Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi dünyada sülhə və davamlı inkişafa böyük töhfələr verir

567

Bu günlərdə Azərbaycan növbəti beynəlxalq konfransa ev sahibliyi etdi. iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı keçirildi.

Dövlət başçısı konfransdakı çıxışında Azərbaycanın qurumun inkişafına, üzv dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən təşəbbüslərindən bəhs edərək Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasını da bu təşəbbüslərin tərkib hissəsi olduğunu vurğuladı. Təşəbbüsləri dəstəklədiklərinə görə Qoşulmama Hərəkatına üzv dövlətlərə minnətdarlığını bildirən Prezident İlham Əliyev onu da bildirdi ki, parlament şəbəkəsi təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq.

Azərbaycanın Qoşulmama Hərəkatının inkişafına və daha da güclənməsinə xidmət edən təşəbbüslərinin davamlılığı ilə diqqət çəkir. Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdilliklə dəstəklənməsi təsadüfi deyil. Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi üzvlərin yekdil həmrəyliyi ilə baş verdi. 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə ölkəmizə verilən yüksək dəyərin göstəricisidir.

Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq mübarizə aparmağa davam edəcək

Ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi COVID-19-la mübarizə tədbirlərinin başlandığı dövrə təsadüf edir. Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri oldu. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşünün keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Azərbaycanın səyləri təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdi. Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərildi. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində ianə olunmuşdur və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır. Azərbaycan “peyvənd millətçiliyi”nə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biridir. Dövlət başçısı İlham Əliyev bu əminliyini də bildirdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa davam edəcək.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi irəli sürülən yeganə təşəbbüs deyil. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında da bir neçə təşəbbüslə çıxış edən Prezident İlham Əliyev Nyu-Yorkda Hərəkatın Dəstək Ofisinin yaradılmasını gündəmə gətirərək, bildirib ki, səylərimiz təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməyib, ölkələrə dəstək həm də tibbi və humanitar yardımla bağlı tədbirlərin genişləndirilməsinə də imkan verəcək.

Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyiblər

Qoşulmama Hərəkatında təmsil olunan ölkələr anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Bandunq prinsipləri ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi Azərbaycan tərəfindən qəbul edilir. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə – bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı. Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması – bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz.

Minsk qrupuna artıq əlvida demişik

Prezident İlham Əliyev çıxışında Azərbaycan xalqının 30 il ərzində üzləşdiyi ədalətsizliyə diqqət çəkərək bildirdi ki, bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi. Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.

2020-ci il noyabrın 10-da 44 gün sürən Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur oldu. Münaqişənin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiqi idi. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı.

İrəli sürülən təşəbbüslərə həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə yönəlib

Ölkə başçısı Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində həyata keçirdiyi fəaliyyətlərə diqqət çəkərək vurğuladı ki, irəli sürülən təşəbbüslərə həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına yönəlib. Qoşulmama Hərəkatının tarixində bununla bağlı müzakirələr olub və bu müzakirələri yenidən başlamağın vaxtı çatıb. Bu gün dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların şahidiyik. Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər.

Bakı Konfransında 40-dan çox ölkədən parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçilərinin iştirak etməsi, eyni zamanda nümayəndə heyətinin tərkibində 15 ölkədən parlament sədrlərinin iştirakı konfransın nüfuzundan və əhəmiyyətinin xəbər verir. Bakıda parlament şəbəkəsinin yaradılması və konfransın keçirilməsi Azərbaycan dövlətinə, ölkə rəhbərinə göstərilən etimadın nəticəsi kimi qiymətləndirilməlidir.

Elşad Eyvazov, Əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər