Ayaz Mütəllibovdan Hacı Əbdülün dediklərinə REAKSİYA: “Qarakənddə vertolyotu Qatır Məmmədin vurmasını iddia etmək...”

1618

“Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov jurnalist Əvəz Zeynallının “Qaynar Qazan” layihəsinə müsahibəsində 1991-ci ilin 20 noyabrında  baş vermiş Qarakənd faciəsinə – Azərbaycan siyasi xadimlərinin olduğu vertolyotun vurulması hadisəsinə toxunaraq, bir sıra ittihamlar səsləndirib.

Hacı Əbdül vaxtilə keçmiş batalyon komandiri, mərhum Qatır Məmmədlə (Yaqub Rzayev) həbsdə olarkən ondan sensasiyalı sözlər eşitdiyini bildirib.

“Qatır Məmməd dedi, “vertolyotu  biz vurmuşuq”. O, bu belə danışanda mən şokdaydım ki, bu nə danışır? Dedi, “Tamerlan Qarayev bizə zəng elədi ki, “bir erməni vertolyotu filan vaxtı oradan uçacaq, siz onu vurmalısınız”. Qatır Məmməd deyirdi ki, vertolyot gəlib keçəndə biz onu vurduq. Vertolyot dağın döşünə düşəndə uzaqdan onu gülləyə tutduq. Sonra gəlib gördük ki, özümüzünkülərdir”.
Modern.az saytı məsələylə bağlı o zaman hacı Əbdülün dəstəklədiyi eks-prezident Ayaz Mütəllibovla əlaqə saxlayıb. A.Mütəllibov Modern.az-ın əməkdaşına bunun  heç də yeni söhbət olmadığını bildirib:
“Əslində Hacı Əbdülün dedikləri yeni deyil. Bu hadisə barədə bir neçə il bundan qabaq fikirlərimi soruşmuşdular.  1991-ci ildə baş verən Qarakənd faciəsi sonrası belə söhbət yayılmışdı. Hacının dedikləri kimi. Onun Qatır Məmmədlə görüşləri olub. O ki qaldı hadisənin Hacı Əbdülün dediyi formada həqiqət olmasına, yəni vertolyotun Qatır Məmməd tərəfindən vurulmasına, bunu iddia etmək bir qədər çətindir. Çünki həqiqəti cəmiyyətə çatdırmaq üçün fakt olmalıdır. Ortada isə fakt yoxdur. Amma bu söhbətlər olub. Hacı Əbdül bunları ürək ağrısı ilə danışırdı. Qatır Məmməd Ağdamda özünümüdafiə batalyonunun komandiri olub. Amma mən Qatır Məmmədlə görüşməmişəm”.
Hadisədən sonra iddialarla əlaqədar Tamerlan Qarayevlə görüşüb-görüşmədiyinə gəlincə, eks- prezident bunun baş vermədiyini söyləyib:
“Bu vaxta qədər Tamerlan Qarayev haqqında söhbətlər tükənmir. Vaxtaşırı gündəmə gətirilir. Amma dəqiq demək olmaz ki, Tamerlan Qarayevin Qarakənd faciəsindən xəbəri olub. Yəni deyə bilmərik ki, Tamerlan Qarayev faciədən öncə nələrisə bilib və qəsdən edib. Müxtəlif iddialara əsaslanıb dəqiq deyə bilmərik ki, “bu onun günahıdır, məsuliyyət də onundur”. 1991-ci ilin Qarakənd faciəsi zamanı artıq Moskvada idim. Həmçinin məsələ ilə bağlı  Tamerlan Qarayevlə görüşüm də olmayıb”.
1991-ci il noyabrın 20-də  Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi vertolyotu odlu silahla vurulub.
Hadisə nəticəsində Azərbaycanın bir sıra dövlət məmurları – dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər, millət vəkilləri həlak olublar.

Həmin hadisə baş verərkən Azərbaycanın prezidenti Ayaz Mütəllibov idi. A.Mütəllibov 1991–ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilmişdi. 1992-ci il martın 6-da istefa verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər