Azərbaycan ilə Almaniya arasında münasibətlər son illərdə siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və regional sabitlik kimi mühüm istiqamətlər üzrə dinamik inkişaf edir. Almaniya Avropa İttifaqının aparıcı dövləti, Azərbaycan isə Cənubi Qafqazın əsas geosiyasi və enerji tərəfdaşı kimi qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelini formalaşdırmaqdadır. Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniyaya rəsmi səfəri və səfər çərçivəsində imzalanan sənədlər bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir.
Səfərin əsas nəticələrindən biri “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması oldu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, artıq tərəflər strateji dialoqun başlanmasına nail olublar və bu sənəd gələcək əməkdaşlığın yol xəritəsini müəyyənləşdirəcək. Bu yanaşma yalnız siyasi münasibətlərin deyil, iqtisadi, texnoloji və humanitar əlaqələrin də sistemli şəkildə inkişafına imkan yaradacaq.
İqtisadi əməkdaşlıq baxımından Almaniya Azərbaycanın ən mühüm Avropa tərəfdaşlarından biridir. Hazırda Azərbaycanda 200-dən çox Almaniya şirkəti fəaliyyət göstərir və onların investisiya portfeli ildən-ilə genişlənir. Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması sahibkarlıq əlaqələrinin institusional əsaslarını daha da gücləndirəcək, qarşılıqlı sərmayələrin həcminin artmasına, yeni texnologiyaların və innovativ idarəetmə təcrübəsinin tətbiqinə şərait yaradacaq. Bu isə qeyri-neft sektorunun inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.
Enerji sahəsi Azərbaycan–Almaniya münasibətlərinin strateji sütunlarından biri kimi ön plana çıxır. Bu ildən etibarən Azərbaycanın təbii qazının Almaniyaya ixracına başlanılması Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. Hazırda Azərbaycan qazı Avropa İttifaqının on üzv ölkəsinə çatdırılır, eyni zamanda Azərbaycan Almaniyaya neft ixrac edir. Gələcəkdə yaşıl enerji layihələrinin də bu əməkdaşlığa daxil edilməsi tərəflərin enerji tərəfdaşlığını daha geniş və uzunmüddətli xarakterə çevirəcək.
Nəqliyyat və logistika istiqamətində əməkdaşlıq da yeni mərhələyə qədəm qoyur. Azərbaycanın Orta Dəhlizdə artan rolu, Orta Asiya ilə Avropa arasında mühüm tranzit mərkəzinə çevrilməsi Almaniya üçün də xüsusi əhəmiyyət kəsb edir. Almaniyanın bu sahədəki qabaqcıl texnologiyaları və təcrübəsi Azərbaycanın nəqliyyat infrastrukturunun daha da modernləşdirilməsinə töhfə verə bilər. Səfər zamanı müxtəlif istiqamətlər üzrə işçi qruplarının yaradılması barədə razılıq əldə olunması əməkdaşlığın praktik nəticələrə yönəldiyini göstərir.
Prezident İlham Əliyevin bəyanatında regional sülh və təhlükəsizlik məsələləri də xüsusi yer tutdu. Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması, Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və sonrakı mərhələdə iqtisadi əməkdaşlıq elementlərinin formalaşması Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Azərbaycanın Ermənistanın enerji təhlükəsizliyinə verdiyi töhfə və tranzit daşımalarının genişlənməsi regionda qarşılıqlı asılılığın artırılması yolu ilə sülhün möhkəmləndirilməsi siyasətinin praktik nümunəsi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev bu prosesdə Almaniyanın və onun hökumətinin göstərdiyi siyasi dəstəyi də yüksək qiymətləndirdi.
Səfər zamanı Avropa İttifaqı–Azərbaycan münasibətlərinə verilən qiymət də diqqət çəkir. Cari ildə Avropa İttifaqının yüksək rəhbərliyinin Azərbaycana səfərləri Brüssellə Bakı arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirir. Almaniyanın Avropa İttifaqında aparıcı mövqeyi nəzərə alınarsa, Berlinin Azərbaycan–Aİ münasibətlərinin inkişafında oynayacağı rol daha da əhəmiyyətli görünür. Bu, Azərbaycanın Avropa ilə siyasi və iqtisadi inteqrasiyasının yeni imkanlar qazanmasına xidmət edəcək.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin sadəcə genişlənməsini deyil, strateji məzmun qazanmasını təsdiqlədi. İmzalanan sənədlər, enerji və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, nəqliyyat-logistika layihələri, regional sülh prosesinə verilən dəstək və Avropa İttifaqı ilə əlaqələrin inkişafı Azərbaycan–Almaniya tərəfdaşlığını gələcək illərdə daha da möhkəmləndirəcək əsas istiqamətlər kimi çıxış edir. Bu əməkdaşlıq həm ikitərəfli münasibətlərə, həm də Avropa ilə Cənubi Qafqaz arasında sabitlik, enerji təhlükəsizliyi və iqtisadi inteqrasiyanın güclənməsinə mühüm töhfə verəcək.
Mətanət Pirquliyeva, SDU-nun dosenti, Əməkdar müəllim


Müzakirə qapadılmışdır.