Azərbaycan–Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur

132

Azərbaycan və Türkmənistan arasında münasibətlər ortaq tarixi köklər, dil və mədəniyyət yaxınlığı, eləcə də qarşılıqlı hörmət prinsipləri üzərində formalaşıb. Son illərdə iki ölkə arasında siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşməsi bu münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iyunun 22-də Azərbaycana rəsmi səfəri də məhz bu əməkdaşlığın növbəti mühüm mərhələsi kimi qiymətləndirilə bilər.
Səfər zamanı Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatlar iki qardaş ölkə arasında əlaqələrin yalnız mövcud vəziyyətini deyil, həm də gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Türkmənistanın Qarabağın bərpası prosesinə göstərdiyi dəstəyə verilən yüksək qiymət oldu. Füzuli şəhərində məscid tikintisi təşəbbüsünün Türkmənistanın Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülməsi və artıq layihənin icrasına başlanılması qardaş ölkənin Azərbaycanın ərazi bütövlüyünə və bərpa prosesinə verdiyi dəstəyin konkret təzahürüdür.
Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Azərbaycan-Türkmənistan münasibətlərinin əsasında möhkəm tarixi, mədəni və mənəvi bağlar dayanır. Son illər qarşılıqlı mədəniyyət günlərinin təşkili, yaradıcı kollektivlərin səfərləri və şəhərlər arasında qardaşlaşma münasibətlərinin qurulması xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Bakı ilə Aşqabadın, Füzuli ilə Arkadağın qardaş şəhərlər elan olunması əməkdaşlığın təkcə dövlətlərarası deyil, həm də ictimai və humanitar müstəvidə inkişaf etdiyini göstərir.
Səfərin mühüm nəticələrindən biri regional əməkdaşlıq məsələlərinin geniş müzakirə olunması oldu. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində Türkmənistanın fəal dəstəyi xüsusi vurğulandı. Bu fakt Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin yeni mərhələyə keçdiyini göstərir. Coğrafi baxımdan regionun bir hissəsi olmasa da, Azərbaycanın tarixi, mədəni və iqtisadi əlaqələri onu Mərkəzi Asiya məkanının mühüm tərəfdaşlarından birinə çevirir.
Prezident İlham Əliyevin çıxışında nəqliyyat-logistika sahəsində əməkdaşlığa xüsusi yer ayrıldı. Son illər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətinin artması Azərbaycan və Türkmənistanın bu sahədə koordinasiyasını daha da vacib edib. Dövlət başçısının qeyd etdiyi kimi, müasir dövrdə etibarlı və təhlükəsiz nəqliyyat marşrutları qlobal iqtisadiyyatın əsas tələblərindən biridir. Azərbaycan və Türkmənistanın birgə fəaliyyəti nəticəsində Xəzər dənizi üzərindən yükdaşımaların həcmi artır, regionun tranzit imkanları genişlənir və yeni bazarlara çıxış imkanları yaranır.
Enerji sahəsi də ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Hər iki ölkə zəngin enerji ehtiyatlarına malikdir və beynəlxalq enerji bazarında mühüm rol oynayır. Bu baxımdan enerji resurslarının nəqli, yeni ixrac marşrutlarının formalaşdırılması və regional enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində birgə fəaliyyət perspektivləri olduqca genişdir. Tərəflərin bu sahədə əməkdaşlığı həm regionun iqtisadi inkişafına, həm də Avrasiya məkanında enerji təhlükəsizliyinə töhfə verir.
Səfər çərçivəsində iki ölkə arasında bir sıra mühüm sənədlərin imzalanması da əməkdaşlığın hüquqi bazasının daha da möhkəmləndirilməsinə xidmət edir. İmzalanan sənədlər ticarət, nəqliyyat, iqtisadiyyat, humanitar və digər sahələrdə münasibətlərin inkişafı üçün yeni imkanlar yaradır. Bu sənədlər yalnız mövcud əlaqələrin dərinləşməsinə deyil, həm də gələcək birgə layihələrin həyata keçirilməsinə zəmin formalaşdırır.
Bütün bunlar göstərir ki, Azərbaycan və Türkmənistan münasibətləri sadəcə dostluq və qardaşlıq əlaqələri ilə məhdudlaşmır. Bu münasibətlər artıq regional təhlükəsizlik, enerji əməkdaşlığı, nəqliyyat-logistika layihələri və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək üzərində qurulan strateji tərəfdaşlıq xarakteri daşıyır. Prezident Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri və səfər zamanı səsləndirilən mesajlar iki qardaş ölkənin qarşıdakı illərdə əməkdaşlığı daha da genişləndirmək və yeni ortaq uğurlara imza atmaq niyyətində olduğunu bir daha nümayiş etdirdi.

Aygün Zülfüqarlı, Tərəqqi medallı jurnalist

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər