Azərbaycan-Macarıstan münasibətlərinin genişləndirilməsi üçün perspektivlər böyükdür

423

Azərbaycan-Macarıstan münasibətlərinin dərin tarixi kökləri var və təsadüfi deyil ki, Macarıstan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Ölkələrimiz arasında bütün sahələrdə genişmiqyaslı əməkdaşlıq və davamlı dialoq mühiti mövcuddur. Macarıstan uzun illərdir ki, Azərbaycanın Avropa İttifaqında strateji tərəfdaşlarından biridir. Budapeşt və Bakı bütün beynəlxalq platformalarda sıx əməkdaşlıq edir, bir-birinin ərazi bütövlüyünü, suverenliyini açıq və qeyd-şərtsiz dəstəkləyir.

Şübhəsiz ki, Azərbaycanla Macarıstan arasında siyasi əlaqələrin sistemli şəkildə inkişafı iqtisadi əlaqələrin möhkəmlənməsinə səbəb olur. Bu inkişafı ölkələr arasında hər il artan ticarət dövriyyəsində hiss etmək mümkündür. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində mühüm rol oynayır.

Hazırda Bakı ilə Budapeşt arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. Macarıstan Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində (əsasən neft-qaz sektoruna), Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi ildən-ilə artır. 2021-ci ildə Azərbaycan və Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə 47,4 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir. Azərbaycan-Macarıstan ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində sistemli iş aparılır. Bu məqsədlə hər iki ölkə siyasi və iqtisadi əlaqələrlə yanaşı, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığa böyük əhəmiyyət verir.

Macarıstanın Avropa İttifaqının üzvü və Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində təmsil olunması əlaqələrin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu, ölkələrin beynəlxalq aləmdə bir-birinin maraqlarını dəstəkləməsi baxımından da vacibdir.

Bu baxımdan, Prezident İlham Əliyevin Macarıstana sayca dördüncü səfəri Bakı ilə Budapeşt arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı hesab olunur. Səfər çərçivəsində əlaqələrin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar. Həmçinin dövlət başçısının səfəri zamanı Azərbaycan ilə Macarıstan arasında müxtəlif sahələrdə imzalanmış sənədlər də ikitərəfli münasibətlərin inkişafının göstəricisidir.

Səfər zamanı diqqət çəkən məqamlardan biri də Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyev haqqında dedikləri oldu:“Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”;

Prezident İlham Əliyevin yanvarın 30-da Macarıstana rəsmi səfəri zamanı Budapeştdə mətbuat üçün verdiyi bəyanatda bir sıra mühüm məqamlara toxundu, iki ölkə arasındakı əlaqələrin daha da dərincləşəcəyini bildirdi: “Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir”.

Prezident İlham Əliyev bəyanatda bildirdi ki, uzun illər ərzində aparılan uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaradıb: “Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır. Keçən il Avropa Komissiyası ilə imzaladığımız sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var. Çox şadam ki, vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Biz bu barədə də müzakirələr apardıq. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək”.

Dövlət başçısı qeyd etdi ki,enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və dünya gündəliyinin ön sıralarındadır: “Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır. Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Hörmətli dostum qeyd etdiyi kimi, keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq və bu gün bu məsələlər bir daha müzakirə edildi. Bir neçə gündən sonra Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə cəmləşən ölkələr – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlar”.

Təhsil sahəsində aparılan əməkdaşlığa toxunan ölkə başçısı vurğuladı ki, bu sahədə də yaxşı nəticələr var: “200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə Macarıstanda oxuyurlar. Bu, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir”.

Bu gün postmünaqişə dövründə regionda yeni reallıq  və əməkdaşlıq üçün yeni perspektivlər yaranıb. Prezident İlham Əliyev postmünaqişə dövründəki yeni əməkdaşlıq imkanlarına diqqət çəkərək bildirdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib, bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük.

Dövlətimizin başçısı bəyanatda qeyd etdi ki, bir həftə bundan sonra konkret layihələrin müzakirəsinə başlanılacaq.: “ Azərbaycan çox maraqlıdır ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, birgə işləyək”.

Prezident İlham Əliyevin Macarıstana səfəri iki ölkə arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin bu səfəri Azərbaycan-Macarıstan əlaqələrinin inkişafında yeni mərhələnin başlanğıcı olacaq. Səfər zamanı keçirilən görüşlərdə səslənən fikirlər, irəli sürülən təşəbbüslər, eləcə də iki ölkə arasında imzalanan sənədlər bir daha onu göstərir ki, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində perspektivlər böyükdür və qarşıda yeni imkanlar açılır.

Mönsüm Alışov, pedaqoji elmlər doktoru, professor

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər