Azərbaycan Qadınlarının VI Qurultayının açılış mərasimi keçirilib

325

19 oktyabr 2023-cü il tarixində ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə, eyni zamanda ilk Qadın Qurultayının 25 illiyinə həsr olunan Azərbaycan Qadınlarının VI Qurultayı baş tutub. Qurultayda Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Rzayeva və “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin direktor müavini – ilkin səhiyyə xidmətlərinin rəhbəri Xalidə Sadıqova iştirak ediblər.

Qurultaydan öncə iştirakçılar Fəxri Xiyabanı ziyarət edib, xalqımızın Ümummilli lideri Heydər Əliyevin, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Qurultayın açılışında Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra “Heydər Əliyev və dövlət qadın siyasəti” haqqında film nümayiş etdirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident cənab İlham Əliyevin Qurultay iştirakçılarına təbrik məktubunu səsləndirib.

Ardınca açılış nitqləri dinlənilib. Qurultayı açıq elan edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dövlət qadın siyasəti ilə bağlı məruzə ilə çıxış edib. O, aparılacaq müzakirələrin, qəbul ediləcək qərarların bu sahətə töhfə verəcəyinə inanamını bildirib, Qurultayın işinə uğur arzu edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun 200 ilə söykənən erməni avantürasına son qoyulduğunu, ölkəmizin hər qarışında suverenliyimiz bərpa edildiyini bildirib və qələbə münasibətilə bir daha hamını təbrik edib.

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov çıxış edərək, qeyd edib ki, ilk dəfə Azərbaycan qadınlarının qurultayı bu il dövlət müstəqilliyini, ərazi bütövlüyünü bütünlüklə bərpa etmiş Azərbaycanda qeyd edilir. O, Azərbaycan qadınlarının cəmiyyətdə müstəsna rola malik olduğunu söyləyib. Əlavə edib ki, dövlət qadın siyasətində əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ənənələr bu gün də davam etdirilir.

Açılış mərasimindən sonra Qurultay panel müzakirələrlə davam edib. 4 Panel müzakirəsi zamanı “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial – iqtisadi islahatların gender aspektləri. Formal və qeyri formal məşğulluqda qadın təmsilçiliyi” və “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzuları ətrafında danışılıb.

Daha sonra Qurultay iştirakçılarının Azərbaycan qadınları adından ölkə başçısına olan yüksək etimad və inamını ifadə edən müraciət səsləndirilib.

Sonda gələcək hədəfləri müəyyən edən və vacib məqsədləri özündə əks etdirən Qətnamə qəbul edilib.

Qurultay bədii proqramla başa çatıb.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər