“AZƏRKİMYA”nın KEÇMİŞ PREZİDENTİ YOXA ÇIXIB

877

11354Deputat Məcid Kərimovu dünən parlamentdə də görən olmayıb

“Azərkimya” Dövlət Şirkətinin prezidenti, deputat Məcid Kərimovun ölkəni tərk etməsi barədə xəbər yayılıb. Onun parlamentin dünənki iclasında iştirak etməməsi isə “Azərkimya” prezidenti barədə yayılan bu xəbərlərdəki həqiqət yükünü bir qədər də artırıb.

Bir müddət əvvəl “Azərkimya” Dövlət Şirkəti Dövlət Neft Şirkətinin balansına veriləndən sonra Məcid Kərimov qəfildən yoxa çıxıb və müəssisəni başsız qoyub. “Olaylar” bu barədə şirkətdəki mənbəyə istinadən məlumat yayıb. Mənbənin dediyinə görə, şirkətdəki səlahiyyətləri əlindən alınan prezidentin şəxsi obyektləri də bağlanıb. Məcid Kərimovun təkcə Sumqayıtda onlarla obyekti və xüsusi şirkətləri var idi ki, həmin müəssisələr də fəaliyyətini dayandırıb. Deputatın bir neçə obyektinin fəaliyyətinin artıq rəsmən dayandırıldığı deyilir. Bəzi obyektləri isə nazir statuslu şirkət rəhbərinin əlindən alınıb və başqa şəxslərə verilib. Həmin obyektlər yeni sahibləri tərəfindən təmirə bağlanıb və obyektlərin təyinatı dəyişdirilib.
Mənbənin dediyinə görə, Sumqayıtda “Göyərçin” istirahət parkında Məcid Kərimova məxsus 4 istirahət mərkəzi, şəhərin müxtəlif yerlərində ticarət cərgələri, iri ticarət obyektlərini artıq başqa şəxslər idarə edir. Məcid Kərimov və onun qohumları həmin obyektlərə hər gün gəlib baş çəkdiyi və şəxsən nəzarət etdiyi halda hazırda həmin şəxslər də bu obyektlərdə görünmür.
Məlumatlı mənbə bildirir ki, Məcid Kərimovun Bakı şəhərindəki bir neçə obyektində isə yoxlamalar başlayıb. Yoxlamaların hansı qurum tərəfindən və nə məqsədlə aparıldığı məlum deyil. Qaynaq iddia edir ki, Bakıda yerləşən həmin obyektlərin də yaxın vaxtlarda fəaliyyətinin dayandırılacağı bildirilir.
Xatırladaq ki, ötən il iyulun 1-də “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti ARDNŞ-nin tabeçiliyinə veriləndən sonra bu qurumun sədri Əlixan Məlikovun da ticarət obyektləri əlindən alındı. Mal-mülkünə əl qoyuldu. Özünün həbsi barədə yayılan xəbərlərin ardınca onun illərlə topladığı sərvətin alındığı, Məlikovun isə azad edildiyi barədə məlumat gəldi. Məcid Kərimovla bağlı yayılan məlumatlar onu deməyə əsas verir ki, o da eyni aqibəti yaşaya bilər.

E.HÜSEYNOV, Yeni Müsavat qəzeti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər