Avropanın Rusiya qazına qarşı alternativ enerji planları

695

2021-ci ildə Avropa İttifaqı Rusiyadan boru kəməri ilə gündə orta hesabla 380 milyon m3-dən çox və ya bütövlükdə il ərzində təxminən 140 milyard m3 qaz idxal edib. Bununla yanaşı, təxminən 15 milyard m3 mayeləşdirilmiş təbii qaz şəklində tədarük edilib. Rusiyadan idxal edilən ümumi 155 milyard m3 2021-ci ildə Aİ-nin qaz idxalının təxminən 45%-ni və ümumi qaz istehlakının təxminən 40%-ni təşkil edib.

Fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsi ilə Avropanın Rusiyadan idxal olunan təbii qazdan asılılığının yenidən nəzərdən keçirilməsi ön plana çıxdı. Avropanın təbii qaz ehtiyatlarının kifayət qədər olmaması və ABŞ-ın tədarük edəcəyini vəd etdiyi mayeləşdirilmiş təbii qazın hamıya eyni anda kifayət etməməsi ehtimalı Avropa ölkələrini düşündürür.

2022-ci il martın 1-də Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv ölkələr qlobal neft bazarlarına heç bir çatışmazlıq olmayacağına dair vahid və güclü mesaj göndərmək üçün fövqəladə ehtiyatlarından 60 milyon barel neft buraxmağa razılaşdılar.

Koordinasiyalı azalma BEA tarixində dördüncüdür. Əvvəlki tədbirlər 1991, 2005 və 2011-ci illərdə həyata keçirilib. BEA üzvləri 1,5 milyard barel fövqəladə neft ehtiyatına malikdirlər.

2022-ci il martın 3-də BEA Avropa ölkələrinin gələn qışa qədər Rusiya qazından asılılığını necə azalda biləcəyinə dair 10 bəndlik planı açıqlamışdır:

  1. Rusiya ilə qaz tədarükü ilə bağlı yeni müqavilənin bağlanmaması.
  2. Rusiya qazının alternativ mənbələrdən gələn qazla əvəz edilməsi.
  3. Bazarın dayanıqlığının artırılması üçün minimum qaz saxlama öhdəliklərinin tətbiq edilməsi.
  4. Yeni külək və günəş enerjisi layihələrinin tətbiqinin sürətləndirilməsi
  5. Aşağı karbon emissiyalı mənbələrin istehsalının maksimuma çatdırılması: bioenerji və nüvə.
  1. Həssas elektrik enerjisi istehlakçılarını yüksək qiymətlərdən qorumaq üçün qısamüddətli tədbirlərin həyata keçirilməsi.
  2. Qaz ilə işləyən buxar qazanlarının istilik nasosları ilə əvəzlənməsinin sürətləndirilməsi.
  3. Binalarda və sənayedə enerji səmərəliliyinin artırılmasının sürətləndirilməsi.
  4. İstehlakçılar tərəfindən müvəqqəti olaraq termostat tənzimlənməsinin təşviq edilməsi.
  5. Enerji sistemləri mənbələrinin şaxələndirilməsi və karbonsızlaşdırılması üçün səylərin gücləndirilməsi.

Qaza tələbatın azalmasının daha böyük payı qazdan kömürə keçid yolu ilə mümkün olacaq: kömürlə işləyən istehsalda əlavə 120 TVt saat bir il ərzində qaz tələbini 22 milyard m3 azalda bilər. Aİ-nin qazla işləyən elektrik stansiyalarının təxminən dörddə biri maye formasında olan alternativ yanacaqlardan istifadə etmə gücünə sahibdir. Biometanla işləmək imkanlarını nəzərə alaraq yanacağın dəyişdirilməsi üçün kifayət qədər maliyyə vəsaitlərinin ayrılması və həmin yanacaqların mövcudluğundan asılı olaraq ildə daha 6 milyard m3 təbii qaz tələbatı azaldıla bilər.

Əgər bu yanacağın dəyişdirilməsi variantı yuxarıda qeyd edilmiş 10 bəndlik planın icrasına əlavə olaraq tam şəkildə həyata keçirilsə, bu, Aİ-nin Rusiyadan qaz idxalının ümumi illik 80 milyard m3-dən çox və ya ümumi illik idxalın yarıdan çox azalması ilə nəticələnər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər