Azərbaycan artıq elektrik enerjisi ixrac edən ölkədir

812

Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, beynəlxalq aləmdə eti­barlı tərəfdaş, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi kimi tanınması, insan kapitalının inki­şafı ölkənin investisiya cəlbediciliyini artırır. Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Bunun nticəsidir ki, uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulub. Bu günlərdə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi ölkəmizin energetika sahəsində önəmli hadisədir. Prezident İlham Əliyev təməlqoyma mərasimi zamanı çıxışında ölkəmizdə energetika sahəsində həyata keçirilən layihələr, ümumilikdə bu sahənin inkişafı ilə bağlı mühüm açıqlamalar verdi.
230 meqavat gücündə olan bu stansiya ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək və Azərbaycanın ixrac imkanlarını genişləndirəcək. Layihənin icraçısı dünyada tanınmış və böyük təcrübəyə malik olan “Masdar” şirkətidir. “Masdar” şirkətibir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir. Bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici investisiyalar üçün çox cəlbedici və açıq ölkədir.
Ölkə başçısı bəyan etdi ki, bu gün ölkəmiz xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Ölkəmizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Azərbaycan dörd qonşu ölkəyə ixracı artıq təmin edib.Gələcəkdə ölkəmiz digər bazarlara da elektrik enerjisi ilə çıxacaq. Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı da artırır.
Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, ikitərəfli münasibətlər çox yüksək səviyyədədir. İki ölkə arasında həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə əməkdaşlıq uğurla davam edir. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar mövcuddur. İki ölkə arasında bərpaolunan enerji istehsalı sahəsində əməkdaşlığa start verilib. 3 ay keçməsinə baxmayaraq artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır, 385 meqavat generasiyagücü isə artıq yaradılıb. Cari ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılıb. Yanvar ayında bu sahədə məşhur olan, Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyulub. Fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı olub.  15 mart tarixində isə 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyuldu.
Ölkə başçısı vurğuldı ki, bərpaolunan enerji növlərinin inkişafı Azərbaycan üçün prioritet məsələdir: “2023-cü ildə əlavə güclər Azərbaycanın ümumi sisteminə daxil ediləcəkvə bu işin başlanğıc hissəsidir. Uzun illər ərzində mövcud istiqamətdə fərqli işlər aparılır.Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır”.
Azərbaycanda bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac var. Azərbaycan elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edir- təbii qaz, su, günəş və külək. Məhz bu səbəbdən dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə maraqlıdır.
Prezident qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərimiz də böyük potensiala malikdir. Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Digər böyük şirkətlər bu bölgəyə maraq göstərirlər.
Qısa müddətdə görülən işlər Azərbaycanın iqtisadi potensialından xəbər verir.
Keçən il 4 su elektrik stansiyası bərpa olunub. Onların ümumi generasiya gücü 20 meqavatdır. Cari il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaq. Bu stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaqdır və bu, su elektrik stansiyalarıdır. Günəş və külək elektrik stansiyalarının yaradılması üçün daha böyük potensial var. Bütün infrastruktur yaradılıb, daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya yaradılıbdır.
Azərbaycanın sənayesi və iqtisadiyyatı dinamik inkişaf edir
2022-ci ilin ilk iki ayında ümumi daxili məhsul 6,7 faiz, qeyri-neft sektoru 10,1 faiz, qeyri-neft sənaye istehsalı təxminən 21 faiz artıb. Bütün bunlar postpandemiya dövründə əldə edilmiş nailiyyətlərdir. Bu onu göstərir ki, Azərbaycanda aparılan islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində doğrudan da təqdirəlayiq addımlar atılır. Azərbaycan dünya miqyasında o ölkələrdəndir ki, ölkəmizdə xarici dövlət borcu çox aşağı səviyyədədir, cəmi 7,4 milyard dollardır.
Ölkəmizdə həyata keçirilən islahatlar, görülmüş işlər həm beynəlxalq maliyyə qurumlarının, həm də böyük investorların  çox böyük marağına səbəb olur. Müasir infrastrukturun mövcudluğu, güclü siyasi iradə, dünyanın əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri ölkəmiz üçün böyük imkanlar yaradır. Postmüharibə dövründə ölkəmizdə həyata keçirilən layihələr Azərbaycanın bundan sonra daha da inkişaf edəcəyinə əminlik yaradır.
Təbrik Quliyev, Kimya elmləri üzrə fəlsəfə doktoru, Prezidentin fərdi təqaüdçüsü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər