Azərbaycan sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir

688

Aprelin 29-da ADA Univesitetində “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Dünyanın 23 ölkəsindən 40 nümayəndənin iştirak etdiyi Beynəlxalq Konfransda Prezident İlham Əliyev çıxışı və konfrans iştirakçılarının sullarına verdiyi cavablarla bir daha dünya səviyyəli siyasətçi, əsl lider olduğunu nümayiş etdirdi. Prezident konfrans iştirakçıları qarşısında çıxış edərək iştirakçıların suallarını cavablandırdı, bir sıra çox mühüm məsələlərə münasibət bildirdi. Vurğulandı ki, Azərbaycan Qafqazda yeni dövrü, sülh və əməkdaşlıq dövrünü fəal şəkildə təşviq edir.
Azərbaycan-Ermənistan münasibətlərinə toxunan ölkə başçısı bildirib ki, Ermənistan hökuməti Azərbaycanın irəli sürdüyü beş əsas prinsipi qəbul edib. Bu prinsiplər Ermənistanla sülh sazişinin əsasını təşkil etməlidir. Həmçinin Azərbaycanın təklifi ilə Ermənistan iki ölkə arasında sərhədlərin delimitasiyası prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına razılıq verib. Sülh və münasibətlərlə bağlı sualı cavablandıran ölkə başçısı vurğulayıb ki, bu məsələlərə real yanaşmaq lazımdır. Azərbaycan xalqının yaraları 30 il ərzində sağalmayıb. Ona görə hər şey vaxtında və zamanında edilməlidir.
Prezident İlham Əliyev konfransda Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinin yol xəritəsini təqdim edib.
Siyasi və iqtisadi dialoq davam etməlidir
Qeyd olunub ki, Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir. Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər, ilk növbədə, separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamadırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar.
Ölkə başçısı vurğulayıb ki, Azərbaycan Ermənistandan fərqli olaraq çoxlu etnik xalqların yaşadığı bir ölkədir. Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız hesab edirik. Ümid edirik, onlar da tezliklə anlayacaqlar ki, Azərbaycan vətəndaşları kimi yaşamaqla onların bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq. Burada bütün etnik qruplar, ermənilər da daxil olmaqla sülh və ləyaqət içində yaşayırlar.
Prezident bir daha bəyan edib ki, sülh gündəliyinə və iqtisadiyyata diqqətimizi ayırmalıyıq ki, hər il milyardları silah alınmasına yox, iqtisadi inkişafa yönəldək. Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli dialoq formatında rəsmi təmas olmayıb. Hazırkı regional konfiqurasiya Azərbaycanı qane edir. Ölkəmizin bütün qonşularla yaxşı münasibətləri var – təkcə Rusiya və Türkiyə ilə deyil, Gürcüstan və İranla da.

Təhlükəsizlik olmasa, əməkdaşlıq və iqtisadi fayda ola bilməz.

Regionda təhlükəsizlik və əməkdaşlığa bu günümüz və sabahımız prizmasından baxmalı olduğumuzu vurğulayan ölkə başçısı bildirdi ki, Azərbaycanın iqtisadi fəaliyyəti də sabitlikdən qaynaqlanır. Davamlı sabitlik isə təhlükəsizliyin tərkib hissəsidir. Münasibətlər praqmatizm üzərində, qarşılıqlı fayda və maraqlar üzərində qurulmalıdır.
Azərbaycan üçün Avropa İttifaqı çox önəmli tərəfdaşdır. Azərbaycan Avropa İttifaqını ədalətli vasitəçi kimi hesab edir və onun səylərini alqışlayır. Avropa İttifaqı ilə çox geniş gündəlik mövcuddur. Ermənistan-Azərbaycan münaqişəsi heç vaxt onun bir hissəsi olmamışdır. Çünki bu məsələ ilə Minsk qrupu məşğul olurdu və Avropa İttifaqı bu məsələdən bir az uzaq idi. Lakin indi ticarət, enerji, nəqliyyat, humanitar və demokratik inkişaf məsələləri ilə birlikdə bu məsələ də gündəliyimizdədir.
Avropa İttifaqı ilə yaxın əməkdaşlıq Azərbaycanın müasirləşməsinə, o cümlədən gənc nəslə, təhsil potensialına ciddi töhfə verəcək. Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycan cəmiyyətinin dünyəvi xarakterini gücləndirəcək. Bu, bizim dövlət siyasətimizin önəmli tərkib hissəsidir. Bu dövlət siyasəti Azərbaycan əhalisi tərəfindən geniş şəkildə dəstəklənir. Dünyəvilik bizim dövlətçiliyimizin fundamental sütunlarından biridir və Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycanın gələcək dünyəvi inkişafına müsbət təsir göstərəcək.

Çin ilə münasibətlər strateji əhəmiyyətə malikdir. Bu münasibətlər çox uğurla inkişaf edir. Prezident Si Cinpi Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır. Xəzər dənizi, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Çindən karqo qəbul etməyə başlamağa hazırıq. Dəniz ticarətimizin həcmini qısa müddət ərzində 25 milyon tona qədər artıra bilərik. Lakin biz əməkdaşlığımızı yalnız tranzit və daşımalar sahəsində görmürük, daha geniş şəkildə, çox yaxşı siyasi əməkdaşlığa malik olaraq biz Çin şirkətlərini burada investorlar kimi görmək istərdik.
Bu gün Azərbaycan qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya ixrac olunur. Keçən il İtaliya Türkiyə ilə birlikdə Azərbaycan qazını ən böyük həcmdə alan ölkə olub. Bu, 9 milyard kubmetrdən artıq idi. Artıq Abşeron yatağında 1.5 milyard kubmetr əlavə qaz var. Cənub Qaz Dəhlizi qaz kəmərləri sisteminə inteqrasiya olunub.
Azərbaycan və Fransa arasında da güclü mədəni münasibətlər mövcuddur. Mədəniyyət, təhsil sahələrində böyük irəliləyişə nail olunub. Bir sıra önəmli tədbirlər, Azərbaycan mədəniyyətinin Fransanın fərqli şəhərlərində çoxsaylı təqdimatları, günləri olmuşdur. Fransa və Azərbaycanın təxminən ondan çox qardaşlaşmış şəhəri var. Həmçinin Bakıda Fransız liseyinin yaradılması da Azərbaycanın təşəbbüsü ilə reallaşıb.
Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması bizim strateji maraqlarımıza əsaslanır, çünki Rusiya bizim qonşumuzdur. Bu ölkə İkinci Qarabağ müharibəsinin sona çatdırılmasında fəal iştirak edib və onların sülhməramlı qüvvələri müvəqqəti olaraq Azərbaycanda, Qarabağdadır. Rusiya ilə üzərində uzun illər ərzində çalışdığımız çoxsaylı məsələlər var – iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə.

Rusiya ilə çoxşaxəli ticarət əlaqələri mövcuddur. Aprelin 26-sında Bakıda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası olub və gələcək planlarımıza dair çoxşaxəli məsələlər müzakirə edilib. Ticarət dövriyyəsi artır. Bizim fermerlər üçün Rusiya bazarı böyük bazardır. Rusiya istehsalçıları üçün də Azərbaycan bazarı olduqca önəmlidir.
Bu çıxışdan bir daha aydın oldu ki, bu gün Azərbaycanın öz milli maraqlarını uğurla müdafiə edən, xalqı ilə təmasda olan, xalqın bu gününü və gələcəyini düzgün müəyyənləşdirməyi bilən lideri var. Azərbaycan Cənubi Qafqazın siyasi və iqtisadi mərkəzidir, regionun lider dövlətidir. Onun iştirakı olmadan burada nə inkişaf, nə də əməkdaşlıq mümkündür.

Elşad Eyvazov, Əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər