Azərbaycan qaz təchizatının coğrafiyasını genişləndirir

463

Azərbaycan və Bolqarıstan iki dost və strateji tərəfdaş ölkələrdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin qarşılıqlı səfərləri iki ölkə arasındakı əlaqələrin inkişaf dinamikasının göstəricisidir. Bu səfərlər zamanı Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələr olduğunu göstərir.
Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlər imzalayıb və qəbul edib. Bu o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox böyük gələcəyi var.
Qeyd edək ki, ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Memorandum əsasında Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz çatdırıldı, bu il isə 12 milyard kubmetr hədəflənib. Beləliklə, həmin həcm bu il üçün planlaşdırılmış 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracının təxminən yarısını təşkil edəcək.
Prezident İlham Əliyevin cari ilin 25 aprel tarixində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması mərasimində çıxışı zamanı bildirdi ki, enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində imzalanmış Memorandum çox mühüm addımdır.
Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaratdı. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir.
Dövlətimizin başçısı vurğuladı ki, enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları davam etdirməyə hazırdır. Üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra, yəni – iki neft boru kəməri – biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışmalar aparılır.
Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialına diqqət çəkən Prezident İlham Əliyev vurğuladı ki, bu rəqəm təxminən 200 qiqavatdır. Azərbaycan 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı məqsədilə bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilələri və anlaşma memorandumlarını imzalayıb. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatenerji potensialı mövcuddur. Yaşıl enerjinin əsas ixrac istiqaməti Avropadır.
Bu gün Azərbaycan qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyaya ixrac olunur. Bu ildən Rumıniyaya da qaz verilir. Əgər bütün zəruri interkonnektorlar mövcud olarsa, bu ilin sonundan etibarən ölkəmiz Macarıstan və Slovakiyaya qaz nəql etməyə başlayacaq.
Azərbaycan hökuməti Albaniya ilə danışıqlar aparır. Çünki Cənub Qaz Dəhlizi Albaniyanın ərazisindən keçir. Eyni zamanda, Slovakiya “Həmrəylik Halqası”nın üzvü kimi, yaxın vaxtlarda enerji sahəsində tərəfdaşımıza çevriləcək. Beləliklə, Azərbaycan qaz təchizatının coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcək.
Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq.
Prezident İlham Əliyevin sonuncu səfərindən sonra Bakı ilə Sofiya arasında əməkdaşlığın növbəti mühüm mərhələsinin başlandığını deyə bilərik. Səfər çərçivəsində imzalanan Anlaşma Memorandumu güclü ötürmə xətləri yaradaraq tamamilə yeni vəziyyət formalaşdıracaq. Bu isə Azərbaycanın enerji təchizatçısı kimi rolunu daha da möhkəmləndirəcək.
Maqsudəli Maqsudov, Əməkdar mühəndis, Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər