Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən fikirlər göstərdi ki, aqrar sektor artıq təkcə iqtisadi sahə deyil, milli təhlükəsizlik məsələsinə çevrilib. Dünyada davam edən geosiyasi gərginlik, iqlim dəyişiklikləri və ərzaq bazarlarında yaranan risklər fonunda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilir. Bu baxımdan 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı Azərbaycanın gələcək iqtisadi modelində mühüm rol oynayacaq.
Son illərdə regionlarda yaradılmış infrastruktur kənd təsərrüfatının inkişafı üçün ciddi zəmin formalaşdırıb. Vaxtilə qaz, su, elektrik və yol problemi yaşayan kəndlərdə bu gün tamamilə fərqli mənzərə yaranıb. Taxtakörpü, Şəmkirçay və digər iri su anbarlarının tikilməsi, kənd yollarının yenilənməsi, müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artmasına birbaşa təsir edib. Prezidentin də vurğuladığı kimi, regionların inkişafı ilə kənd təsərrüfatının inkişafı bir-birini tamamlayan prosesdir.
Müşavirədə səsləndirilən statistik rəqəmlər aqrar sahədə həm nailiyyətləri, həm də problemləri açıq şəkildə ortaya qoydu. Meyvə-tərəvəz, bostan məhsulları və fındıqçılıq üzrə Azərbaycan artıq ixrac potensialını artırıb. Xüsusilə fındıq istehsalında ölkənin dünyada ön sıralarda yer alması aqrar siyasətin uğurlu nəticəsidir. Lakin buğda, bitki yağları, kərə yağı və ət məhsulları üzrə idxaldan asılılıq qalmaqdadır. Bu isə yeni proqramın əsas hədəfinin daxili istehsalın artırılması olduğunu göstərir.
Prezident İlham Əliyevin aqroparklar və intensiv bağçılıqla bağlı fikirləri xüsusi diqqət çəkdi. Müasir texnologiyalara əsaslanan aqrar model artıq ənənəvi təsərrüfat yanaşmasını dəyişir. Süni intellekt, peyk nəzarəti, torpaqların elektron xəritələşdirilməsi və məhsuldarlıq analizləri gələcəkdə kənd təsərrüfatında əsas idarəetmə alətlərindən olacaq. Bu yanaşma həm məhsuldarlığı artıracaq, həm də fermerlərin risklərini azaldacaq.
Kənd təsərrüfatının inkişafında sənaye amili də xüsusi rol oynayır. Xüsusilə SOCAR Carbamide Plant kimi müəssisələrin fəaliyyəti ölkənin gübrə təminatında mühüm əhəmiyyət daşıyır. Karbamid istehsalı artıq Azərbaycanın daxili tələbatını ödəməklə yanaşı, ixrac imkanlarını da genişləndirib. İndi əsas məqsəd digər növ qarışıq gübrələrin istehsalını artırmaq və fermerləri daha əlçatan şərtlərlə təmin etməkdir. Bu, məhsuldarlığın yüksəlməsi üçün vacib amillərdən biridir.
Müşavirədə ən mühüm mesajlardan biri “şəhərlərdən kəndlərə qayıdış” ideyası oldu. Əgər kəndlərdə müasir infrastruktur, iş yerləri və gəlir imkanları yaradılarsa, insanlar doğma torpaqlarında qalmağa üstünlük verəcəklər. Bu yanaşma həm regionların sosial inkişafına, həm də ölkədə balanslı məskunlaşmaya xidmət edir. Dövlət Proqramının əsas məqsədlərindən biri də məhz kənd həyatını daha cəlbedici etməkdir.
Ümumilikdə, yeni Dövlət Proqramı Azərbaycan kənd təsərrüfatının növbəti inkişaf mərhələsini müəyyənləşdirir. Dövlət investisiyası, özəl sektorun fəallığı və xarici investorların cəlbi nəticəsində aqrar sektor yaxın illərdə iqtisadiyyatın əsas aparıcı istiqamətlərindən birinə çevrilə bilər. Bu proqram yalnız fermerlərin deyil, bütövlükdə ölkə iqtisadiyyatının gələcəyi üçün strateji əhəmiyyət daşıyır.
İlhamə Məhəmmədqızı, “Sumqayıt” qəzetinin əməkdaşı


Müzakirə qapadılmışdır.