Azərbaycan regionda və dünyada enerji təhlükəsizliyində mühüm rol oynayır

602

Azərbaycanda ötən 18 il əsası 90-cı illərin sonlarında qoyulan, ölkənin uzunmüddətli maraqları üzərində qurulan neft-qaz nəqli strategiyasının uğurla reallaşması dövrü kimi yadda qaldı. İlham Əliyev Prezident seçildikdən sonra bu strategiyanı daha da irəli apararaq, Azərbaycanı regionda və dünyada enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkəyə çevirdi, dövlətimizin mövqeyini daha da möhkəmləndirdi. Enerji sahəsində həyata keçirilən layihələr Azərbaycanı Avropa üçün etibarlı enerji tərəfdaşına çevrilməsinə imkan yaradıb.

Bu gün də bu istiqamətdə mühüm layihələr reallaşdırılır. 4 fevral tarixində Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında görülən işlər və gələcək perespektivlər müzakirə olundu. Prezident İlham Əliyev toplandıda çıxışı zamanı mühüm məqamlara toxundu.

Qeyd etdi ki, ötən dövr ərzində Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya bir komanda olaraq effektli çalışıb. Hər ötən il yeni naliyyətlər əldə olunur. Cənub Qaz Dəhlizinin uğurla başa çatması bütün iştirakçı dövlətlərin nailiyyətidir. 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsi uğurla başa çatıb.

Avropa Komissiyası və Azərbaycan həmtəşkilatçı olaraq və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq il ərzində bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışdır. Ölkə başçısı çıxışında layihədə iştirak edən bütün tərəflərə minnətdarlığımı çatdırdı.

Prezident İlham Əliyev bildirdi ki, milli səviyyədə koordinasiya bu nəhəng layihəni – XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizini icra etməyə kömək etdi.

Cənub Qaz Dəhlizinin dəyəri 33 milyard ABŞ dollarıdır. Bu layihə həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı öz töhfəsini verib.

 Əlavə qaz mənbələrinə tələbat artır

 Ölkə başçısı vurğuladı ki, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edibş. Türkiyəyə 8,5 milyard, İtaliyaya 7 milyard kubmetr. Yerdə qalan həcm isə komandanın başqa üzv ölkələrinə – Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub.

 Bu gün yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Azərbaycanın enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır.

Prezident İlham Əliyev Azərbaycanın qaz yataqları ilə bağlı gələcək perespektivlərdən də danışdı. Ölkə başçısı bildirdi ki, hazırda Azərbaycanın isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetr. Texnologiyaların sürətlə inkişaf etməsi Azərbaycanın isbat edilmiş qaz ehtiyatlarının daha da çox olacağını deməyə əsas verir. Ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə hasilata başlanılacaq. “Abşeron”da birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacaq.

“Babək”yatağının təxmin olunan qaz ehtiyatı 400 milyard kubmetrdir. “Ümid” yatağının qaz ehtiyatı ən azından 200 milyard kubmetrdir. “Azəri-Çıraq-Günəşli”dəndə böyük gözləntilər var.

Ölkəmizdə demoqrafik vəziyyətin müsbət olması da öz növbəsində daxili tələbatımızın artması ilə nəticələnir. Bununla yanaşı sənaye sektorunun inkişafı da tələbatın artmasına gətirib çıxardır. Digər tərəfdən işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesi də əlavə həcmdə qaza ehtiyac yaratmış olur. Artıq bu ildən etibarən insanlar öz doğma torpaqlarına qayıdacaqlar. Bu da əlavə qaza ehtiyacın yaranması deməkdir. Azərbaycan öz təlabatını ödəməklə yanaşı xarici bazarlara da qaz ixrac etmək üçün kifayət qədər ehtiyatları mövcuddur.

 Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdədir. Bu istiqamətdə də ölkəmizdə mühüm layihələr reallaşdırılır. Elektrik enerji xətləri tamamilə müasirləşdirilir, yeni elektrik stansiyaları istifadəyə verilir. Həyata keçirilmiş mühüm layihələr imkan verir ki, Azərbaycan dörd qonşu ölkəyə – Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir.

İşğaldan azad edilmiş ərazilərdə də xüsusi proqramlar hazırlanır. Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlanıb. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur.

Bütün bunlar onu göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi uğurlu enerji strategiyası nəticəsində Azərbaycan nəhəng neft və qaz ehtiyatlarına malik ölkə kimi qəbul olunur və bu potensial Azərbaycanın daha dinamik inkişaf etməsinə, qarşısıda duran bütün vəzifələri uğurla həyata keçirməyə imkan verəcək.

Mətanət Pirquliyeva, Kimya elmləri üzrə fəlsəfə doktoru, Əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər