Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədə inkişaf edir

416

2024-cü ilin aprel ayının 22-də Moskvada Prezident İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təkbətək danışıqları, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə keçirilən tədbir iki ölkə arasında tarixi və strateji münasibətlərin daha da möhkəmləndirilməsi üçün yeni perspektivlər açır. Azərbaycan və Rusiya siyasi, iqtisadi və humanitar sahədə əlaqələrini genişləndirərək qarşılıqlı anlaşma və dəstək ruhunda inkişaf etdirməkdədirlər.

Sözsüz ki, bu görüşlər iki ölkə arasındakı mövcud münasibətlərin təməlini daha da gücləndirir. Azərbaycan və Rusiya ittifaq dövründə qoyulmuş əməkdaşlıq ənənələrini müasir dövrün tələblərinə uyğun olaraq yenidən quraraq qarşılıqlı maraqlar və strateji məqsədlər ətrafında daha da inkişaf etdirirlər.

İkitərəfli danışıqların gündəliyində nəqliyyat, enerji, təhlükəsizlik və regional məsələlər kimi önəmli mövzular yer alır ki, bu da iki ölkə arasındakı əlaqələrin çoxşaxəli və dinamik xarakterini göstərir.

Azərbaycan-Rusiya münasibətləri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf edir. 1992-ci ildə qurulan diplomatik əlaqələr və müxtəlif zamanlarda imzalanmış anlaşmalar iki dövlət arasında tarixi dostluq və mədəni əlaqələri müttəfiqlik səviyyəsinə yüksəltmişdir. Xüsusilə 2022-ci il fevralın 22-də imzalanan müttəfiqlik haqqında Bəyannamə iki ölkə arasında tarixi dostluğu və mədəni bağları daha da möhkəmləndirib.

Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişafı yüksək səviyyəli qarşılıqlı səfərlər, geniş hüquqi baza və iqtisadi forumlarla həyata keçirilir. Ticarətin asanlaşdırılması və gömrük prosedurlarının təkmilləşdirilməsi nəticəsində ticarət dövriyyəsi 2017-ci illə müqayisədə iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.

İki ölkə arasında sənaye kooperasiyası layihələrinin reallaşdırılması və Rusiyanın Azərbaycanda əməliyyat göstərən müəssisələrinin sayının artması iqtisadi əməkdaşlığın daha da genişlənməsini təmin edir. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradaraq, sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verir. Hazırda Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub.

Azərbaycan və Rusiya arasında mədəni və humanitar əlaqələr də mühüm yer tutur. Rus dilində təhsil verən Azərbaycanın ali və orta məktəblərində təhsil alan minlərlə tələbə, iki ölkə arasındakı mədəni rabitələrin gücləndirilməsində mühüm rol oynayır. Humanitar əlaqələr, həmçinin mədəni və təhsil mübadilələri iki ölkə arasında dostluq və anlaşmanın daha da dərinləşməsinə xidmət edir. Hazırda Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilində aparılır. Bu, onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətlərin qorunmasında, dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən dostluq əlaqələrinin güclənməsində və inkişafında mühüm əsaslardan birini təşkil edir.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Prezidenti Vladimir Putin arasında yüksək səviyyəli danışıqlar iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsi və strateji əməkdaşlığın genişlənməsi baxımından mühüm bir mərhələ oldu. Görüşlər ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar aspektlərini əhatə edən müzakirələrə və qarşılıqlı anlaşma və dəstəklərə zəmin yaratdı.

Fehruz Əsədov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər