Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu enerji siyasəti ölkəmizi regionun böyük enerji mərkəzinə çevrib. Demək olar ki, Azərbaycanla bu sahədə əməkdaşlığa hazır olan ölkələrin sayı durmadan artır, Azərbaycan qazının Avropa bazarında satış dairəsi genişlənir. Bu gün mövcud geosiyasi vəziyyət Avropa qitəsini tarixinin ən dərin enerji böhranı ilə üz-üzə qoyub. Qitədə enerji təhlükəsizliyi təhdid altındadır və bu səbəbdən ölkələr təcili olaraq alternativ enerji mənbələri axtarmağa başlayıblar.
Şübhəsiz ki, bu məqam mavi yanacaq ixrac edən Azərbaycanın dünya enerji bazarında mövqeyini daha da möhkəmləndirir. Etibarlı enerji tərəfdaşı kimi özünü təsdiqləyən Azərbaycan böhranlı məqamda da Avropa ölkələri üçün əvəzolunmaz tərəfdaşa çevrilib.
Bolqarıstanın paytaxtı Sofiya şəhərində dövlətimizin başçısı cənab İlham Əliyevin iştirakı ilə açılışı baş tutan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq və bu ölkənin tələbatının 25-30 faizini ödəyəcək. Yeni reallıqlar fonunda Azərbaycan qazına tələbat durmadan artır və ölkəmiz Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya və İtaliya kimi ölkələrin qaz təchizatında önəmli rol oynayır və bu sıraya artıq Bolqarıstan da qoşulmuşdur.
Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkə kimi bir-biri ilə daha sıx təmasdadır. 2015-ci ildə Bolqarıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında imzalanmış birgə bəyannamə əməkdaşlığımızın davamlılığını təmin edib. Bəyannamə münasibətlərimizi yüksək səviyyəyə qaldırdı, müəyyən edilmiş bütün məsələlər həyatda öz əksini tapdı.
Prezident İlham Əliyevin Bolqarıstanda rəsmi səfəri zamanı çıxışında mühüm məqamlara toxundu. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan əlindən gələni edirik ki, qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla təmin etsin. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaqdır.
Vurğulandı ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumunun böyük əhəmiyyəti var. Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaqdır.
Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu ölkəmizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir.
Yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyin təmin olunması önəmli məsələdir. Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır – dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı.Bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın.
Dövlətimizin başçısı bildirdi ki, cari ildə tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar.
İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Prezident İlham Əliyevin Bolqarıstana səfəri bir daha təsdiqləyir ki, Avropa dövlətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır və mövcud genişlənmə dinamikasını qoruyub saxlamağa hazırdır. Bundan əlavə, deyə bilərik ki, dövlət başçısının bütün bu təşəbbüsləri Azərbaycanın geosiyasi mövqelərinin möhkəmlənməsinə böyük töhfədir.
Tayfun Hacılı, Sumqayıt Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri