Azərbaycan dünya miqyasında çox önəmli rol oynayan ölkə kimi özünü bir daha təsdiqləyib

811

Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdikləri koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışında bildirilib ki, Fövqəladə Hallar Nazirliyi¬nin Tibb Mərkəzinin modul tipli müəssisəsi 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.
Hospitalda yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində əvvəlcə tibb ocağında yaradılan şəraitlə bağlı təəssüratlarını bölüşüb.
Prezident müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də geniş şəkildə toxundu. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanın daxilində demokratiyanın, insan haqlarının pozulması halları geniş vüsət alır. Avropa təşkilatları isə bütün bunlara göz yumur.Bunun əsas səbəbi erməni lobbisi və onun maliyyə vəsaitidir. Erməni lobbisi Ermənistanı bütün təşkilatlarda müdafiə edir;
Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar;
Azərbaycanın məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində mövcud olan çətir artıq deşilib. Biz onların əsl mahiyyətini üzə çıxarırıq, onların faşist mahiyyətini ifşa edirik. Faşist Njdeyə abidə ucaldan və bu abidəni müdafiə edən faşistdir;
İndiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurların rəhbərlik etdiklərini qeyd edir. Onlar özləri öz cinayətkarlarını, rüşvətxorlarını ifşa ediblər;
1990-cı illərin sonlarında Ermənistan parlamentində terror hadisəsi onların əsl mahiyyətini üzə çıxardı. Ermənistan terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı;
BMT-nin nizamnaməsinə görə Azərbaycanın özünümüdafiə hüququ var. Ermənistan BMT-dən üstün deyil əlbəttə. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO kimi mötəbər beynəlxalq təşkilatların Azərbaycanın torpaq bütövlüyünü tanıyan qərarlar alması beynəlxalq aləmdə mövqeyimizi daha da gücləndirir;
Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin növbətçi görüşlərindən savayı heç bir diplomatik səy göstərilməir. ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi,  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmaya, ekoloji vəziyyətin korlanmasına səssiz qalır. Xunta rejiminin bölgəni narkotik maddələr və silah qaçaqmalçılığı bazasına çevirməsinə, keçirilmiş saxta seçkilərə münasibət bildirmirlər;
Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deyəndə Azərbaycan buna layiqincə cavab verdi.Paşinyanın bu ifadəsi Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupu buna adekvat cavab vermədi.
Qeyd etmək lazımdır ki, İlham Əliyevin müsahibəsinin bu hissəsi həm Ermənistanın bir dövlət kimi saxtalığını açıb göstərmək və Ermənistan hakimiyyətlərinin xuntaçı, diktatura mahiyyətini ifşa etmək baxımından kifayət qədər parlaq çıxış idi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər