Azərbaycan milli mətbuatı xalqımızın milli oyanış, maariflənmə və dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsidir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuat təkcə informasiya mənbəyi deyil, həm də cəmiyyətin inkişafına, milli kimliyin formalaşmasına və azadlıq ideyalarının yayılmasına xidmət edən mühüm ictimai institut kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” milli jurnalistikanın ideya və peşəkarlıq məktəbini yaratmış, sonrakı nəsillərə yol göstərmişdir. Məhz buna görə də 22 İyul – Milli Mətbuat Günü təkcə peşə bayramı deyil, həm də milli düşüncənin və söz azadlığının tarixini ehtiva edən əlamətdar gündür.
“Əkinçi”dən sonra nəşr olunan “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Açıq söz” və digər qəzet-jurnallar Azərbaycan ictimai fikrinin formalaşmasında, ana dilinin inkişafında, milli özünüdərk prosesinin sürətlənməsində mühüm rol oynadılar. Bu nəşrlər xalqın maariflənməsinə, milli istiqlal ideyalarının yayılmasına və ziyalı təbəqəsinin formalaşmasına misilsiz töhfələr verdilər. Azərbaycan mətbuatı müxtəlif tarixi dövrlərdə çətin sınaqlarla üzləşsə də, milli maraqlara sədaqətini və cəmiyyət qarşısında məsuliyyətini qorumağı bacarmışdır.
Müstəqillik illərində Azərbaycan mediasının inkişafı yeni mərhələyə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində senzuranın ləğvi, söz və məlumat azadlığının təmin olunması, medianın hüquqi bazasının formalaşdırılması ölkədə azad jurnalistikanın inkişafı üçün mühüm zəmin yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə medianın iqtisadi dayanıqlığının gücləndirilməsi, qanunvericiliyin müasirləşdirilməsi, jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması və dövlət-media münasibətlərinin yeni keyfiyyət mərhələsinə yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbul edilməsi və media subyektlərinə tətbiq olunan vergi güzəştləri bu siyasətin mühüm nəticələrindəndir.
Azərbaycan mediası xüsusilə Vətən müharibəsi dövründə tarixi missiyasını yüksək peşəkarlıqla yerinə yetirdi. 44 günlük müharibə zamanı jurnalistlər informasiya cəbhəsində Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdıraraq dezinformasiyaya qarşı prinsipial mübarizə apardılar. Müharibədən sonrakı dövrdə də azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin, ölkəmizin sülh təşəbbüslərinin və regional əməkdaşlıq siyasətinin beynəlxalq auditoriyaya çatdırılmasında milli media fəal iştirak edir. Bu, Azərbaycan jurnalistikasının dövlətçilik maraqlarına sadiqliyini və yüksək peşə məsuliyyətini bir daha nümayiş etdirir.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı media qarşısında yeni çağırışlar formalaşdırır. Süni intellekt, rəqəmsal platformalar, sosial media və informasiya təhlükəsizliyi artıq jurnalistikanın gündəlik fəaliyyətinin ayrılmaz hissəsinə çevrilmişdir. Bu şəraitdə operativliklə yanaşı, məlumatın dəqiqliyi, etibarlılığı və etik prinsiplərə sadiqlik daha böyük əhəmiyyət kəsb edir. Dezinformasiyaya qarşı mübarizə, media savadlılığının artırılması və peşəkar jurnalistikanın qorunması təkcə media qurumlarının deyil, bütövlükdə cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir.
Son illər Şuşada keçirilən Qlobal Media Forumları Azərbaycanın beynəlxalq media dialoqunun əsas platformalarından birinə çevrilmişdir. Dünyanın müxtəlif ölkələrindən media rəhbərlərinin, jurnalistlərin və ekspertlərin iştirakı ilə keçirilən forumlarda dezinformasiyaya qarşı mübarizə, süni intellekt dövründə media etikası, qlobal informasiya təhlükəsizliyi və sülh jurnalistikası kimi aktual mövzular müzakirə olunur. Bu platforma Azərbaycanın beynəlxalq media gündəliyində artan rolunu, ölkəmizin qlobal informasiya məkanında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.
Bu il milli mətbuatımızın 151 illik yubileyinin qeyd olunması Azərbaycan jurnalistikasının keçdiyi şərəfli yolun dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz ifadəsidir. Həsən bəy Zərdabinin əsasını qoyduğu maarifçilik missiyası bu gün də öz aktuallığını qoruyur. Azərbaycan mediası milli maraqları əsas tutaraq cəmiyyətin düzgün məlumatlandırılması, dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi, milli həmrəyliyin gücləndirilməsi və beynəlxalq informasiya mübarizəsində ölkəmizin mövqeyinin müdafiəsi istiqamətində mühüm vəzifələr yerinə yetirir.
Milli mətbuatın gələcəyi peşəkarlıq, obyektivlik, yüksək vətəndaş məsuliyyəti və müasir texnologiyalara açıq olmaqdan keçir. Güclü media yalnız xəbəri çatdıran deyil, həm də ictimai etimadı formalaşdıran, milli dəyərləri qoruyan və dövlətçilik maraqlarını müdafiə edən strateji institutdur. Azərbaycan jurnalistikası 151 illik zəngin irsinə söykənərək yeni dövrün çağırışlarına adekvat cavab verməli, qlobal informasiya məkanında ölkəmizin sözünü daha inamla və peşəkarlıqla çatdırmalıdır.
Əli Nəcəfxanlı, əməkdar jurnalist


Müzakirə qapadılmışdır.