Arzu Nağıyev: “Xankəndi üzərində də Azərbaycan bayrağı ucaldılacaq”

391

“Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror tədbirləri başa çatıb. Bu barədə rəsmi məlumatlar artıq dünəndən yayılıb. Bu gün isə, bildiyiniz kimi, Yevlax şəhərində erməni sakinlərin təmsilçiləri ilə Azərbaycan mərkəzi hökumətinin nümayəndələrinin dialoqu baş tutub”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

O bildirib ki, danışıqların əsas məqsədi reinteqrasiya prosesidir:

“Burada bir sıra başqa müddəalar da var. Onlardan biri Ermənistanın Qarabağ ərazisində olan, yerdə qalan hərbi birləşmələrinin çıxarılması, silahların təhvil verilməsi və iriçaplı silahların utilizasiya üçün təqdim edilməsidir. Əsas məsələ odur ki, biz bir daha dünyaya bəyan etdik ki, həqiqətən də, Qarabağda Ermənistan ordusunun texnikası var. Separatçıların təxribat törətdikləri və əraziləri minaladıqları aşkarlandı. Dinc əhali üçün danışıqlar təklif edildi. Bu və digər məsələlər barədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ötən gün xalqa müraciətində də qeyd etmişdi”.

A.Nağıyev qeyd edib ki, son vaxtlar sözügedən ərazilərdə minalanma prosesi pik həddə çatmışdı:

“Separatçı qüvvələrin mina terrorunu davam etdirməsinin qarşısı alındı. Bu gün də müzakirələrin əsas predmeti bu istiqamət olub. Basdırılan minalar 2021-ci il istehsal olub. Bu da onu göstərir ki, minalar əraziyə sonradan daşınıb. Artıq Rusiya sülhməramlı qüvvələri də bu proseslərdə işi yenidən başladacaqlar. Bütün bu proseslərdə Rusiya sülhməramlıları da iştirak etməlidirlər.

Əsas məqamlardan biri də mina xəritələrinin Azərbaycana verilməsi məsələsidir. Kütləvi məzarlıqlarla bağlı da məlumatları onlardan bu və ya digər şəkildə almaq lazımdır. Azərbaycan öz müstəqilliyini tam bərqərar etdi. Xankəndi üzərində də Azərbaycan bayrağı ucaldılacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər