Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illərdə nəzərəçarpacaq dərəcədə inkişaf edərək siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və regional inkişaf sahələrini əhatə edən strateji tərəfdaşlıq mərhələsinə yüksəlib. Qarşılıqlı yüksək səviyyəli səfərlər, imzalanan sənədlər və birgə layihələr iki ölkə arasında etimada əsaslanan münasibətlərin formalaşdığını göstərir. Xüsusilə 2024-cü ildə Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması Bakı ilə Bratislava arasında əlaqələrin yeni institusional mərhələyə qədəm qoyduğunu təsdiqləyib.
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri və Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana cavab səfəri siyasi dialoqun intensiv xarakter aldığını nümayiş etdirir. Bu münasibətlər təkcə diplomatik təmaslarla məhdudlaşmır, eyni zamanda iqtisadiyyat, energetika, müdafiə sənayesi, innovasiya və postmünaqişə dövrünün yenidənqurma prosesində konkret əməkdaşlıq layihələri ilə müşayiət olunur.
İyulun 14-də Şuşada Slovakiya Prezidenti Peter Pelleqrini ilə birgə bəyanatla çıxış edən Prezident İlham Əliyev də məhz bu strateji əməkdaşlığın əsas istiqamətlərini, gələcək perspektivlərini və iki ölkə arasında formalaşan yeni tərəfdaşlıq modelini geniş şəkildə ortaya qoydu. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan ilə Slovakiya arasında siyasi əlaqələr artıq müntəzəm və davamlı xarakter daşıyır. Dövlət başçısının sözlərinə görə, ötən ilin sonunda Slovakiyaya etdiyi rəsmi səfər və bu gün Azərbaycanda keçirilən yüksək səviyyəli görüşlər siyasi dialoqun davamlılığını nümayiş etdirir. Prezident qeyd etdi ki, nümayəndə heyətlərinin geniş tərkibi də əməkdaşlığın yalnız siyasi sahə ilə məhdudlaşmadığını, müxtəlif istiqamətlər üzrə intensiv iş aparıldığını göstərir. Onun fikrincə, ölkələr arasında sadəcə fikir mübadiləsi deyil, konkret nəticələrə hesablanmış praktiki əməkdaşlıq həyata keçirilir.
Bu yanaşma Azərbaycan diplomatiyasının əsas xüsusiyyətlərindən birini əks etdirir. Bakı beynəlxalq münasibətlərdə formal dialoqdan daha çox qarşılıqlı faydaya əsaslanan praktik əməkdaşlıq modelinə üstünlük verir.
Prezident İlham Əliyev xatırlatdı ki, 2024-cü ildə Azərbaycan və Slovakiya arasında Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Dövlət başçısı vurğuladı ki, həmin sənəd artıq praktik müstəvidə öz nəticələrini verməyə başlayıb. Onun sözlərinə görə, intensiv siyasi təmaslar, həyata keçirilən birgə layihələr və əməkdaşlığın genişlənməsi güclü siyasi iradənin göstəricisidir. Əslində bu bəyanat iki mühüm mesaj verir. Birincisi, Azərbaycan və Slovakiya münasibətləri artıq klassik diplomatik əlaqələr çərçivəsini aşaraq uzunmüddətli strateji əməkdaşlığa çevrilib. İkincisi isə imzalanan sənədlərin formal xarakter daşımadığı, onların konkret layihələrlə müşayiət olunduğu nümayiş etdirilir.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri Slovakiyanın Qarabağın bərpasında iştirakı oldu. Dövlət başçısı Slovakiyanın Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirdiyi “Ağıllı kənd” layihəsini yüksək qiymətləndirərək bu dəstəyə görə Prezident Peter Pelleqriniyə təşəkkürünü bildirdi. Prezidentlərin birgə şəkildə layihə ilə tanış olmaq üçün Ağdama səfər etməsi də təsadüfi deyildi. Bu addım Slovakiyanın Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma siyasətinə verdiyi dəstəyin praktiki ifadəsi kimi qiymətləndirilə bilər. Qarabağın bərpasında xarici tərəfdaşların iştirakı Azərbaycanın beynəlxalq əməkdaşlıq modelinin mühüm elementidir. Slovakiyanın bu prosesə qoşulması isə Avropa ölkələrinin bölgənin inkişafına marağının artdığını göstərən mühüm göstəricilərdən biridir.
Şuşada aparılan danışıqlarda diqqət mərkəzində olan əsas mövzular iqtisadi-ticari münasibətlər, enerji sahəsində əməkdaşlıq, hərbi-texniki əlaqələr və digər perspektiv istiqamətlər olub. Prezident İlham Əliyev qeyd etdi ki, bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr aparılıb. Bununla yanaşı, nümayəndə heyətlərinin yalnız görüş günü deyil, növbəti gün də işini davam etdirməsi əməkdaşlığın sistemli xarakter daşıdığını göstərir. Enerji sahəsi Azərbaycan–Slovakiya münasibətlərinin mühüm sütunlarından biri hesab olunur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu Slovakiya üçün də xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, iqtisadiyyat, sənaye, logistika və texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi üçün də böyük potensial mövcuddur.
Prezident İlham Əliyev Slovakiya Prezidentinin səfərinin Qarabağdan başlamasını xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, Prezident Pelleqrinin həm də Qarabağa səfər etməsi ölkələr arasında münasibətlərin səmimiliyini və qarşılıqlı etimadı nümayiş etdirir. Şuşada keçirilən görüşün özü də simvolik məna daşıyır. Azərbaycan artıq Qarabağı beynəlxalq diplomatik görüşlərin keçirildiyi mühüm siyasi platformaya çevirib. Xarici dövlət başçılarının bu bölgəyə səfərləri Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə qəbul edilməsinin və bölgədə həyata keçirilən bərpa prosesinin nümayişi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında Peter Pelleqrinin Azərbaycanı yaxşı tanıdığını da xüsusi qeyd etdi. Dövlət başçısının sözlərinə görə, Prezident Pelleqrini bundan əvvəl parlament sədri və Slovakiyanın Baş naziri kimi Azərbaycana səfərlər edib. Prezident qismində isə COP29 çərçivəsində Bakıda olub və hazırda ilk rəsmi dövlət səfərini həyata keçirir. Bu fakt göstərir ki, Slovakiya liderinin Azərbaycanla bağlı şəxsi təcrübəsi və formalaşmış siyasi münasibətləri mövcuddur. Bu isə ikitərəfli münasibətlərin inkişafına əlavə dinamika qazandıran mühüm amillərdən biri hesab olunur.
Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən əsas tezislərdən biri “biz konkret işlərin tərəfdarıyıq” ifadəsi oldu. Bu fikir Azərbaycanın xarici siyasət fəlsəfəsini aydın şəkildə ifadə edir. Azərbaycan tərəfi münasibətlərin yalnız siyasi bəyanatlar üzərində deyil, real iqtisadi layihələr, investisiyalar, enerji əməkdaşlığı, texnologiya transferi və regional inkişaf proqramları əsasında qurulmasına üstünlük verir. Məhz bu yanaşma son illərdə Azərbaycanın Avropa ölkələri ilə münasibətlərində mühüm nəticələr əldə etməsinə imkan yaradıb.
Şuşada verilən bəyanatlar göstərir ki, Azərbaycan–Slovakiya münasibətləri yeni inkişaf mərhələsinə daxil olur. Qarşılıqlı etimad, yüksək səviyyəli siyasi dialoq, strateji tərəfdaşlıq sənədinin icrası və Qarabağın bərpası kimi konkret layihələr bu münasibətlərin dayanıqlı əsaslar üzərində qurulduğunu təsdiqləyir. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi mesajlar göstərir ki, iki ölkə arasında əməkdaşlıq təkcə mövcud istiqamətlərlə məhdudlaşmayacaq. Energetika, iqtisadiyyat, innovasiya, müdafiə sənayesi və regional inkişaf sahələrində yeni təşəbbüslərin reallaşması üçün geniş imkanlar mövcuddur. Şuşada keçirilən görüş həm siyasi məzmunu, həm də verdiyi strateji mesajlar baxımından Azərbaycan–Slovakiya əlaqələrinin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən mühüm diplomatik hadisələrdən biri kimi qiymətləndirilə bilər. Bu görüş bir daha nümayiş etdirdi ki, Bakı və Bratislava arasında formalaşan tərəfdaşlıq qarşılıqlı hörmətə, ortaq maraqlara və konkret nəticələrə əsaslanan uzunmüddətli əməkdaşlıq modelinə çevrilməkdədir.
Vaqif Süleymanov, Əməkdar Mədəniyyət işçisisi


Müzakirə qapadılmışdır.