Azərbaycan və Türkiyə əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə qərarlıdır

680

Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bütün sahələrdə özünü nümayiş etdirir. Bu birliyin gücü və əhəmiyyəti getdikcə artır. Bu gün ölkələrimiz arasında müttəfiqlik münasibətlərindən irəli gələn məqamlar hər iki dövlətin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə, nüfuzunun yüksəlməsinə xidmət edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 12-də Azərbaycana səfəri bu birliyin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycan və Türkiyə prezidentləri görüşlərdən sonra bəyanatla çıxış edərək, son prezident seçkilərindən sonra qardaş ölkədə yeni imkanların açıldığını vurğulayıblar.

44 günlük Vətən müharibəsindən sonra dünya Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsinin şahidi oldu. Dövlət başçısı İlham Əliyev  bütün çıxışlarında xüsusi olaraq qeyd edir ki, qardaş Türkiyə Vətən Müharibəsinin əvvəlindən sonuna kimi ölkəmizə mənəvi-siyasi dəstəyini əsirgəməyib. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatlarında bu məqamlara xüsusi diqqət yetirərək, qazanılan bütün uğurların əsasında Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin dayandığını bildirib.

Şuşa Bəyannaməsinin imzalanmasına diqqət çəkən Prezident İlham Əliyev vurğuladı ki,  bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur.

Dövlətimizin başçısı qeyd etdi ki, əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.

Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək. Müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir. Cari il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir.

İki qardaş ölkə prezidentinin bəyanatında iqtisadi münasibətlərin inkişafına da xüsusi diqqət yetirildi. Vurğulandı ki, ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaq. Birgə həyata keçirəcəyimiz layihələr bunu təmin edəcək, xüsusilə enerji sahəsində. zərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq.

Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur.

Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Ona görə Azərbaycanda nəqliyyat və logistika imkanları genişlənir. Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər genişlənir. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir.

Azərbaycan və Türkiyə üçün mühüm məsələlərdən biri də Zəngəzur dəhlizinin reallaşmasıdır. Birgə bəyanatda dövlət başçıları bildirdi ki,  Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Türkiyə bu beynəlxalq layihəni həm siyasi, həm də sərmayə cəhətdən dəstəkləməyə hazırdır. Bu nəqliyyat marşrutunun reallaşması regionun bütün dövlətləri üçün faydalıdır və bu, Avropa tərəfindən dəstəklənir. Bu istiqamətdə birgə səylərin sayı artıracaqdır. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.

Hazırda əsas hədəflər sırasında Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması məsələsi xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyev ümidvar olduğunu bildirdi ki, yaxın gələcəkdə, aylarda bu məsələ də öz həllini tapacaq. Qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcək.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki,  Türkiyə və Azərbaycan iki qardaş ölkədir. “Bir millət, iki dövlət” düşüncəsi ilə bu günə qədər addımladıq. İndiyə qədər addımladığımız bu yolda bundan sonra da qərarlı şəkildə yolumuza davam edəcəyik.

Türkiyə ilə Azərbaycanın birliyi, dostluğu, qardaşlığı səmimiyyətə, insanların rifahının yaxşılaşdırılmasına əsaslanır. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq və qardaşlıq münasibətləri ölkələrimizlə yanaşı, bütün türkdilli dövlətlərin də birləşməsinə, iqtisadi əlaqələrin ən yüksək səviyyəyə çatmasına böyük təkan verir. Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra ilk səfərini Azərbaycana etməsi ölkələrimiz arasında münasibətlərin dərinliyindən, bizi bir-birimizə bağlayan qardaşlıq əlaqələrinin möhkəmliyindən xəbər verir.

Maqsudəli Maqsudov, Əməkdar mühəndis, Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər