat kommunikasiyaları və iqtisadi inkişaf kimi sahələrdə əməkdaşlığın genişlənməsinə zəmin yaradır. Azərbaycan və Türkiyənin birgə layihələri xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP kimi enerji kəmərləri, iki ölkənin sərhədlərini aşaraq, Avrasiya qitəsinin iqtisadi inteqrasiyasına töhfə verir.

Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi iki ölkə arasındakı qardaşlıq əlaqələrinin nə qədər dərin və möhkəm olduğunun bir göstəricisidir. Prezident İlham Əliyev mətbuata açıqlamasında bildirdi ki, Türkiyənin dünya miqyasında artan nüfuzu və siyasi çəkisi, bölgədə və dünyada sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır. Azərbaycanın İkinci Qarabağ savaşındakı qələbəsi və suverenliyinin bərpası, Türkiyənin siyasi və hərbi dəstəyi ilə mümkün olmuşdur. Bu, iki ölkə arasında yalnız qardaşlıq əlaqələrinin deyil, həm də strateji müttəfiqliyin gücləndiyini göstərir.

Azərbaycan-Türkiyə ticarət dövriyyəsinin 7,5 milyard dollara çatması və Azərbaycandan Türkiyəyə təbii qaz ixracının artırılması, iki ölkə arasındakı iqtisadi əməkdaşlığın dərinliyini və genişliyini göstərir. Enerji və nəqliyyat layihələri, iki ölkənin bölgədə və Avrasiyada enerji təhlükəsizliyi və nəqliyyat kommunikasiyalarında mühüm rol oynamasını təmin edir.

Hərbi sahədəki işbirliyi və müdafiə sənayesindəki ortaq layihələr, iki ölkənin hərbi və müdafiə imkanlarını artırır. Bu, həm bölgədəki sabitliyə töhfə verir, həm də iki ölkənin müdafiə sənayesində özünü təsdiqləməsini təmin edir.

Türkiyə-Azərbaycan Universitetinin yaradılması və təhsil sahəsindəki digər əməkdaşlıqlar, iki ölkə arasında mədəni və təhsili əlaqələrin daha da gücləndirilməsinə xidmət edir. Bu təşəbbüslər gələcək nəsillərin qardaşlıq, müttəfiqlik və ortaq dəyərlər əsasında tərbiyə almasını təmin edir.

Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə-Azərbaycan münasibətləri dah da inkişaf edir. İki ölkə arasındakı qardaşlıq, müttəfiqlik və strateji əməkdaşlıq  bölgədə və dünyada sülh və sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bu birliyin gücü həm iqtisadi, həm də siyasi arenada hiss olunur və iki ölkənin birgə layihələri, onların qlobal miqyasda təsirini daha da artırır. Türkiyə-Azərbaycan birliyi hər iki ölkənin qlobal və regional miqyasda üzləşdiyi çağırışlara birgə cavab vermək potensialını artırır. Bu birliyin dərinləşdirilməsi hər iki ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır və Türk dünyasının birləşməsi və güclənməsi yolunda əsas addımlardan biri olaraq qalır. Bu, həmçinin, qlobal səviyyədə sülh və əməkdaşlığın təşviq edilməsində mühüm rol oynayacaq bir strategiyadır.

Mönsüm Alışov, pedaqoji elmlər doktoru, professor

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər