Azərbaycan mühüm enerji tərəfdaşı kimi dünyada mövqelərini daha da gücləndirir

546

Ötən 18 il Azərbaycanda əsası 90-cı illərin sonlarında qoyulan, ölkənin uzunmüddətli perespektivdə maraqları üzərində qurulan neft-qaz nəqli strategiyasının uğurla həyata keçirilməsi dövrü kimi trixə düşdü. İlham Əliyev prezident seçildikdən sonra bu nəql strategiyasını davam etdirərək, ölkənin müstəqilliyini daha da möhkəmləndirdi, Azərbaycanı regionda və dünyada enerji təhlükəsizliyinin təmin edilməsində mühüm oyunçuya çevirdi.

“Əsrin müqaviləsi” çərçivəsində Xəzərin Azərbaycan sektorundan hasil olunan neftin Türkiyə üzərindən dünya bazarlarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisi hələ İlham Əliyev prezident seçilməzdən əvvəl başlamışdı. Lakin bu kəmərin işləməsi üçün Azərbaycanın siyasi cəhətdən sabit ölkə kimi qalması olduqca vacib idi. İlham Əliyev prezident seçildikdən sonra bu sabitliyi təmin etdi. Azərbaycan BTC-nin tikintisi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri vaxtında və uğurla yerinə yetirdi.

Ötən illər həm də Azərbaycan qazının ilk dəfə xarici bazarlara çıxarılması ilə yadda qaldı. Ölkənin enerji nəqli marşrutlarının şaxələndirilməsi siyasətinin davamı olaraq Azərbaycan qazının Türkiyəyə nəqli üçün Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum qaz kəməri) layihəsi həyata keçirildi.

Azərbaycanın təşəbbüsü ilə bu layihənin icrasına başlanıldı. Azərbaycan ilk dəfə olaraq alternativ qaz nəqli marşrutu seçdi və nəqliyyat marşrutlarının şaxələndirilməsinə nail oldu. Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin həyata keçirilməsi böyük siyasi cəsarət tələb edirdi.

Prezident İlham Əliyev çıxışlarında bildirmişdir ki, əgər Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilməsəydi, bu marşrut üzrə qaz dəhlizinin açılmasında böyük problem yaranardı. Prezident İlham ƏIliyevin rəhbərliyi ilə Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin reallaşdırılması Azərbaycan qazının xarici bazarlara çıxarılması üçün yeni dəhlizin əsasını qoydu, ölkəmizin regionda strateji əhəmiyyətini artırdı və iqtisadiyyatının inkişafında mühüm rol oynadı.

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində çıxışı zamanı olduqca mühüm məqamlara toxundu.

Ölkə başçısı bəyan etdi ki, Azərbaycan qazına olan tələbat sürətlə artır. Potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik.

Prezident İlham Əliyev vurğuladı ki, Birləşmiş Ştatlar və Birləşmiş Krallıq Azərbaycanın enerji siyasətini hər zaman dəstəkləyib. Böyük dəstək nəticəsində effektiv nailiyyətlər əldə olunub. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiyanın İnfrastruktur və İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin maliyyələşməsində iştirak etmişlər. Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur. Komissiya “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında vacib rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasında da mühüm rol oynayacaq. Bununla yanaşı, elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliyi məsələləri də gündəmdədir.

Azərbaycanın etibarlı tərəfdaş olduğunu bildirən ölkə başçısı əlavə edib ki, hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Azərbaycan öz öhdəliklərinə hörmət edir və tərəfdaşlarından öz öhdəliklərinə hörmət etməyi gözləyir.

Bu gün artıq Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir. Dövlətimizin başçısı qeyd etdi ki, bu potensialdan da maksimum dərəcədə istifadə oluna bilər. Təəssüf ki, bu günədək bu potensialdan tam istifadə edilməyib. Azərbaycanın mühüm tranzit ölkəsi qismində potensialı təchizatçılar tərəfindən düzgün qiymətləndirilməmişdir. Azərbaycanın şaxələndirilmiş ixrac marşrutları var. Müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edirvə Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırılır.

Enerji layihələri daxili inkişafımız üçün də çox əhəmiyyətlidir. Enerji amili, enerji diplomatiyası və bütün layihələr ölkəmizin iqtisadi potensialını gücləndirir. Neft-qaz sektorundan əldə edilən gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilir. Bu il ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində artım 15 faizdən artıq olub.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu enerji strategiyası nəticəsində Azərbaycan mühüm enerji tərəfdaşı kimi dünyada mövqelərini daha da gücləndirmişdir. Reallaşdırılan hər bir layihə Azərbaycanın iqtisadi inkişafına yeni təkan olmuşdur. Bu layihələrbu gün də Azərbaycan dövlətinin regionda və dünyada mövqelərinin daha da möhkəmlənməsinə, onun Avropa üçün etibarlı enerji tərəfdaşına çevrilməsinə imkan yaradır.

Maqsudəli Maqsudov, Əməkdar mühəndis, Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər